Ana səhifə Toplum |
Axar.az APA TV-yə istinadla tarix elmləri üzrə fəlsəfə doktoru Kərəm Məmmədlinin Çaldıran döyüşü ilə bağlı 11 mif barədə məlumatını təqdim edir:
1-ci mif. Çaldıran döyüşü son dərəcə əhəmiyyətli döyüş
olub.
Çaldıran döyüşünün tarixi əhəmiyyətinin şişirdilməsinin müxtəlif
səbəbləri var. Orta əsrlərə dair mənbələrdə isə bunun tamamilə
əksini görürük. O mənbələrdə Çaldıran döyüşünə dair məlumatlarda bu
döyüşün elə bil əhəmiyyəti olduğu nəzərə çarpmır. Məsələn, İsgəndər
bəy Münşi ət-Türkmaninin "Tarixe-aləmarayi Abbasi" əsərində bu
döyüş barədə cəmi bir epizod keçir. Orada qeyd olunur ki, Çaldıran
döyüşündə qızılbaşlar müvəqqəti məğlubiyyətə uğrayaraq geriyə
çəkildilər. Təhmasib Şah isə öz "Təzkirə"sində yazır ki, "Sultan
Süleyman məni döyüşə təhrik edərkən mən həmişə o vaxt atamın
yanında olan Durmuş xana lənət oxuyurdum. Çünki Durmuş xan atamı
azsaylı ordu ilə döyüşə girməyə təhrik etmişdi". Hətta Şah İsmayıl
özünün də Sultan Səlimə məktubunda deyir ki, "qoşunum az olduğundan
mən müvəqqəti geri çəkildim". Heç məğlub oldum da demir, deyir ki,
geri çəkildim. Çaldıran döyüşünün bu qədər şişirdilməsinə,
tarixşünaslıqda bu döyüşə əhəmiyyət verilməsinə daha çox ötən sərin
20-30-cu illərdən başlanılıb. O vaxt artıq Azərbaycan
tarixşünaslığında Sovet-Rusiya metodologiyası oturmağa
başlamışdı.
Sual olunur: Döyüşün nə vaxt əhəmiyyəti olur? Döyüşün o vaxt
əhəmiyyəti olur ki, həmin döyüşdən sonra ya həmin dövlət süqut
edir, ya ərazi baxımından böyük bir ərazi itirir, və yaxud sülalə
dəyişir. Biz Çaldıran döyüşündə bunun heç birini görmürük. Döyüşdən
sonra Səfəvi hökmdarı yenə Şah İsmayıl idi, Azərbaycan
torpaqlarının bütövlüyü qorunub saxlanmışdı. Osmanlı 1555-ci ilə
kimi Səvəfilərdən ərazi ala bilməyib.
Çaldıran döyüşü ilə Osmanlının Misir Məmlük sultanlığının apardığı
döyüşləri müqayisə də etmək olmaz. Mifləri dağıdacaq başqa bir
fakt. Çaldıran döyüşündən sonra Səfəvi ordusu bir neçə dəfə Osmanlı
üzərində qələbə qazanıb. Digər tərəfdən, Çaldıran döyüşündə
üst-üstə 150 min nəfərlik qoşun hissələrinin iştirak etdiyi iddia
olunur. Elə orduların sayı baxımından belə hər iki tərəfdən
ordusunun sayı 1 milyona çatan Ankara döyüşü ilə müqayisə etsək,
Çaldıran döyüşü onun yanında heç nədir. Bu döyüşün bu qədər
şişirdilməsində İran tarixşünaslığının da "xidmətləri" böyükdür.
Məsələn, qəribə bir məqam var - İran tarixşünaslığı qeyd edir ki,
Çaldıran döyüşü İran dövlətçiliyinin bünövrəsinin qoyulduğu gündür.
