Azərbaycanda fiziki və hüquqi şəxslərə məxsus bütün
mülkiyyət formalarında olan obyektlər və mənzillər Daxili İşlər
Nazirliyi (DİN) Baş Mühafizə İdarəsinin (BMİ) əməkdaşları
tərəfindən etibarlı şəkildə qorunur.
Axar.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu
istiqamətdə Abşeron Rayon Mühafizə İdarəsi (RMİ) əməkdaşları
tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu
əməliyyat tədbiri həyata keçirilib.
Gecə saatlarında Masazır qəsəbəsinin "Yoncalıq" yaşayış
massivində yerləşən, vətəndaşa məxsus olan və xüsusi texniki
vasitələrlə qorunan 17 saylı fərdi yaşayış evindən rayon mühafizə
idarəsinə həyəcan siqnalı daxil olub. Dərhal xidmətdə olan idarənin
tutucu qrupunun əməkdaşları hadisə yerinə yollanıb. Baxış zamanı
mənzilin dəhliz hissəsindəki dəmir barmaqlıq və pəncərənin naməlum
şəxs tərəfindən sındırıldığı və oğurluğa cəhd olunması
müəyyənləşdirilib. Həmin şəxs hadisə yerindən qaçmaq istəyərkən
saxlanılaraq aidiyyəti üzrə polis orqanına təhvil verilib.
Araşdırma zamanı həmin şəxsin əvvəllər məhkum edilmiş Xocavənd
rayon sakini Bəxtiyar Aslanov olduğu müəyyənləşib.
Faktla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-axtarış
tədbirləri davam etdirilir.
Cari ilin ilk rübündə DİN BMİ-nin idarə, şöbə və bölmələri
tərəfindən paytaxt Bakı, o cümlədən digər şəhər və rayonlarda
50-dək oğurluq hadisəsinin qarşısı vaxtında alınıb. Hazırda DİN-in
Mühafizə Xidməti tərəfindən dövlət və özəl mülkiyyətə məxsus 10
mindən çox obyekt qorunur.
Vətəndaşların mənzillərinin, həmçinin fiziki və hüquqi şəxslərin
obyektlərinin texniki vasitələrlə mühafizəsi cinayətkarlıqla
mübarizədə əvəzsiz profilaktik tədbir olduğundan bu sahə DİN
rəhbərliyinin daim diqqət mərkəzindədir. Bu səbəbdən yaşayış və
qeyri-yaşayış sahələrinin 24 saat etibarlı mühafizəsini təşkil
etmək üçün hər bir yerli və əcnəbi vətəndaş DİN-in Baş Mühafizə
İdarəsi və onun yerli qurumlarına müraciət edə bilər.