Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev sosial şəbəkə hesabında rəhbərlik etdiyi qurumun uğuru ilə bağlı təbliğat paylaşımı ilə gündəmə gəlib.
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, Anar Nağıyev BSU-nun ilk dəfə olaraq RUR (Round University Ratings) reytinqi sıralamasında yer aldığını bildirib.
“Reytinqin ən mühüm komponenti olan tədrisin təşkili mexanizmi üzrə isə dünya sıralamasında 808-ci, Azərbaycan sıralamasında 5-ci yerdə qərarlaşmışıq”, - rektor bildirib.
Rektorun elə özünün əlavə etdiyi skrində isə BSU-nun “dünya universitetləri sıralamasında 1098-ci, Azərbaycan universitetləri üzrə isə 6-cı” olduğu görünür.
Qeyd edək ki, Round University Ranking (RUR) — ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə qiymətləndirilməsini aparan reytinq sistemidir. Rusiya mərkəzli olan bu reytinq sistemi 2010-cu ildən fəaliyyət göstərir. Round University Ranking dörd əsas göstərici qrupu – tədris, tədqiqat, beynəlmiləlləşmə, maliyyə dayanıqlığı üzrə universitetləri qiymətləndirir. 2025-ci il üçün RUR reytinqində ümumilikdə 1244 universitet sıralanıb. Ölkəmizdən isə aşağıdakı universitetlərin adı bu siyahıda yer alıb.
- Bakı Dövlət Universiteti - dünya üzrə 825-ci, Azərbaycan üzrə 1-ci yer;
- Azərbaycan Dövlət İqtisad Universiteti - dünya üzrə 855-ci, Azərbaycan üzrə 2-ci yer;
- Bakı Ali Neft Məktəbi - dünya üzrə 963, ölkə üzrə 3-cü yer;
- Azərbaycan Universiteti - dünya üzrə 970-ci, Azərbaycan üzrə 4-cü yer;
- Qərbi Kaspi Universiteti - dünya üzrə 1040-cı yer, Azərbaycan üzrə 5-ci yer;
- Bakı Slavyan Universiteti - dünya üzrə 1098-ci, Azərbaycan üzrə 6-cı yer;
- Azərbaycan Turizm və Menecment Universiteti - dünya üzrə 1114, Azərbaycan üzrə 7-ci yer;
- Azərbaycan Texnologiya Universiteti - dünya üzrə 1117, Azərbaycan üzrə 8-ci yer;
- Azərbaycan Memarlıq və İnşaat Universiteti - dünya üzrə 1139, Azərbaycan üzrə 9-cu yer;
- Azərbaycan Texniki Universiteti - dünya üzrə 1147, Azərbaycan üzrə 10-cu yer;
- Azərbaycan Dövlət Aqrar Universiteti - dünya üzrə 1148, Azərbaycan üzrə 11-ci yer;
- Naxçıvan Dövlət Universiteti - dünya üzrə 1159, Azərbaycan üzrə 12-ci yer;
- Bakı Biznes Universiteti - Dünya üzrə 1164-cü, Azərbaycan üzrə 13-cü yer;
- Gəncə Dövlət Universiteti - dünya üzrə 1172-ci, Azərbaycan üzrə 14-cü yer.
- Sumqayıt Dövlət Universiteti - dünya üzrə 1212, Azərbaycan üzrə 15-ci yer.