Bu döyüşün İrana nə dəxli var? Bu, iki türk sülaləsi arasında gedən
sıradan bir savaş idi. Malatya döyüşü, Otluqbeli döyüşü kimi
sıradan döyüşlərdən biri idi. Çaldıran döyüşü Səvəfilərin
məğlubiyyəti deyil, bu döyüşdən sonra qızılbaşlar müvəqqəti olaraq
geri çəkiliblər. Məğlubiyyət olsaydı, Səfəvilər dövləti süqut
edərdi. Ən azından hakimiyyət dəyişikliyi baş verərdi. Bu müvəqqəti
məğlubiyyət olmasaydı, Sultan Səlim elə Təbrizdə qalardı,
möhkəmlənərdi. Sultan Səlim Təbrizdə neçə gün qala bilib?
2-ci mif. Çaldıran döyüşündə məğlubiyyətdən sonra Şah İsmayıl
Səfəvi doğrudan əlinə qılınc almayıb, at minməyib?
Tarix romantikanı sevir. Niyə? Çünki tarix özü bir romantikadır.
Ancaq romantika tarixi üstələyəndə o artıq özünün faktoloji
materialını itirməyə başlayır. Bəli, iddialar var ki, Çaldıran
məğlubiyyətindən sonra Şah İsmayıl bir daha əlinə qılınc almayıb.
Kökündən yanlış iddiadır. Şah İsmayıl necə bir daha əlinə qılınc
almadı ki, 1514-cü il Çaldıran döyüşündən sonra 1518-20-ci illərdə
indiki Gürcüstanın şərq hissəsinə yürüş edib? Əlinə qılınc
almamışdısa, Gürcüstanın şərqini necə ələ keçirmişdi?
Çaldıran döyüşünə başqa bir yanlışlıq Səfəvilərin odlu silahının
olmaması iddiasıdır. Səvəfilərin odlu silahları olub. Hətta
muşketyor birləşmələri olub. Sadəcə, Şah İsmayıl bu döyüşə
hazırlıqsız getmişdi. Özü məktubunda etiraf edir ki, "ordumun əsas
hissəsi Sultaniyyədə ola-ola, mən bura kiçik bir dəstə ilə
gəlmişdim". Şah İsmayıl bunu özü etiraf edir və sanki özü müvəqqəti
məğlubiyyətini əsaslandırır. Niyə? Çünki qızılbaş ordusunun
əksəriyyəti o zaman Sultaniyyədə idi. Topxana da orada idi,
qəcərçilər də orada idi. O zaman ordunun ön hissəsində gedən
kəşfiyyat qruplarına, yəni avanqard birləşmələrə qəcərçilər
deyirdilər. Şah İsmayıl Çaldıran döyüşündən əvvəl qəcərçi belə
göndərməmişdi. Hətta döyüşdən əvvəl ona təklif olunanda ki, Osmanlı
ordusu hücum edəcəyi nöqtəyə dar bir cığırla gələcək, hücum edib,
qoşunu pərən-pərən salmaq olar, demişdi ki, "mən karvanbasan quldur
deyiləm ki, şəbxun eləyəm". Şəbxun - o zaman gecə hücumuna
deyirdilər. Yəni, Şah İsmayıl özü bu döyüşə ciddi hazırlaşmamışdı.
Həm də döyüşdə məğlub olmaq, müharibədə məğlub olmaq deyil ki! Onda
belə çıxır ki, Moskva döyüşünə qədər SSRİ-nin Avropa hissəsi demək
olar ki, işğal olunmuşdu, onda biz deyə bilərik ki, SSRİ məğlub
oldu?
3-cü mif. Çaldıran döyüşü Türkiyə-Azərbaycan savaşı
idi.
İstər müasir dövr Türkiyə tarixçisi olsun, istər o dövrün Osmanlı
tarixçisi olsun, onlar Çaldıran döyüşünə bu qədər əhəmiyyət
vermirlər. Bu, məhz Sovet hakimiyyəti illərində rus-sovet
tarixşünaslığında formalaşdırılan bir fikir idi. Məqsəd də aydın
idi - Türkiyə ilə Azərbaycan arasında nifaq toxumu səpmək. Hətta
günümüzdə elə insanlar var ki, bunu az qala Azərbaycan -Türkiyə
savaşı kimi təqdim etməyə çalışırlar. Həqiqətən, gülüncdür. Niyə?
