Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlum olub.
Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Mirzə Cəlilovun rəis olduğu 3 ildə 2 milyon 464 min manat məbləğində rüşvət aldığı müəyyən edilib.
Cəlilov 2020-2023-cü illərdə bu məbləği Naxçıvan üzrə hərbi qeydiyyatlı müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olan və olmayan, təkrar tibbi müayinəyə yönəldilən çağırışçılardan şəxsən və vasitəçidən istifadə etməklə alıb. Bununla da onların hərbi xidmətdən yayınmaları üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarına köməklik edib.
İstintaq zamanı Cəlilov ayrı-ayrı zabitlərdən 5-17 min manat arası rüşvət alaraq, onları Naxçıvanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin ayrı-ayrı idarələrində müxtəlif vəzifələrə təyin edib. İstintaq materiallarında 12 zabitin rəisə rüşvət verərək müxtəlif vəzifələrə təyin olunduqları yer alır.
Bundan başqa cinayət işi materiallarında diqqətçəkən ittihamlardan biri Cəlilovun özü ilə bağlıdır. O, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə və "Hərbi xidmətkeçmə haqqında" əsasnamənin tələblərinə zidd olaraq özü-özünə "polkovnik" hərbi rütbəsi, eyni zamanda özü-özünə "usta" məharət dərəcəsi verib.
Mirzə Cəlilov dindirilən zaman rüşvəti Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun göstərişi ilə aldığını deyib. Bildirib ki, rayon və şəhər rəislərinə əvvəlki qaydada, yəni müəyyən olunmuş məbləğdə çağırışçılardan pul yığılmasını söyləyib.
Onun sözlərinə görə, 2020-2022-ci illər ərzində Naxçıvanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin rəisləri tərəfindən "hərbi uçotdan çıxarmaqla hərbi xidmətə yararsızdır", "dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır", "hərbi xidmətə müvəqqəti yararsızdır" hesab edilməklə əsassız olaraq möhlət hüququ verilmiş çağırışçılardan ümumilikdə təxminən 800-900 min manat rüşvət toplanıb.
"Mən həmin rüşvətin toplanmasında vasitəçi olmuşam. Bunları Vasif Talıbovun göstərişi əsasında etmişəm. Yığılmış pulları Vasif Talıbovun oğlu Seymur Talıbovun sürücüsü Həsən adlı şəxsə vermişəm. Həmin pullardan mənə hər dəfəsində 10 min manat, yerli idarə və şöbələrə isə yığdıqları pulun 10 faizi verilirdi. İşlədiyim müddətdə aldığım 80 min manat vəsaiti xidmətin təsərrüfat xərclərinə sərf etmişəm", - deyən rəis günahsız olduğunu bildirib.
Cəlilov özü-özünə rütbə verməsini də etiraf edib.
Cəlilov Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.