12:57
Dövlət Gömrük Komitəsi (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin rəisi vəzifəsində işləmiş Malik Əliyev, onun müavini olmuş Mehdi Mehrəliyev, idarənin inspektoru Zaman Əbdulrəhimov və sahibkar Ramin Məmmədzadənin məhkəməsi başa çatıb.
Axar.az Teleqraf-a istiandən xəbər verir ki, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində Malik Əliyevin qeyd olunan vəzifədə işləyərkən səlahiyyətlərindən sui-istifadə edərək ümumi dəyəri 30 min manat olan dərman vasitələrinin Astara gömrük postundan ölkə ərazisinə qanunsuz keçirilməsinə şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Malik Əliyevin rəis müavini Mehdi Mehrəliyev və gömrük inspektoru Zaman Əbdulrəhmanovla qabaqcadan əlbir olaraq 10 min 400 manat məbləğində rüşvət müqabilində sahibkar Ramin Məmmədzadəyə məxsus 60 min manat dəyərində məhsulları qaçaqmalçılıq yolu ilə, yəni düzgün bəyan etməməklə gömrük sərhədindən keçirməsinə köməklik etməsi təsdiqini tapıb.
Malik Əliyev, Mehdi Mehrəliyev və Zaman Əbdulrəhmanov Cinayət Məcəlləsinin 32.5, 206.1 (qaçaqmalçılığa köməklik etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və külli miqdarda rüşvət alma) maddələri, Ramin Məmmədzadə isə 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə təqsirli bilinib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Malik Əliyev bildirib ki, 25 iyul 2019-cu ildən 26 yanvar 2023-cü ilədək Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin rəisi vəzifəsində işləyib:
“Digər təqsirləndirilən şəxsləri tanıyırdım, Mehdi müavinim olmaqla tabelimdə işləyirdi. Zamini gömrük postunun əməkdaşı, Ramini isə fərdi sahibkarlıqla məşğul olan şəxs kimi tanımışam. Mənə verilmiş ittihamda göstərilən cinayətləri törətməmişəm. Təqsirləndirilən şəxslərlə və ya başqalarıyla qanunsuz hərəkətlərə, sövdələşmələrə getməmişəm. Əksinə, bu kimi hallara qarşı kəskin mövqedə olmuşam.
İttihamda adı göstərilən Möhlət Nəcəfovu iş prosesində tanımışam, yaxın münasibətimiz olmayıb. Bu şəxsdən daxil olmuş məlumat üzrə əməliyyat tədbiri keçirilib, Azərbaycan Respublikasından tranzit kimi istifadə edilməklə İrandan Ukraynaya gedən malların içərisində külli miqdarda narkotik müəyyən edilib və zərərsizləşdirilib”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Möhlət Nəcəfovun 2021-ci ilin dekabr ayında gömrük bəyannaməsi ilə “Astara” gömrük postunda 5.000 qutu dərman vasitəsinin (“Xyla-P” adlı “Lidocaine/Prilocaine” tərkibli dərmanın) ölkə ərazisinə qanunsuz keçirməsi faktı üzrə onun tərəfindən araşdırma aparılması üçün idarənin əməkdaşına müvafiq göstəriş verib:
“Sonradan araşdırma aparılıb-aparılmaması barədə məlumatım olmayıb. Qeyd olunan fakt üzrə raport idarənin əməkdaşı tərəfindən yazılıb. Həmin raport “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi”ndə qeydiyyatdan keçdikdən sonra mən bu sənədə əsasən müvafiq qaydada araşdırma aparılması üçün təhqiqat şöbəsinə göstəriş vermişəm.
Ona görə də bu fakt üzrə tərəfimdən müvafiq tədbir görülməsinin təmin etməməsi barədə verilmiş ittiham üzrə özümü təqsirli bilmirəm”.
