Azərbaycan Dəmir Yolları QSC-də (ADY) yeni təyinat həyata keçirilib.
Axar.az ADY-yə istinadən xəbər verir ki, qurumun yeni yaradılmış Marketinq və tarif siyasəti departamentinin müdiri vəzifəsinə Heydər Cəfərli təyin olunub.
Heydər Cəfərli 1986-cı ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr pilləsində təhsil alıb. 2009-2011-ci illərdə Potsdam Universitetində iqtisadiyyat və biznes, 2011-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər, 2016-2018-ci illərdə isə Drezden Texniki Universitetində layihə idarə edilməsi ixtisasları üzrə magistratura pilləsində təhsil alıb.
Peşəkar fəaliyyəti dövründə Dövlət Məşğulluq Xidməti (indiki Dövlət Məşğulluq Agentliyi) və “Aqro-Azərinvest” MMC-də rəhbər vəzifələrdə çalışıb.
2018-ci ildən ADY-nin müxtəlif struktur bölmələrində rəhbər vəzifələrdə işləyən Heydər Cəfərli 2023-cü ilin avqustundan Kommersiya departamentinin müdir müavini olub və müdiri vəzifəsini icra edib.