Aprelin 21-də Bakının Badamdar qəsəbəsindəki "Bulaq"
restoranında atışma qeydə alınıb.
Məlumata görə, restoranın müştəriləri arasında iri məbləğdə pul
üstündə mübahisə olub. İnsidentin iştirakçıları restorana məhz bu
məsələnin müzakirəsi üçün toplaşıblar.
Samir adlı qonaq söhbətə odlu silahla gəlib. Və elə restoranın
həyətində atəş açmağa başlayıb. Nəticədə bir neçə nəfər
yaralanıb.
Güllələrdən biri ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek
Hoqanın maşınına dəyib. Amma xoşbəxtlikdən maşının sürücüsünə xətər
toxunmayıb. Bununla belə, hadisə böyük ictimai marağa səbəb
olub.
Sonradan həmin Samir adlı şəxs polisə gedərək könüllü təslim
olub. Hazırda Bakı Şəhər Prokurorluğu tərəfindən araşdırma
aparılır. Amma…
Bəzi KİV-lər istintaqın nəticəsini gözləmədən və yalnız atəş
açan Samir adlı şəxsin bir az əvvəl həbsdən azad edildiyini əsas
götürərək, onu kriminal aləmin avtoritetlərindən biri olan "Lotu
Quli" ləqəbli Nadir Səlifovla əlaqələndiriblər.
Bundan başqa, adıçəkilən restorandakı həmin insident bəzi
jurnalistlər tərəfindən Lotu Qulinin adamları ilə başqa bir
kriminal avtoritetin – Rövşən Lənkəranskinin tərəfdarları arasında
münaqişə kimi təqdim olunub.
Aradan bir neçə gün keçəndən sonra hüquq-mühafizə orqanları
Bakıda mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi
istiqamətində uğurlu əməliyyat keçirildiyi barədə məlumat yaydılar.
Məlumatda bildirilirdi ki, əməliyyat zamanı Sabunçu qəsəbəsinin
sakinləri - 1983-cü il təvəllüdlü İbayev Namiq Xabulla oğlu,
1985-ci il təvəllüdlü Quliyev Kamil İsrafil oğlu, 1980-ci il
təvəllüdlü İbrahimov Orxan Rəfail oğlu və 1981-ci il təvəllüdlü
Həşimov Namiq Ağacan oğlu saxlanılıblar.
Bəzi KİV-lər bu dəfə də tələsdilər və saxlanılan şəxsləri Lotu
Quli və Rövşən Lənkəranskinin adamları kimi qələmə verdilər.
Amma Lotu Qulinin yaxın atrafına aid olan şəxslərin Virtualaz.org-a verdikləri məlumata görə, nə "Bulaq"
restoranında atəş açanın, nə də sonradan saxlanılan şəxslərin Nadir
Səlifova aidiyyəti var.
Kriminal avtoritetin yaxın dairəsində belə hesab edirlər ki, bu
cür şayiə yayanlar və onun adını hallandıranlar bununla Nadir
Səlifovun Gürcüstana gözlənilən ekstradisiyasını əngəlləmək və
onunla Rövşən Lənkəranski arasında qarşıdurma yaratmaq
istəyirlər.
Məlum olduğu kimi, Nadir Səlifov Gürcüstan vətəndaşıdır və uzun
müddətdir ki, ora ekstradisiya olunmaq istəyir. Kriminal
avtoritetin yaxın ətrafına aid şəxslər də bildirirlər ki, Lotu Quli
Azərbaycanda heç bir fəaliyyət göstərmir və onun yeganə istəyi
vətəndaşı olduğu Gürcüstana ekstradasiya edilməsinə nail
olmaqdır.
Kriminal avtoritet hesab edir ki, o, burada heç vaxt azadlığa
çıxa bilməz, çünki Azərbaycan hakimiyyətindəki bəzi adamlar bunun
ölkədəki kriminogen durumu gərginləşdirəcəyindən ehtiyat
edirlər…