Zal Yusifovun əməlləri ilə bağlı Ali Məhkəmənin və digər
məhkəmələrin müvafiq hökm, qərar və qətnamələri mövcuddur. Bu
məsələyə dövlət adından hüquqi qiymət verilib. Bu cinayətlə bağlı
məhkəmə istintaqı aparılıb, hökm və qərarlar qüvvəyə minib. Zal
Yusifov cinayətkardır, onun aldığı pulların "Texnikabank"a heç bir
aidiyyəti yoxdur".
Bu sözləri Teleqraf.com-a Texnikabank Müşahidə Şurasının sabiq,
"Bank Technique" Müşahidə Şurasının hazırkı sədri Etibar Əliyev
deyib.
Etibar Əliyev Texnikabank ASC-nin Bakı filialının sabiq müdiri
Zal Yusifovun işi ilə bağlı yaranan mübahisəli məsələlərə də
aydınlıq gətirib: "Zal Yusifov insanların pulunu necə mənimsəyibsə,
həmin vəsaiti də özü geri qaytarmalıdır. İndi bu adam istəyir ki,
öz cinayət əməllərinə "Texnikabank"ı da şərik etsin. Onun
mənimsədiyi pulların banka heç bir aidiyyəti yoxdur.
Kim ki "Texnikabank"a pul verib, onların hamısı qaytarılıb.
Kimin qanunla bankda pulu vardısa, hamısı verilib. Biz vaxtilə onun
barəsində Milli Təhlükəsizlik Nazirliyinə şikayət etmişdik. Bizim
şikayətdən sonra onu həbsə aldılar. Zal Yusifov insanlardan aldığı
pulları banka yatırmadan öz dost-tanışlarına paylayırmış.
Həmin insanların tələbi ilə də bankın adından onlara əmanət
kitabçaları təqdim edilib. Yəni, bankın kassasına heç bir pul
yatırılmayıb. Zal Yusifov insanlardan pulu kənarda alıb, onlara
saxta sənəd verib. İnsanları bu yolla aldadıblar. İndiyədək bu işə
dəfələrlə baxılıb.
Zal Yusifovun restoranı vardı, onun da sənədləri düzgün deyil.
Oğlu da özü kimidir... İndi də başlayıb şər atmağa ki, guya Zal
Yusifova vaxtilə zor tətbiq olunub, o da istintaqda məcbur qalıb,
sənədləri imzalayıb və sairə. O, "Texnikabank"a da çox şər atıb,
iftira yaxıb. Təsəvvür edin ki, Zal Yusifov Eldar Mahmudovun nazir
olan vaxtında günahsız insanları şərləyərək zərər vururdu. Biz
2008-ci ildə MTN-ə müraciət etmişdik. Zal Yusifov həbsdə də şər
əməllərindən qalmır".
Qeyd edək ki, "Texnikabank"ın mülkiyyətçiləri və adı dəyişərək
"Bank Technique" olub.
Bu günlərdə Ali Məhkəmənin qərarı ilə Texnikabank ASC-nin Bakı
filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun kasasiya
şikayəti təmin edilib və o, azadlığa buraxılıb. Onun azadlığa
buraxılması 81 nəfər zərərçəkmişin hüquqlarının pozulması ilə
müşayiət olunub.
81 nəfərin 38 milyon manatdan çox pulunu mənimsəyən Zal Yusifov
cinayət əməlinə öz oğlunu da cəlb edib. Buna görə də Ağır
Cinayətlər Məhkəməsinin hökmü ilə ata 15, oğul isə 8 il müddətinə
azadlıqdan məhrum ediliblər.
Məhkəmənin qərarına görə, Zal Yusifovun cinayət yolu ilə əldə
etdiyi pullar hesabına tikilmiş mülkləri satılmalı, əldə olunan
vəsait hesabına zərərçəkmişlərə dəyən ziyan ödənməlidir. Bununla
bağlı Bakı Apelyasiya Məhkəməsi qərar çıxarıb.
81 nəfərə dəyən ziyan ödənmədən bankrin oğlunun azadlığa
buraxılması narazılıqla qarşılanıb.