Çünki bu gün faktiki olaraq, Türkiyədə yaşayan qızılbaşların sayı
heç də Azərbaycanda yaşayan qızılbaşların sayından az deyil. Belə
çıxır ki, bədən öz sağ əli ilə müharibə aparırdı? Əvvəllər
yazırdılar ki, hətta Çaldıran döyüşü Səfəvilər dövlətinin süqutunu
sürətləndirdi. Gülünc iddiadır. 1501-ci ildə yaranmış dövlət 13 il
sonra bir döyüşdə uduzur. Səvəfilərin süqutu sürətlənmişdisə, onda
niyə 1736-cı ilə qədər mövcud oldu? Digər tərəfdən, Osmanlı ilə
Səvəfilər arasında Çaldıran döyüşü haqqında danışılırsa, onda
Niyazabad döyüşü haqqında, Molla Həsənli döyüşü haqqında da daha
geniş danışmaq lazımdır. Səfəvilər üçün Çaldıran döyüşündən qat-qat
uğurlu sayılan Əhlat döyüşü haqqında niyə yazılmır? Çaldıranda hər
iki tərəfdən 150 minlik ordu üz-üzə idisə, Əhlat döyüşündə 320
minlik ordu döyüşürdü. Niyə oradakı qələbəmizdən yox, Çaldırandakı
müvəqqəti məğlubiyyətimizdən danışırıq?
4-cü mif. Şah İsmayıl Xətainin xanımı Taclıbəyim əsir
götürülüb?
Birincisi, Taclı Bəyimin əsir düşmə məsələsi tarixdə hələ öz
təsdiqini tapmayıb. Bu ancaq Osmanlı tarixçilərinin iddialarıdır.
Bizim tarixşünaslığımızda o fakt yoxdur. Dövrün mən inandığım
tarixçiləri, o dövrlə bağlı yazan İsgəndər bəy Münşi, ispan dilində
yazmış Oruc bəy Bayatdır... onların kitablarıdır. O kitablarda
Taclı Bəyimin əsir düşmə məsələsi yoxdur. Bu, sonradan uydurulmuş
bir şeydir.
5-ci mif. Şah İsmayıl Çaldıran döyüşündə bütün tanınmış
sərkərdələrini itirib.
Ordunun öz sərkərdəsini itirməsi böyük bir şey deyil. Komandan
döyüşdə öldürülə bilər. Fransız imperatoru 1870-ci ildə əsir düşüb,
amma bu fakt Fransa tarixinə ləkə gətirməyib, Çaldıran döyüşündə
iki qızılbaş sərkərdəsinin öldürülməsi çoxmu böyük qəbahətdir? Roma
imperatoru Valerian Sasani şahı Şapura əsir düşmüşdü. Niyə Avropa
bunu danışmır, cəmi 150 minlik ordunun üz-üzə gəldiyi döyüşü bu
qədər şişirdib bizi düşmən edir? Malazgirt döyüşündə Bizans
imperatoru Roman IV Diogen Alparslana əsir düşdü. Avropa
tarixşünaslığı bu faktın üstündən sükutla keçir. Amma biz Çaldıran
döyüşünü az qala böyük bir faciə, qardaş qırğını kimi qələmə
veririk. Dövlətlər arasında müharibə ola bilər. Hətta bəzən bir
sülalədə hökmranlıq uğrunda mübarizə aparan iki qardaş arasında da
toqquşma olur. Osmanlıda baş verən Cem üsyanında yeniçərilər
bir-birini qırdı. Bunu bu qədər şişirtməyə, faciəyə çevirməyə
ehtiyac varmı?
6-cı mif. Sultan Səlim Anadoluda qızılbaşları, Şah İsmayıl
isə Azərbaycan ərazisində sünniləri kütləvi şəkildə
qırıb.
