Azərbaycan Respublikası Prezidenti Administrasiyası
İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Trend
İnformasiya Agentliyinə müsahibəsi
- Əli müəllim, Prezident İlham Əliyev regionların
sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr
olunmuş konfransda korrupsiyaya qarşı mübarizəyə dair səsləndirdiyi
fikirlər ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Sizcə, ölkə
başçısının qeyd etdiyi kimi, Azərbaycanın korrupsiya ilə mübarizə
sahəsində nümunəvi ölkəyə çevrilməsi üçün daha hansı zəruri
addımlar atılmalıdır?
- Azərbaycanda korrupsiyaya qarşı mübarizə mexanizminin
formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata
keçirilmişdir. "Korrupsiyaya qarşı mübarizə haqqında Qanunu"nun
qəbul edilməsi, müvafiq dövlət proqramının, milli fəaliyyət
planının və digər hüquqi-normativ sənədlərin təsdiq olunması ilə
korrupsiyaya qarşı mübarizə sahəsində möhkəm qanunvericilik bazası
yaradılmışdır. Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın, Baş
Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin təşkili və
fəaliyyətə başlaması, həmçinin, "ASAN Xidmət" kimi innovativ
strukturun formalaşdırlması, "Elektron Hökumət" proqramının tətbiqi
və s. əyani şəkildə göstərir ki, bu sosial problemin aradan
qaldırılması dövlət siyasətinin prioritet istiqmətlərindən birini
təşkil edir.
Regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının
icrasına həsr olunmuş konfransda Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev korrupsiyaya və rüşvətxorluğa qarşı
mübarizə sahəsində görülən işləri vurğulamaqla, bu sahədə
institusional, sistem və inzibati, cəza xarakterli tədbirlərin daha
səmərəli şəkildə davam etdirilməsini bir vəzifə kimi qarşıya
qoymuşdur. Dövlət başçısı strateji hədəf kimi Azərbaycanın
korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə
olması üçün zəruri tədbirlərin həyata keçiriləcəyini bəyan
etmişdir.
Son 10 ildə Azərbaycan sürətli və dinamik inkişaf yolu keçmiş,
beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilmişdir. Bu gün
Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir, xalqımız həyata
keçirilən siyasətə böyük dəstək verir. Buna görə də hansısa
subyektiv amillərin əldə olunmuş mühüm uğurlara kölgə salmasına
imkan verilməməlidir və verilməyəcək. Qarşıdan gələn dövrdə
korrupsiyaya qarşı mübarizə sahəsində kompleks tədbirlər davam
etdiriləcək, lakin sistem xarakterli tədbirlərə daha çox üstünlük
veriləcək.
Eyni zamanda, dövlət orqanlarının tam şəffaf fəaliyyətinin təmin
olunması, ictimai nəzarət mexanizminin stimullaşdırılması,
məmur-vətəndaş münasibətlərinin ictimai və hüquqi normalara uyğun
tənzimlənməsi, dövlət qulluqçularının məsuliyyəti, Vətənə sədaqətli
xidmət kimi məsələlər diqqət mərkəzində olacaqdır. Bu norma və
prinsiplərə əməl etməyən, öz işində ardıcıl nöqsanlara yol verən
dövlət qulluqçuları, vəzifəli şəxslər ya Azərbaycan Prezidentinin
tapşırıq və tövsiyələrindən ciddi nəticə çıxarıb öz işlərində dönüş
yaratmalıdırlar, ya da qanunun sərt üzü ilə üzləşəcəklər.
- Azərbaycan gənclərinin xarici ölkələrdə, xüsusilə Suriyada
silahlı münaqişələrə cəlb edilməsi geniş müzakirə mövzusuna
çevrilmişdir. Bu cür neqativ halların qarşısının alınması üçün
qanunvericiliyin daha da sərtləşdirilməsinə və ya digər qabaqlayıcı
tədbirlərin həyata keçirilməsinə ehtiyac varmı?
