Son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən
atəşkəs rejimi və beynəlxalq hüququn tələbləri kobud şəkildə
pozularaq Azərbaycanın cəbhəboyu, həmçinin, təmas xəttinə yaxın
olmayan yaşayış məntəqələri və mülki obyektlər iriçaplı
silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından
intensiv atəşə tutulur.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat
xidmətlərindən Axar.az-a daxil olan birgə məlumatda qeyd olunur ki,
aprelin 2-də törədilmiş növbəti belə təxribat və diversiya aktları
nəticəsində mülki əhalinin milli zəmində düşmənçilik niyyəti ilə
qəsdən öldürülməsi, öldürülməsinə cəhd edilməsi, vətəndaşlara
məxsus əmlakın məhv edilməsi ilə müşayiət olunan xüsusilə ağır və
ağır cinayət əməlləri qeydə alınıb. Dinc sakinlərdən 2-si ölüb, 10
nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Vətəndaşlara külli
miqdarda maddi və mənəvi ziyan vurulub. Bir orta məktəb binası,
çoxsaylı evlər, obyektlər, istehsal müəssisələri düşmənin
artilleriya zərbələrinə tuş gəlib, nəqliyyat vasitələri, yüksək
gərginlikli elektrik xətləri sıradan çıxıb.
Həmin gün saat 08:00 radələrində Tərtər rayonunun Qarağacı kəndi
ərazisinə atılmış mərmilərdən biri kənddə məskunlaşmış Rəhimov
Cəlal Saday oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobilin
üzərinə düşüb. Nəticədə avtomobildə olan sərnişin, 1993-cü il
təvəllüdlü Rəhimov Orxan Valeh oğlu hər iki ayağını itirərək
yerindəcə qanaxmadan ölüb. Avtomobilin sürücüsü Cəlal Rəhimov və
yaxınlıqda olan 1990-cı il təvəllüdlü Əhmədov Ramin Rafiq oğlu
çoxsaylı qəlpə yaraları alıblar.
Saat 12.00 radələrində düşmənin artilleriya atəşləri nəticəsində
mərmilərdən biri də həmin qəsəbədə məskunlaşmış Əhmədov İsa Əli
oğlunun yaşadığı mənzilə düşüb. Çoxsaylı qəlpə yaraları alan
İ.Əhmədov Bərdə Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Saat 19:20 radələrində rayonun Şıxarx qəsəbəsi ərazisinə atılmış
mərmilərdən biri də 1987-ci il təvəllüdlü Əliyev Sadiq Natiq
oğlunun idarə etdiyi "Niva-2121" markalı avtomobilin üstünə düşüb.
Nəticədə avtomobildə olan sərnişin, 1992-ci il təvəllüdlü Əsədli
Fərman Elçin oğlu çoxsaylı qəlpə xəsarətləri alaraq qanaxmadan
ölüb. Sürücü və digər sərnişin, 1982-ci il təvəllüdlü Rəhimov
Mübariz Vaqif oğlu çoxsaylı qəlpə yaraları alıblar.
Saat 20.00 radələrində yaşadığı evin yaxınlığına erməni hərbi
birləşmələrinin atdığı top mərmisinin partlaması nəticəsində Ağdam
rayonunun Əfətli kənd sakini, 1953-cü il təvəllüdlü Hüseynov Cümşüd
İslam oğlu bel nahiyəsindən ağır xəsarət alıb və o, dərhal
xəstəxanaya yerləşdirilib.
Saat 21.00 radələrində Seydimli kəndi ərazisinə atılmış
mərmilərdən biri kənd sakini, 1951-ci il təvəllüdlü Vəliyev Vahid
Vəli oğlunun yaşadığı mənzilə düşərək onu və azyaşlı nəvəsi,
2003-cü il təvəllüdlü Sənan Vəlizadəni ağır yaralayıb.
Aprelin 2-də Goranboy rayonunun Qarqucaq kənd sakini, 1938-ci il
təvəllüdlü İbrahimov Əbdüləzim Mürsəl oğlu və Tapqaraqoyunlu
kəndində yaşayan 1974-cü il təvəllüdlü Allahverdiyev Abbas Şiraslan
oğlu da düşmənin atdığı mərmiyə tuş gələrək ağır yaralanıblar.
Ermənistan Silahlı Qüvvələri tərəfindən atılmış mərmilərdən biri
də Tərtər şəhər sakini, 1949-cu il təvəllüdlü Kruqlova Olqa
İvanovnanın yaşadığı mənzili tamamilə dağıdıb.
Göstərilən bütün faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq
maddələri ilə cinayət işləri başlanılıb, istintaq aparılır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin Təhlükəsizlik Şurasının
iclasında qarşıya qoyduğu tapşırıqların icrasının, həmçinin döyüş
əməliyyatları aparılan rayonların ərazisində ictimai asayişin
qorunması, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün
hüquq mühafizə orqanları tərəfindən bütün tədbirlər görülür,
əməliyyat şəraiti nəzarətdə saxlanılır.