Bəzən tarixşünaslıqda belə bir fikrə rast gəlirik ki, guya Sultan
Səlim Anadoluda qızılbaşların kütləvi qırğınını təşkil edib. Bəli,
belə bir hadisə həqiqətən olub. Yəni, qızılbaşların böyük bir qismi
həqiqətən də Osmanlı tərəfindən qətlə yetirilib. Ancaq sayı bu
qədər şişirtmək lazım deyil. Hətta bəzən yazırlar ki, Sultan Səlim
bütün Şərqi Anadolunu qızılbaşlardan təmizlədi. Əgər bütün Şərqi
Anadolunu qızılbaşlardan təmizləmişdilərsə, bu gün Anadolunun
şərqində yaşayan qızılbaşlar kimlərdir? Ələvilər dediyimiz o
insanlar haradan peyda oldular? Tarixi bu qədər saxtalaşdırmaq
olmaz. Və yaxud Şah İsmayılın sünni əhalisinə qarşı hansısa kütləvi
qırğın təşkil etməsi haqqında faktlar yoxdur. Əksinə, İsmayıl
Anadolundan gələn bəzi radikal qızılbaş cərəyanının nümayəndələrini
allahsızlıqda ittiham edərək edam etdirdi. Adətən Çaldıran savaşına
sünni-şiə savaşı donu geyindirməyə çalışırlar. Kökündən yalandır.
Tutaq ki, Şah İsmayıl şiə olduğuna görə Sultan Səlim onun üstünə
hücum etmişdi. Bəs Misir Məmlük sultanlığının məzhəbi nə idi?
Adamlar sünni idilər, Xilafətin müqəddəs əmanətləri Qahirədə, Misir
Məmlük sultanlığında saxlanılırdı. Üstəlik, Misir Məmlük
sultanlığının çox orijinal bir adı var – Dövlət ət-Türkiyə, yəni
Türkiyə dövləti. Osmanlı tarixdə ilk dəfə Türkiyə adlanan bu
dövlətlə müharibə etmişdi. İndi Türkiyə kimin varisidir - Misir
Məmlük sultanlığının, yoxsa Osmanlının? Osmanlı Türkiyə adı daşıyan
bu dövləti, əhalisi, məzhəbi sünni olan bu dövləti darmadağın
etmişdi. Yəni, sünni dövlət sünni dövləti məhv etmişdi. Buna görə
də Osmanlı Səfəvi müharibələrini məzhəb müharibəsi kimi qələmə
vermək yanlışdır.
7-ci mif. Çaldıran döyüşündə hər iki tərəfdən ümumilikdə
150 min nəfərlik qoşun iştirak edib.
Bəzən Çaldıran döyüşündə iştirak edən qoşunların sayı şişirdilir.
İndiyə qədər mənim oxuduğum mənbələrlə həmin döyüşlərin getdiyi
mənzərələri tutuşdurmuşam. Çaldıran obasını gözümlə görmüşəm. Ora
150 minlik qoşunun yerləşməsi mümkün deyil. Üstəlik, bu döyüşdə
toplardan istifadə olunub. Elə odlu silah faktoru qoşunların
sayının şişirdildiyini göstərir. 150 minlik qoşunun orada meydan
savaşı aparması mümkün deyil. Üstəlik, bura topları da əlavə
eləsək, rəqəm heç ağlabatan deyil. Orada maksimum hər iki tərəfdən
üst-üstə 60-70 min nəfərlik qoşun iştirak edə bilər.
8-ci mif. Çaldıran döyüşündə Səfəvilər odlu silahları
olmadıqlarına görə məğlub olublar
Türk ömrü boyu qalxan gəzdirməyib. Çünki qalxan müdafiə xarakteri
daşıyan bir silahdır. Türk ancaq hücum edib. Ona görə də türk üçün
həqiqətən də uzaq məsafədən, güc sərf etmədən düşməni öldürmək
kişilik əlaməti sayılmırdı. Amma demək ki, Səfəvillərin topxanası,
silahı yox idi, bu, kökündən yanlışdır. Çünki Azərbaycan ordusunun
ilk dəfə kütləvi şəkildə toplarla təchizinə Həsən padşah Bayandurun
dövründə cəhd edilib. Sultan Yaqub dövründə Azərbaycan ordusunda,
yəni o zaman Ağqoyunlu ordusunda top da, topxana da vardı. Hətta
özləri top düzəldirdilər. Səfəvilərin də topları vardı, hətta
Səfəvi toplarının özünəməxsus adları da olub - "Balyeməz" və
"Zəmburək". Zəmburək kiçik çaplı top idi, balyeməzlər isə haubitsa,
yəni uzaqvuran mühasirə topları idi.