- Bilirsiniz ki, humanizm, problemlərin dialoq vasitəsilə həlli
dövlətimizin xarici siyasətinin başlıca istiqamətlərindən biridir.
Azərbaycan dünyanın müxtəlif nöqtələrində baş verən münaqişələrdə,
o cümlədən Suriyada tərəf kimi iştirak etmir və belə bir niyyəti də
yoxdur. Azərbaycan özü münaqişədən əziyyət çəkən, ərazisinin 20
faizi işğal altında olan bir ölkədir və bütün resurslarını bu
problemin ədalətli şəkildə, beynəlxalq hüquq prinsiplərinə uyğun
həll edilməsinə yönəltmişdir. Buna görə də vətəndaşlarımızın
ayrı-ayrı bölgələrdə münaqişələrə cəlb olunması, hansısa anlaşılmaz
ideyaların, kimlərinsə maraqlarının qurbanına çevrilməsi narahatlıq
doğurmaya bilməz.
Çünki həmin şəxslər bizim vətəndaşlarımızdır və dövlət onların
taleyinə biganə qala bilməz. Digər tərəfdən, bu gün Azərbaycanın
özünün vətənpərvər, millətini sevən, mübariz insanlara, gənclərə
ehtiyacı var. Azərbaycan dövləti bütün mümkün vasitələrdən istifadə
edərək bunun qarşısını almağa çalışır. Həm təhlükəsizlik orqanları,
həm də Xarici İşlər Nazirliyi, səfirliklərimiz bu məsələ ilə
yaxından məşğuldurlar və müvafiq tədbirlər həyata keçirirlər. Ancaq
onu da nəzərə almaq lazımdır ki, bu, çox mürəkkəb məsələdir və
müəyyən mərhələdə daha sistemli yanaşma tələb edə bilər.
Azərbaycan vətəndaşlarının müxtəlif qaynar nöqtələrdəki
münaqişələrə cəlb olunması fərdi xarakter daşıyır. Lakin bu proses
kütləviləşərsə və cəmiyyət üçün təhlükə yaradarsa, qeyd etdiyim
kimi, sistem xarakterli tədbirlərin həyata keçirilməsi və bunun
tərkib hissəsi kimi, qanunvericiliyin sərtləşdirilməsi
istiqamətində addımlar atıla bilər.
- Bəzi KİV-lərdə və sosial şəbəkələrdə radikal dini təmayüllü
cərəyanların, qrupların nümayəndələrinin Azərbaycanın milli
təhlükəsizliyinə xələl gətirə bilən, onu təhdid edən təbliğatlarına
geniş yer verilir. Azərbaycanda əsrlər boyu hökm sürən məzhəblər və
dinlərarası tolerantlığa zidd olan bu cür fikirlərin yayılmasının
arxasında hansı qüvvələr dayanır? Ümumiyyətlə, bu qüvvələrin
məqsədi nə ola bilər?
- Dünyada iqtisadi böhran, sosial təlatümlər, vətəndaş
qarşıdurması, qanlı münaqişələr, gərginlik müşahidə olunduğu bir
dövrdə Azərbaycanın dinamik inkişafı, hökm sürən sabitlik ölkəmizi
istəməyən müəyyən xarici qüvvələri narahat edir. Bəzi hallarda
xarici KİV-lərdə Azərbaycan haqqında obyektivlikdən uzaq, qərəzli
materialların şahidi oluruq. İnternet, sosial şəbəkələr isə tam
sərbəst bir məkandır və çox təəssüf ki, qlobal şəbəkədən həm də
müxtəlif şəxslərə, ölkələrə qarşı kampaniya təşkil etmək, ictimai
fikrə təsir göstərmək, cəmiyyətdə süni şəkildə narazılığı, o
cümlədən də dini radikallığı stimullaşdırmaq üçün istifadə olunur.