Malik Əliyevin ifadəsinə görə, 20 yanvar 2023-cü ildə sahibkar olan şəxsin gömrük əməkdaşları ilə xaricdən idxal olunmuş malların dəyişdirilərək gömrük rüsumunun azaldılması ilə bağlı razılaşma aparmasının ona heç bir aidiyyəti yoxdur:
“Həmin hadisədən bir gün əvvəl, yəni yanvarın 19-da İrandan Azərbaycana gətirilən geyim əşyalarının içərisində qadağan olunmuş malların ola biləcəyi ilə bağlı Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini tapşırıq verdi, həmin tapşırığın icrası ilə bağlı yanvarın 20-də yük gətirmiş maşınlardan yükün boşaldılacağı anbarları müəyyən etmək üçün saat 9 radələrində tabeliyimdə olan işçi Mehdi ilə əlaqə saxlayanda onun Lənkəranda olduğunu bildim.
Mehdidən məzuniyyətdə olmasına baxmayaraq nə üçün Lənkəranda olduğunu soruşdum. Gömrük əməkdaşları ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət etmək üçün gəldiyini bildirdi. Onu yanıma çağırdım, Hacı və Şakir adlı şəxslərin anbarlarını mənə göstərməsini tapşırdım.
Sonra Lənkəran şəhər sakini Kamran adlı şəxsi də götürərək Hacının anbarına getdik. Orada xidməti işləri yerinə yetirdik və nəticə barədə rəhbərliyə məruzə etdik.
Digər anbara yük maşını gələnədək yaxınlıqda kafedə oturdum. Mehdi isə yoldaşını həkimə aparacağını dedi və icazə alıb getdi. Bir müddət sonra ona zəng etdim, Şakirin anbarına yük maşının gəlib-gəlmədiyini soruşdum. Mehdi Şakirin anbarı olan əraziyə getdiyini və anbarın Lənkəran gömrük postunun yaxınlığında yerləşdiyini dedi. Mehdidən həmin ərazidə olmasını nəyə görə mənə deməməsini soruşdum. O, yenicə ora gəldiyini bildirdi. Həm də olduğu yerin dəqiq ünvanını mənə bildirmədi.
Mehdinin qeyd elədiyi yerə, yəni Şakirin anbarı olduğu deyilən əraziyə getdik. Anbardan təxminən 50-60 metr aralıqdakı dayanacağın yanında Mehdi məni qarşıladı. Kamranla birlikdə dayanacağın girişində avtomaşını saxladıq, Mehdidən başqa gömrük əməkdaşı Zamanın, sahibkar Ramin adlı şəxslərin də orada olduqlarını gördüm.
Mənə heç nə aydın olmadı. Mehdi ilə söhbət zamanı Şakirin anbarının həmin yerdə yerləşmədiyi məlum oldu və “bu nə məsələdir”, - deyə ondan soruşdum. Mehdi bura gəlməsinin səbəbini tam izah edə bilmədi.
Həmin vaxt orada Raminə məxsus TIR maşınını görsəm də, onunla maraqlanmadım, haqqında heç bir söz soruşmadım. Maşına əyləşərək Mehdi ilə birlikdə həmin yerdən uzaqlaşdıq, Şakirin anbarı olan yerə getdik.
Şakirin anbarına çatanda Mehdidən Raminə məxsus yükün boşaldıldığı anbarda olmasının səbəbini soruşdum. Mehdi isə qarışıq cavablar verdi, vəziyyəti izah etməyə çalışdı. Lakin bu vəziyyət mənə tam aydın olmadı”.
Malik Əliyev qeyd edib ki, Mehdi ona Raminə aid yükün dəyişdirilməsi barədə heç bir söz deməyib:
“Mehdi yalnız onu dedi ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin məsul işçisi Sənan müəllim yükü saxlayıb və yükün şəkilini istəyir. Mən də “nə problem var ki, yükün şəklini çəkib göndərsinlər, əgər Raminin narazılığı varsa, qaynar xəttə məlumat versin” dedim. Mehdi əlavə heç bir söz demədi.
Təxminən bir saatdan sonra Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Xəqani Məmmədov zəng edərək Lənkəranda bir problemli maşın olduğunu dedi, Sənan müəllimlə əlaqə saxlamağımı tapşırdı. Mən də əlaqə saxladım.
Sənan müəllim bir TIR maşınındakı yükün şəklini istədiyini, amma şəklin ona göndərilmədiyini dedi. Xahiş etdi ki, yük maşınını Lənkəran postuna gətirərək gömrük nəzarətindən keçirilməsini təmin edim.
