Paytaxtın polis və
prokurorluq əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz
istintaq-əməliyyat tədbirləri nəticəsində Binəqədi rayonu
ərazisində qeyri-aşkar şəraitdə törədilmiş daha bir cinayət
hadisəsinin isti izlərlə açılması təmin edilib.
Bu barədə Axar.az-a Bakı şəhər Baş Polis İdarəsi və bakı
Prokurorluğundan verilən birgə məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, aprelin 11-də saat 05:30 radələrində
Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3 saylı binanın
qarşısında 1973-cü il təvəllüdlü Hüseyn Qasımova odlu silahla
xəsarət yetirilməsi faktına görə rayon Polis İdarəsinin İstintaq
şöbəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq, silahdan və ya
silah qismində istifadə edilən əşyaları tətbiq etməklə
torədildikdə) və 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt
hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə
etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə)
maddələri ilə cinayət işi başlanıb.
Müəyyən edilib ki, aprelin 9-da 1983-cü il təvəllüdlü, əvvəllər
məhkum olunmuş Ramil Hüseynli tanışı Günel Süleymanova ilə
qabaqcaqdan əlbir olub cinayət əlaqəsinə girərək, H.Qasımovu 40.000
manat müqabilində öldürmələri barədə razılığa gəlib, aprelin 11-də
sonuncunun yaşadığı ünvana gəliblər. H.Qasımov binadan çıxıb
avtomobilinə oturmaq istədikdə, R.Hüseynli qanunsuz olaraq
gəzdirdiyi "Kalaşnikov" markalı avtomat silahdan H.Qasımova bir
neçə atəş açaraq onu qəsdən öldürməyə cəhd edib, lakin iradəsindən
asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra
bilməyib.
Bundan başqa, G.Süleymanova atası Rasim Süleymanovla qabaqcadan
əlbir olub H.Qasımovun etibarından sui-istifadə edib, sonuncunun
oğlu Orxan Xəlillinin həbsdən azad olunmasına köməklik edəcəyini
vəd edib, külli miqdarda pulunu ələ keçirərək dələduzluq
ediblər.
Bakı şəhər prokurorluğunun İstintaq idarəsi tərəfindən aparılmış
istintaq tədbirləri nəticəsində cinayətin R.Hüseynli, G.Süleymanova
və R.Süleymanov tərəfindən törədilməsində əsaslı şübhələr
yarandığından onlar tutularaq istintaqa cəlb olunub, R.Hüseynli
29,120.2.1 (tamah məqsədi ilə və ya sifarişlə qəsdən adam öldürməyə
cəhd), 29.120.2.5 və 228.1-ci, G.Süleymanova Cinayət Məcəlləsinin
29,120.2.1, 29.120.2.5 və 178.3.2-ci (dələduzluq, külli miqdarda
ziyan vurmaqla törədildikdə), R.Süleymanov isə 178.3.2-ci maddələri
ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
R.Hüseynlinin kirayədə yaşadığı evdən 1 ədəd AKM markalı avtomat
silah və ona aid içərisində 22 ədəd patronlar olan 1 ədəd daraq
aşkar edilərək maddi sübut kimi götürülüb.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam
etdirilir.