9-cu mif. Şah İsmayılı Osmanlı ilə müharibəyə Avropa
dövlətləri təhrik ediblər
Deyirlər ki, Şah İsmayıl Bizans imperatorları ilə yazışırdı. Və
onlar İsmayılı təhrik elədilər ki, Osmanlı ilə müharibə eləsin.
Axı, 1453-cü ildən sonra Bizans imperatorluğu yox idi. Bizans
olmadığı bir halda, Şah İsmayıl o məktubu görəsən kimə yazırmış?
Əksinə, Sultan Səlim bütün Avropa dövlətləri ilə müharibəni
tələm-tələsik dayandırıb; Venesiya ilə, Genuya ilə, Avstriya ilə
apardığı müharibələri dayandırır, güzəştli şərtlərlə sülh
müqaviləsi imzalayır və bütün gücünü Şərqə yönəldir. Sultan Səlimin
Şərqə yürüşü deyəndə, söhbət təkcə, Səfəvilər dövlətindən getmirdi.
Təəssüf ki, bunu da biz yanlış izah edirik. Səlimin məqsədi əslində
Şərqi tutmaq idi. Adam Şərqə doğru hücum siyasəti yeridirdi.
Səlimin vaxtında Avropa ölkələri ilə Osmanlı müharibə aparmayıb.
Əksinə, Səlimin apardığı siyasət islam dünyasını parçalayırdı.
Tutaq ki, İsmayıl, onların təbirincə desək, şiə idi. Bəs Misir
Məmlük sultanlığının günahı nə idi? Onlar ki sünni idilər. Niyə
demirik ki, əksinə, Avropa dövlətləri Sultan Səlimi qızışdırıb
islam dünyasının üstünə saldılar? Deyirik ki, Şah İsmayıl Xətai
Avropaya aldandı, onunla müharibə apardı. Niyə biz tərsini demirik?
Niyə biz Sultan Səlimi ittiham etmirik ki, Avropa dövlətləri ilə
sülh bağladı, öz dindaşları ilə döyüşdü, öz soydaşları ilə döyüşdü?
Tutaq ki, səfəvi ilə dindaş deyildi, amma ən azından axı soydaş
idilər.
Osmanlı ordusunun Çaldıran döyüşündən sonra Təbrizdə qala
bilməməsinin sirri indi açılır. Osmanlılar Təbrizdə cəmi bir həftə
qala bildi. Bunun iki səbəbi vardı: birincisi, Təbriz əhalisi
müqavimət göstərirdi, ikincisi, Sultan Səlim Osmanlı ordusunda
bəktaşilərin qiyamından qorxmuşdu. Ona görə tələm-tələsik Təbrizdən
qaçdı. Nədənsə həm bizim tarixçilərimiz, həm türk həmkarlarımız bu
barədə susurlar. Bəktaşilər inanc baxımından kim idilər? Qızılbaş.
"Möhtəşəm yüzil" filmində gələcək sultan olacaq Mustafa and içir,
anda diqqətlə qulaq assanız, görəcəksiniz ki, təmiz qızılbaş
andıdır. "Allah, Allah. Həzrəti Əli adına, Zülfüqar adına...".
