Lənkəran Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən "Turantv.az" saytının rəhbəri Ramin Sadıqlı və "bölgeinfo" saytının təsisçi və baş redaktoru Vüqar Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ramin Sadıqlı 6 il 3 ay, Vüqar Quliyev isə 6 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ramin Sadıqlı və Vüqar Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
Onlar 10-dan artıq vətəndaş barəsində rəhbərlik etdiyi saytlarda rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etməkdə təqsirləndirilir. Daxil olan şikayətlər üzrə aparılan araşdırmalarla onlara qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham verilib.