Bəzi hallarda belə cəhdlərin arxasında müəyyən xarici qüvvələrin,
beynəlxalq təşkilatların kölgəsi də sezilir. Lakin Azərbaycan güclü
dövlətdir və istənilən təhdidlərin, milli təhlükəsizliyə xələl
gətirmək cəhdlərinin qarşısını layiqli şəkildə almaq
iqtidarındadır.
- Azərbaycan vətəndaşı Mahir Zeynalovun Türkiyədən deportasiya
edilməsi faktı bəzən çox şişirdilir. Bununla, iki ölkə arasında
olan strateji əməkdaşlığa kölgə salmaq istəyirlər. Bu məsələyə
münasibətinizi bilmək istərdik.
- Türkiyənin rəsmi instansiyaları məsələyə münasibət bildirərək
bəyan etmişlər ki, M.Zeynalovun deportasiyası onun oturum
müddətinin başa çatması ilə bağlı olmuşdur. Hesab etmirəm ki, bu
hadisə iki qardaş ölkə arasında əməkdaşlığa kölgə sala bilər. Buna
cəhd göstərənlər də bu reallığı anlamalı və qəbul etməlidirlər.
Digər tərəfdən, hər hansı xarici ölkədə əmək fəaliyyəti ilə
məşğul olan şəxs, fəaliyyət istiqamətindən asılı olmayaraq, həmin
ölkənin qanunlarına, ictimai yaşayış normalarına, xalqın
mədəniyyətinə, adət-ənənələrinə hörmətlə yanaşmalıdır.
- Ermənistan tərəfi Soçi olimpiadası dövründə atəşkəsə əməl
olunacağını vəd etsə də, buna əməl etmir. "Soçi barışığı" dövründə
cəbhə xəttində gərginlik davam edir...
- Bu hal bir daha təsdiq edir ki, Ermənistan konstruktiv
dialoqda, münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlı deyil.
Ermənistan rəhbərliyi mövcud status-kvonun saxlanmasına çalışır və
istənilən sülh təşəbbüslərini müxtəlif vasitələrlə əngəlləyir. Hər
halda, Ermənistanın növbəti təxribatı ATƏT-in Minsk qrupunun
həmsədrləri - həm Olimpiya oyunlarının keçirildiyi Rusiya, həm də
bu barədə sosial şəbəkədə məlumat verən amerikalı həmsədr üçün
aydın mesaj olmalıdır.
- Bakıda bir sıra iri infrastruktur layihələri həyata keçirilir.
Bununla bağlı şəhərin mərkəzində, o cümlədən Yasamal rayonu
ərazisində minlərlə evin sökülməsi nəzərdə tutulur. Azərbaycanın
müvafiq qurumları vətəndaşların mülkiyyət hüququnun qorunması üçün
hansı işləri həyata keçirəcək?
- Artıq bir neçə ildir ki, ölkəmizdə, xüsusilə də Bakı şəhərində
genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Yeni
parklar salınır, müasir binalar, mədəniyyət abidələri və s. inşa
olunur. Bütün bunlar paytaxtımızın inkişafına, müasirləşməsinə
xidmət edir. Bəzi hallarda layihələrin icrası zamanı vətəndaşların
köçürülməsinə ehtiyac yaranır və bu işə məsul orqanlar vətəndaşlara
müvafiq kompensasiyalar ödəməklə zəruri tədbirlər həyata
keçirirlər.
Tam əminliklə deyə bilərəm ki, bu günə qədər olduğu kimi, bundan
sonra da vətəndaşların mülkiyyət hüququ ilə bağlı hər hansı problem
olmayacaq. Köçürülmə nəzərdə tutulan ərazi, köçürməni həyata
keçirən orqanlar, kompensasiyaların məbləği artıq müəyyənləşmişdir
və bütün bu məsələlər müvafiq qaydada tənzimlənəcəkdir.