Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı birgə fəaliyyətin təşkili” mövzusunda "dəyirmi masa" keçirilib.
Axar.az xəbər verir ki, nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
“Dəyirmi masa”da Nazirliyin Aparatı və qurumlarının əməkdaşları, Bakı şəhərinin rayonlarının icra hakimiyyətlərinin Fövqəladə hallar üzrə komissiyalarının sədrləri, "Azərbaycan Dəmir Yolları" QSC, “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsi, Bakı şəhər Baş Polis İdarəsi, “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi, “Azərişıq” ASC, “Azəriqaz” İB, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Bakı Sukanal İdarəsi, “Bakı Telefon Rabitəsi” MMC, “Təmiz Şəhər” ASC və digər aidiyyəti qurumların məsul nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Nazirliyin Akademiyasının rəisi general-mayor Baba Salayev aidiyyəti qurumların koordinasiyalı fəaliyyətinin fövqəladə halların qarşısının alınması və nəticələrinin daha səmərəli şəkildə aradan qaldırılmasında müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb, belə tədbirlərin bu istiqamətdə faydalı olduğunu bildirib.
FHN-in Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov yerli icra hakimiyyətləri və digər aidiyyəti orqanlarla hər il keçirilən birgə tədbirlərin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsindəki əhəmiyyətindən danışıb.
Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev FHN-in müvafiq qurumlarının və regional mərkəzlərinin yerli icra hakimiyyətləri və aidiyyəti orqanlarla, bələdiyyələrlə əlaqəli fəaliyyətinin daha da təkmilləşdirilməsinin əhəmiyyətindən danışıb.
“Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti və digər aidiyyəti orqanlarla birgə fəaliyyətinin təşkili” mövzusunda təqdimatla çıxış edən Bakı Regional Mərkəzi rəisinin birinci müavini polkovnik İlqar Səfərov fövqəladə hallarla mübarizədə aidiyyəti qurumların üzərinə düşən vəzifələrdən danışıb, bu sahədə həlli vacib məsələləri qeyd edib.
Paytaxtın rayon icra hakimiyyəti başçılarının 1-ci müavinləri - Fövqəladə hallar üzrə komissiyaların sədrləri 2025-ci ildə təmsil olunduqları rayon ərazisində baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər, qarşılıqlı fəaliyyətin təşkilinin cari vəziyyəti, bu sahədə mövcud problemlər və atılacaq addımlar barədə çıxışlar ediblər.
İnteraktiv müzakirələr fonunda davam edən tədbirdə içtirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.