08:51
Qazax rayonunda ağır yol qəzası baş verib.
Axar.az xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb.
Məlumata görə, BMV markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev aldıqları ağır xəsarətdən həlak olublar.
Faktla bağlı araşdırma aparılır.
***
Qazaxda yol-nəqliyyat hadisəsində ölən 4 nəfərin meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonunun Abbasbəyli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, BMW markalı minik avtomobili yol kənarındakı tikiliyə çırpılıb və 4 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Qazax rayonunda 4 nəfərin ölümü ilə nəticələnən avtoqəza ilə bağlı cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidməti Gəncə Regional Qrupundan bildirilib ki, Qazax rayonu Abbasbəyli kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İlkin araşdırmalara əsasən, BMV markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirmiş və avtomobil yol kənarındakı divara dəyib. Nəticədə nəqliyyat vasitəsində olan dörd nəfər - 28 yaşlı Ramal Vəliyev (sürücü), 25 yaşlı Zaur Əhmədov, 28 yaşlı Rafət Nəbiyev və 21 yaşlı Göyüş Nəbiyev hadisə yerində həyatlarınnı itiriblər.
Faktla bağlı Qazax Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Qəzanın başvermə səbəblərinin araşdırılması məqsədilə müvafiq ekspertizalar təyin edilib. Araşdırmalar davam etdirilir.
***
Qazaxda 4 nəfərin öldüyü yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.
Teleqraf xəbər verir ki, hadisə zamanı qəzaya səbəb olan BMV markalı avtomobil 1997-ci il təvəllüdlü Ramal Vəliyevə məxsus olub.
Hadisədən öncə Ramal Vəliyevlə yanaşı, Rafət Nəsibov şəxsi avtomobilləri ilə Abbasbəyli kəndi gediblər. Onlar restoranların birində yeyib-içdikdən sonra Ramal Vəliyevə aid BMV markalı abtomobil ilə Fərəhli kəndinə qayıdıblar.
Lakin sonradan Rafət Nəsibovun avtomobilinin Abbasbəyli kəndində unudulduğu məlum olub. Həmin maşını gətirmək üçün yenidən geri dönüblər. Hadisə də həmin an baş verib. BMV markalı avtomobil idarəetməni itirərək, öncə işıq dirəyinə dəyib, daha sonra isə qarşıdakı mağazaya çırpılıb.
Nəticədə maşında olan Ramal Vəliyevlə yanaşı, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev hadisə yerində ölüblər.
Qeyd edək ki, ölən şəxslər Fərəhli kənd sakinləridirlər.
***
2025-ci il iyunun 5-də gecə saat 03:00 radələrində Qazax rayonu Əskipara kəndi ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər dünyasını dəyişib.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin açıqlamasısında bildirilib.
İlkin araşdırmalara əsasən müəyyən edilib ki, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Vəliyev Ramal Bəxtiyar oğlu BMV markalı, 10-SM-433 dövlət qeydiyyat nişanlı avtomobillə Əskipara kəndindən Fərəhli kəndi istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə nəzarəti itirib. Nəticədə avtomobil əvvəlcə işıq dirəyinə, daha sonra yol kənarında dayanan digər bir avtomobilə və sonda daş hasara çırpılıb.
Qəza nəticəsində sürücü Ramal Vəliyev və avtomobildə olan üç sərnişin — 1997-ci il təvəllüdlü Nəsirov Rafət Mahir oğlu, 2004-cü il təvəllüdlü Nəbiyev Göyüş Fəxrəddin oğlu və 2000-ci il təvəllüdlü Əhmədov Zaur Mahmud oğlu hadisə yerində həyatlarını itiriblər.
İlkin ehtimala görə, qəzanın baş verməsinə səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə və sərxoş halda idarə edilməsi olub.
Faktla bağlı araşdırma aparılır.
Araşdırma zamanı həmçinin məlum olub ki, sürücü Ramal Vəliyev il ərzində mütəmadi olaraq yol hərəkəti qayda pozuntularına yol verib ki, bu qayda pozuntularının əksəriyyəti sürət həddinin aşılması ilə bağlı olub. Bu faktlar yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşmanın sonda nə qədər ağır faciələrə səbəb olduğunu bir daha təsdiqləyir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına, xüsusilə sürət həddinə ciddi riayət etməyə çağırır. Unutmayaq ki, sükan arxasında edilən məsuliyyətsiz bir hərəkət yalnız sürücünün deyil, eyni zamanda sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının həyatını da təhlükə altına qoyur.