Yalan ayaq tutar, yeriməz - deyiblər. Yəqin ki, bu sözü
atalarımız əbəs yerə deməyib. Elə mən də əbəs yerə
çəkmədim.
İstirahət günü uşaqları yaxınlıqdakı parka apardım. Qış fəsli
olsa da, hava mülayim idi. Havanın mülayimliyi uşaqlara da sirayət
etmişdi, digər uşaqlara qoşulub oynayırdılar. Oturduğum skamyada
gənc bir qız da oturdu. Xoş görünüşü vardı,ünsiyyətcil idi. Olduqca
da şirin danışığı vardı. Bir qədər sonra ona zəng gəldi. Məndən üzr
istəyib telefona cavab verdi. İstəməsəm də onun söhbətinə şahid
oldum. Qız telefonla danışdığı insana yalan danışırdı. Evdə
olduğunu, mətbəxdə oturub çay içdiyini və onun zəngini gözlədiyini
deyirdi. Gənc xanımın yalan danışması məni məyus etdi.
Yalanla yaşayan, yalan danışan insanlar çoxdur. Bəs, görəsən
insanlar niyə yalan danışır?
Elə bu sualla da tanınmışlara müraciət etdim. Görəsən onlar
necə, nə vaxtsa yalan danışıblarmı?
Yaxşılığa
xidmət edən hər şey qəbul olunandır
Hərbi tele-jurnalist Rahib Qərib bildirdi ki, yalana münasibəti
çox pisdir. "Bir mənalı olaraq yalan danışan insanda digər yaxşı
keyfiyyətlər ola bilməz. Amma "məsum yalan" deyilən bir anlayiş
var. Bu yalana pis baxmiram. Böyük bir təhlükəni sovuşdurmaq,
insanları ədavət və davalardan xilas etmək üçün deyilən yalan təbii
ki, qəbul olunandır. Ən azı ona görə ki, yaxşılığa xidmət edən hər
şey müsbət qarşılanmalıdır. "
Bütün naqisliklər yalandan törəyir
Yazar Zümrüd Yağmur sorumuza cavab verərkən bildirdi ki,
həyatında bir dəfə yalan danışıb. "Adətən bu kimi suallar
soruşulanda insanlar yalan danışmadığını söyləyir. Amma mən səmimi
şəkildə deyirəm ki, yalan danışmıram və yalana münasibətim də bir
mənalı olaraq mənfidir. Ona görə ki, digər naqisliklərin məhz
yalandan törədiyi qənaətindəyəm. İnsan hər hansı bir yaramazlığı
edib yalanla bunu ört-basdır edirsə, onda belə bir fikir yaranır
ki, hər dəfə yalan onu xilas edəcək. Ona görə də özünü və
ləyaqətini qorumaq istəyən birinin yalandan uzaq durmasında fayda
var. Yalanın insanı necə rəzil günə qoyduğunu, naqislik və
danışılan yalanların ona necə qayıtmasını görmüş biri kimi özümə bu
rəzaləti rəva görmədiyimdən bəzən yalan danışmaq zərurəti belə
ortaya çıxanda ya susmağa üstünlük verirəm, ya da yalan danışmamaq
üçün o iş, yaxud əməldən imtina edirəm".
Həyatımda bir dəfə məsum yalan danışmışam
Xanım yazar daha sonra qeyd etdi ki, məsum yalanlara münasibəti
pis deyil. "Əgər bu kiminsə eybini örtməyə və ya hansısa
vəziyyətdən çıxarmağa xidmət edirsə,yalan danışmaq olar. Həyatımda
ən böyük məsum yalanım bir dəfə olub, o da bir xanımın eybini
örtmək üçün"…
Yalan
danışmağı bacarıram, amma danışmıram…
Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu həyatının
yalandan ibarət olmadığını, yalanı sevmədiyini söylədi. "Məni
tanıyanlar bilir ki, mən yalan danışmağı bacariram, amma heç zaman
danışmıram, çünki, özüm öz yalanımı açıram. Yalançı adam həyatda
aktyor kimi yaşayir. Bir də əsas odur ki, sənin danışdığın yalan
başqalarına problem yaratmir. "Gopçu"luqla yalanı da fərqləndirmək
lazimdir. Birincisinin heç bir zərəri olmadığı halda, yalançılar
insan həyatını fəlakətə sürükləyə bilər. Məsum,yəni muqəddəs
yalanlar da var ki, onların insan üçün heç bir ziyanı yoxdur".