“Mənim Atam Qəhrəmandır” layihəsi çərçivəsində 200-ə yaxın şəhid övladı üçün Şahdağda üç günlük bayram şənliyi təşkil edilib.
Axar.az xəbər verir ki, bayram tədbirləri zamanı şəhid qızı, 9 yaşlı Aylin Hümbətli hər kəsi duyğulandıran çıxış edib.
O, “Mənim atam qəhrəmandır” himnini Leyla Əliyevaya hədiyyə edərək, onu bu nəğməni şəhid övladları ilə birgə ifa etməyə dəvət edib:
“Əziz Leyla xanım, sizin atanız da bir qəhrəmandır! Bu nəğməni bizimlə birgə oxuyaraq qələbəni bizə yaşadan qəhrəman atalarımıza hədiyyə etməyinizi xahiş edirik”.
Leyla Əliyeva şəhid övladları ilə birgə nəğməni ifa edərək onların sevincinə sevinc qatıb. O, şəhid ailələrinə daim diqqət və qayğı göstəriləcəyini, onların heç zaman unudulmayacağını vurğulayıb.
Şəhid Orxan Qəhrəmanovun anası Arzu Qəhrəmanova və daha 15 şəhid övladı doğum günlərində xüsusi olaraq təbrik edildi. Heydər Əliyev Fondu tərəfindən şəhid ailələrinə bayram hədiyyələri təqdim olundu.
Tədbirdə iştirak edən Fondun icraçı direktoru Anar Ələkbərov şəhid ailələrinə bir daha dəstəyini ifadə edərək vurğulayıb:
"Şəhid övladları bu vətənin bizə əmanətidir. Onlar atasız qalmayıb, çünki onların ataları bu xalqın qəlbində əbədi yaşayır. Onların göz yaşını silmək, üzlərini güldürmək, gələcəyə inamla baxmalarını təmin etmək bizim borcumuzdur. Çünki bu gün azad yaşadığımız hər gün onların atasının bizə mirasıdır!”