19 martda dron hücumuna məruz qalan və hələ də yanmaqda olan Krasnodar diyarındakı neft bazasında ötən gecə partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Krasnodar diyarının Operativ Qərargahı məlumat yayıb.
"Kavkazski rayonunda yanğınsöndürmə prosesi zamanı yanan rezervuarın hermetikliyinin pozulması nəticəsində partlayış olub və alovlu neftin püskürməsi baş verib. Nəticədə 3 texnika zədələnib, 2 yanğınsöndürən xəsarət alıb", - məlumatda qeyd olunub.
Bildirilib ki, slov daha bir rezervuara yayılıb:
"Beləliklə, hazırda iki rezervuar, bağlama armaturu, rezervuarların ətrafındakı torpaq bəndindəki neft məhsulları və partlayış nəticəsində rezervuar hüdudlarından kənara atılmış neft məhsulları yanır. Yanğının ümumi sahəsi 10 min kvadratmetrə qədər genişlənib".
Yanğının söndürülməsinə 456 nəfər və 181 texnika cəlb olunub.
Krasnodara gedən avtomobil yolu bağlanıb. Neft bazasının yerləşdiyi Kavkazski rayonunun sakinlərinə küçəyə çıxmamaq və pəncərələri açmamaq tövsiyə olunub.