Sənan müəllimlə telefonla danışarkən həmin yük maşınında olan yükün dəqiq yoxlanması üçün maşının Astara gömrük postuna aparılmasını, orada rentgen qurğusu olduğundan yükün daha dəqiq yoxlanılacağını, yəni yükün çəkisinin və özünün dəyişdirilib-dəyişdirilmədiyini dəqiq biləcəyimizi dedim.
Əgər bu işdə məlumatım və burada iştirakım olsaydı, güman ki, həmin yük maşınını yoxlanması üçün Lənkəran gömrük postuna göndərməklə kifayətlənərdim.
Bu işə heç bir aidiyyətim olmadığından məhz mənim təklifimlə yük maşını Astara gömrük postuna aparılaraq yoxlanıldı və orada yükün dəyişdirildiyi məlum oldu. Həmin fakt aşkarlanandan sonra o da məlum oldu ki, Raminin İrandan idxal etdiyi “MDF” yükü dəyişdirilib, “DSP” yükü ilə əvəz olunması və daha az gömrük rüsumu ödəməsi ilə bağlı Mehdinin Zamanla danışıqları olub”.
Təqsirləndirilən şəxs deyib ki, daha sonra Mehdi və Zaman da Raminlə razılaşıb, yük maşınında olan “MDF” yükünün “DSP” yükü ilə əvəz olunmasına etiraz etməyib və bu cinayəti törədiblər:
“Bütün bunlar barədə mənim əvvəlcədən heç bir məlumatım olmayıb. Yükün dəyişdiriləcəyi barədə nə Mehdi, nə də digər şəxslər mənə heç bir söz deməyiblər. Mənim bu işdə heç bir iştirakım olmayıb. Raminin “MDF” yükü ilə bağlı yox, Baş idarədən verilmiş tapşırıqla bağlı yanvarın 20-də Lənkəran şəhərinə gəlmişəm. Hadisə ilə bağlı Mehdinin ifadəsində mənə aid hissədə deyilənləri qəti inkar edirəm.
Raminə aid yükün dəyişdirilməsi ilə bağlı mənim nə Raminlə, nə Mehdi ilə, nə də Zamanla heç bir danışığım olmayıb. Həmçinin Baş idarə tərəfindən araşdırma aparılarkən Mehdi və digər şəxslərin izahatına müdaxilə etməmişəm”.
Digər təqsirləndirilən Mehdi Mehrəliyev bildirib ki, 2022-ci ilin dekabr ayında Ramin istifadəsində olan mobil telefon nömrəsindən ona zəng edib və İrandan “MDF” yükü gətirmək istədiyini, lakin həmin yükün “DSP” yükü kimi bəyan etmək niyyətində olduğunu, bu zaman rəsmiləşdirmədə 2000 manat gömrük rüsumunu az ödəyəcəyini, həmin məbləğin də yarısını bu işdə ona kömək edən şəxsə verə biləcəyini deyib:
“Vatsapla Malikə zəng etdim, Raminin təklifini, yəni yükün dəyişdirilməsi məsələsini, arada yaranacaq gömrük rüsumu fərqinin yarısının bizə verəcəyini dedim. Malik də etiraz etmədi, razılıq verdi. Puldan nə qədər Malikə, nə qədər mənə çatacağı, həm də mənə düşən puldan nə qədər hissəsini yükün açılışında iştirak edən inspektor Zamana verəcəyimlə bağlı razılaşma olmadı.
Fikirləşdim ki, bu iş baş tutsa, Ramindən aldığım puldan nə qədərsə Malikə də verim, inspektorla da veriləcək pulu özü həll etsin. Malik razılıq verdikdən sonra həmin gün Raminlə vastsapla əlaqə saxladım. Malikə də bu barədə məlumat verdiyini, razılıq aldığını bildirdi və yükü dediyim qaydada bəyan edə biləcəyimi söylədi.
Yaxın münasibətlərimiz olan “Lənkəran” gömrük postunun inspektoru Zamana vatsapla zəng edərək Raminin dediklərini ona dedim, bu məsələdən Malikin də məlumatı olduğunu, razılıq verdiyini bildirdim. Mənə çatacaq puldan ona da verəcəyimi dedim, Zaman da etiraz etmədi”.
