Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycan səfirliyinin təşkilatçılığı ilə 28 may - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib, sərgi təşkil edilib.
800 nəfər qonağın iştirak etdiyi mərasimdə Rumıniyanın dövlət xadimləri, hökumət nümayəndələri, deputat və senatorları, ictimai-siyasi xadimləri, o cümlədən Rumıniyanın əmək və sosial həmrəylik naziri Simona Bukura-Opresku, Rumıniyanın dini məsələlər üzrə dövlət katibi Çiprian Oliniç, bu ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, elm və mədəniyyət xadimləri, yerli KİV rəhbərləri, çoxsaylı türk və tatar icmasının təmsilçiləri, bu ölkədə təhsil alan və məskunlaşmış həmvətənlərimiz iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan və Rumıniyanın dövlət himnləri səsləndirilib.
Daha sonra səfir Qüdsi Osmanov çıxış edərək 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən söz açıb, XX əsrin sonunda xalqın müstəqilliyinə yenidən qovuşandan sonrakı ağır illərini xatırladıb, çətin siyasi-iqtisadi dövrdə xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyin qorunmasında misilsiz xidmətlərindən danışıb. O, həmin siyasi xəttin prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, bu dövrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunduğunu, artıq məcburi köçkünlərin 30 ildən sonra öz dogma yurdlarında məskunlaşmasını nəzərdə tutan “Böyük qayıdış” proqramının uğurla həyata keçirildiyini qeyd edib,
Diplomat iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf etdiyini nəzərə çatdıraraq SOCAR Romania şirkətinin uğurlu fəaliyyətinə toxunub. O, həmçinin Rumıniyanın Azərbaycan tərəfindən irəli sürülən bütün beynəlxalq və regional layihələrə, təşəbbüslərə dəstək göstərdiyini, iki ölkə arasında münasibətlərin qarşılıqlı dostluq və strateji əməkdaşlıq əsasında davam etdiyini bildirib.
Rumıniya Prezidentinin beynəlxalq əlaqələr və strateji tərəfdaşlıqların tətbiqi üzrə müşaviri Ana Birçal çıxışında Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib, rəsmi Buxarestin Cənubi Qafqazda davamlı sabitlik, inkişaf və firavanlıqda maraqlı olduğunu qeyd edib. O, 2022-ci ildə Avropada enerji böhranı təhlükəsi yaranarkən Rumıniya və Moldovaya verdiyi dəstəyə görə Azərbaycan dövlətinə və xalqına təşəkkürünü ifadə edib.
Rumıniya Baş nazirinin müavini Marian Neakşu Azərbaycanın regionda mühüm rolunu vurğulayaraq Azərbaycanı Cənubi Qafqazda, Rumıniyanı isə Cənub-Şərqi Avropa regionunda ən mühüm dövlətlər adlandırıb. O, xalqlarımız arasında çoxsaylı bənzərliklərdən bəhs edib, Rumıniyanın Azərbaycanın Avropadakı həqiqi etibarlı dostu olduğunu bildirib.
Rumıniya Senatının sədrinin müavini Mirça Abrudean Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olmasını, iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu xatırladıb, bu sahədə imzalanmış müvafiq sənədlərin əhəmiyyətindən danışıb.
Rumıniyanın energetika naziri, Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Sebastian Burduja ölkələrimiz arasında dostluq əlaqələrindən bəhs edərkən dahi Azərbaycan şairi Nizami Gəncəvidən sitat gətirib. O, Azərbaycanın apardığı enerji siyasətini “uzaqgörənlik hekayəsi” adlandırıb, yaşıl enerjinin istehsalı və Avropaya nəqli sahəsində əməkdaşlıqdan söz açıb.
Tədbir çərçivəsində Azərbaycanın Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və s. kimi görkəmli dövlət və mədəniyyət xadimlərini, habelə işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərini, ölkəmizin inkişafını əks etdirən, eləcə də Rumıniya-Azərbaycan münasibətlərinə həsr edilmiş fotolardan ibarət sərgi təşkil edilib.
Sərgini izləyənlərə səfir və əməkdaşlar tərəfindən geniş məlumat verilib.
Sonda ziyafət zamanı qonaqlara Azərbaycan milli mətbəxinə məxsus təamlar təqdim edilib.
Tədbir Rumıniya mediasında geniş işıqlandırılıb.