Filmin özü bilmədən qızılbaş andını orada səsləndirir. Osmanlı
ordusunun nüvəsini təmiz türklər - Bəktaşi ocaqları təşkil edirdi,
bir də yeniçərilər vardı. Faktiki olaraq türkün qanını tökən bu
yeniçərilər idi. Nə yaxşı ki, o filmi çəkiblər. Orada yeniçəridən
törəmə obrazlar çox gözəl görünür - xorvat Rüstəm paşa, yunan
İbrahim paşa. Səfəvilərin üstünə necə böyük həvəslə yürüşə
gedirdilər? "Fateh" filmində necə böyük həvəslə Qaramanlını
yandırıb, kül edirlər?! Halbuki, Qaramanlı daha təmiz türk idi. Və
həmin filmin ortasında Qələndərlər üsyanı var idi, hansı ki,
qələndərlər təmiz sufi dərvişlər, sufi türklərdir, onların qırğını
ilə məşğul idilər. Bununla onlar türkün qisasını alırdılar. İslam
onlar üçün sadəcə pərdə idi.
10-cu mif. Çaldıran döyüşündən sonra Şah İsmayıl heç bir
zəfər qazanmayıb
Çaldıran döyüşündən sonra Şah İsmayıl Sultaniyyə istiqamətinə
çəkilir. Sultaniyyədə İsmayılın ehtiyat ordusu vardı. Sultan
Səlimin Təbrizi tələm-tələsik tərk etməsinin bir səbəbi də bu idi,
Şah İsmayıl daha böyük qüvvə ilə gəlib onu mühasirəyə sala bilərdi.
Ona görə Sultan Səlim geri çəkildi. Geri çəkiləndə Qarahisar
istiqamətində də, Qoçhisar istiqamətində də qızılbaşlarla döyüş
olur. Ondan sonra Sultan Səlim çəkildi, Misir istiqamətində yürüşə
başladı. Və İsmayıl Təbrizə qayıtdı, Təbrizdə yenə eyni təntənə ilə
qarşılandı. Bundan sonra Şah İsmayıl ona xəyanət etmiş keçmiş
müttəfiqlərini cəzalandırır. Şirvan, Şəki hakimliyi və Kaxetiya,
Kartli hakimliyi üzərinə yeriyir. Və onları özünə tabe etdirir. Şah
İsmayılın bu yürüşləri 1518-24-cü illəri əhatə edir. Gürcü
xronikasında qeyd olunur ki, İsmayıl Tiflisə daxil olandan sonra
insanların kilsələrdə ikonalara dua etdiyini gördü. Şah İsmayıl da
əhli-kitab adamı idi, şəklə sitayişi bütpərəstlik hesab edirdi. Ona
görə də oradakı ikonaların çoxunu Kür çayına tullamışdı ki, siz
bütpərəstliklə məşğul olursunuz. Siz kitab əhlisiniz, tək Allaha
inanmalısınız, ikonalara yox.
11-ci mif. Şah İsmayıl eyş-işrətə qurşanıb, sarayda vəfat
edib
Şah İsmayılın ölümünə gəlincə, bəzi mənbələr deyir ki, Şəkidə ov
zamanı tərləmişdi, sətəlcəm olmuşdu. Gürcü mənbələrində isə qeyd
olunur ki, Yağlıca düzündə ov etdikdən sonra geri çəkilir və vəfat
edyir. Yəni, İsmayıl eyş-işrət zamanı, yeyib-içmək zamanı deyil, at
belində ölmüşdü. At belində hökmranlıq edən adam elə at belində də
öldü. Onu hansısa fəaliyyətsizlikdə suçlamaq düzgün deyil.
Sonluq
Çaldıran döyüşünün mahiyyətinin şişirdilməsi - Azərbaycanla Türkiyə
arasında məqsədyönlü şəkildə soyuqluq yaratmağa xidmət edir və
ideoloji rupordur. Bu ruporu susdurmaq lazımdır. Qardaşlar arasında
inciklik də olur, savaş da olur. Sonunda qardaş qardaşdır. Və sonda
tamaşaçılara nənələrin, babaların yaddaşından əsrlər boyu süzülüb
gəlmiş bir ifadəni demək istəyirəm:
Can versən, qardaşa ver,
Min il keçsə, yad olmaz.
Tarix
2016.03.02 / 14:27
|
Müəllif
Axar.az
|