Mehdi Mehrəliyevin ifadəsinə görə, yanvarın 19-da Ramin ona zəng edib və sifariş etdiyi “MDF” yükünün gələrək “Astara” gömrük postundan keçdiyini, yükü həmin gün rəsmiləşdirərək anbarına boşaltmaq istədiyini bildirib:
“Həmin vaxt “Lənkəran” gömrük postunda olarkən inspektor Zamanı da orada gördüm. Səhəri gün, yəni yanvarın 20-də yükün açılışında postun inspektoru Zamanın da olacağını Raminə dedim. Bu səbəbdən Ramin yükün rəsmiləşdirməsini növbəti günə saxladı. Həmin gün Malik Əliyevə məlumat verdim, yükün gəldiyini, sabah açılacağını və açılışında Zamanın da iştirak edəcəyini bildirdim”.
Mehdi Mehrəliyev qeyd edib ki, yanvarın 20-də, səhər saat 8 radələrində Malik Əliyev ona vatsapla zəng edib və harada olduğunu soruşub:
“Lənkəran şəhərində olduğumu dedim. Az sonra Malikin Lənkəran şəhərində yaşadığı evə getdim, onunla görüşdüm və sahibkar Raminə məxsus “MDF” yükünün bu gün açılacağını, Zamanın da həmin vaxt anbarda iştirak edəcəyini söylədim.
İşlə bağlı ərazidə olarkən Zaman zəng elədi, Baş idarədən ona zəng gəldiyini, Raminin yükü ilə bağlı soruşduqlarını və həmin yükə görüntülü şəkildə baxmaq istədiklərini dedi. Mən də bu barədə Malikə məlumat verdim.
Malik TIR-dan “MDF” yükünün boşaldılaraq əvəzinə “DSP” yükünün yüklənməsinin heç bir şübhə yaratmayacağını bildirdi. Malikin dediklərini Zamana və Raminə bildirdim, bu işdən Malikin məlumatının olduğunu təkrar onlara çatdırdım.
Malik mənə Raminin yükü olan yerə getməyi tapşırdı. Mən anbara çatanda orada yükün sahibi Ramin, yükü gətirmiş TIR-ın iranlı sürücüsü və inspektor Zamanın olduğunu, yükün hələ də avtomobildən tam boşaldılmadığını gördüm. Bir müddət sonra avtokar vasitəsi ilə “MDF” yükü boşaldıldı, əvəzinə anbarda olan “DSP” yükü yükləndi”.
Mehdi Mehrəliyev deyib ki, bundan sonra Zaman Baş idarədən Sənanla görüntülü əlaqə saxlayıb, əvəzlənmiş yükün görüntüsünü ona göstərib və yükün DSP yükü olduğunu bildirib: “Bir qədər sonra Malik də həmin əraziyə, anbara gəldi. Bizə ümumi sözlərlə narahat olmamağı dedi, sonra birlikdə oradan uzaqlaşaraq başqa bir yerə getdik.
Aradan bir az keçmiş Zaman zəng edərək Baş idarədən verilən göstərişə əsasən yükün yenidən yoxlanılması üçün gömrük postuna aparılmalı olduğunu bildirdi. Bu barədə Malikə məlumat verdim. O da heç bir problem olmadığını, məsələni həll edəcəyini bildirdi. Avtomobildə olan yük “Astara” gömrük postunda təkrar yoxlama zamanı yükün dəyişdirildiyi, yəni “MDF” yükünün yerinə avtomobilə “DSP” yükünün yükləndiyi müəyyən edildi”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Malik Əliyevə 20 min, Mehdi Mehrəliyevə 25 min, Zamin Əbdulrəhimova 25 min, Ramin Məmmədzadəyə isə 24024 manat cərimə cəzası verilib.
Malik Əliyev, Mehdi Mehrəliyev və Zamin Əbdülrəhimov Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilib və 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum ediliblər.
Qeyd edək ki, faktlar üzə çıxdıqdan sonra vəzifəli şəxslər işdən çıxarılıb və Mehdi Əliyev həbs edilib. Daha sonra məhkəmənin qərarı ilə o, ev dustaqlığına buraxılıb.