"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rektoru, filologiya üzrə fəlsəfə doktoru Almaz Mahmud Teleqraf-ın suallarını cavablandırıb.
Axar.az müsahibəni təqdim edir:
- Almaz xanım, sabahdan Teleradio Akademiyasında mediada dil mədəniyyətinin yüksəldilməsinə həsr olunmuş təlimlərə start verilir. Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində ana dilimizin yetərincə qorunmaması ilə bağlı narahatlığını dilə gətirməsi fonunda bu təlimlərin əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Xatırlayırsınızsa, ötən ilin noyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında Prezident İlham Əliyev Azərbaycan dilinin qorunmasının vacibliyi ilə bağlı cəmiyyətə mesaj verdi. Həmin çıxışdan sonra media nümayəndələri üçün belə təlimi təşkil etməyi qərara aldıq. Dövlət başçısının dilimizlə bağlı ikinci çıxışı bu məsələni daha da gücləndirdi və təlimin keçirilməsini şərtləndirdi.
Media təkcə informasiyanı ötürən vasitə deyil, eyni zamanda ictimai düşüncənin, mədəni davranışın və dil vərdişlərinin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan mediada Azərbaycan ədəbi dilinin normalarına riayət olunması, fikrin aydın, etik şəkildə çatdırılması xüsusi əhəmiyyət daşıyır.
Bu təlimlərin də əsas məqsədi mediada dilin keyfiyyətinin artırılması, gənc media nümayəndələrinin peşəkar nitq bacarıqlarının inkişaf etdirilməsi və ictimaiyyətə təqdim olunan məzmunun daha səlis, anlaşılan və mədəni formada çatdırılmasına töhfə verməkdir.
- Təlimin təşkili hansı formada həyata keçiriləcək?
- Bu təlimlərə 50-dən çox jurnalist cəlb olunub. Onların içərisində elektron media qurumlarından, informasiya agentlikləri və saytlardan olan jurnalistlər var. Müxbirlər, aparıcılar və redaktorlar… Təlim geniş formatdadır və ölkənin tanınmış dilçi alimləri, media üzrə mütəxəssislər və ustad jurnalistlərin iştirakı ilə həyata keçiriləcək.
Televiziya və radiolarda çalışanlar üçün nitqlə bağlı mütəxəssislər təlimlər keçəcək. Bir gündə paralel şəkildə 1 ustad, 2 təlimçi dərs deyəcək.
Üç ay davam edəcək təlimlər zamanı iştirakçılara Azərbaycan ədəbi dilinin norma və qaydaları, efir dili, düzgün tələffüz, peşəkar nitq mədəniyyəti, etik üslub, habelə mediada tez-tez rast gəlinən dil səhvləri və onların aradan qaldırılması yolları barədə praktiki və nəzəri biliklər veriləcək.
- Təlimlər yalnız Bakı ilə kifayətlənəcək?
- Təlimlərin 2 ay Bakıda, 1 ay isə regionlarda keçirilməsi nəzərdə tutulub. Dərslər həftədə 1 dəfə, şənbə günü olacaq.
Bununla bağlı monitorinq qrupu yaradılıb. Hər həftə nəticələr analiz olunacaq. Sonra monitorinq aparılacaq. Təlim proqramının sonunda iştirakçılar arasında aparılan monitorinqin nəticələri açıqlanacaq, əldə olunan göstəricilər əsasında ümumi qiymətləndirmə aparılacaq və treninqin effektivliyi təhlil ediləcək.
Bununla da jurnalistlərin təlimdən öncəki və sonrakı səviyyələri, nələri bilmədikləri, nələri öyrəndikləri aydın olacaq.
- Dediniz həm ustadlar, həm də təlimçilər olacaq. Maraqlıdır, siyahıda kimlər var?
- Ustad dərslərini gözəl nitqləri, danışığı ilə seçilən Roza Tağıyeva, Nərgiz Cəlilova, Gülşən Əkbərova, Həqiqət Əsgərova, Rafiq Həşimov, Sevda Ağazadə, Qulu Məhərrəmli, Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli deyəcək.
Eyni zamanda təlimçilər arasında Aygün Qaradağlı, AMEA-da monitorinq qrupunun rəhbəri Sevinc Əliyeva, Emin Musəvi və digərləri yer alır.
Təlimin ilk 1 saatı ustad dərsi olacaq. Alimlər, mütəxəssislər təxmini 45 dəqiqə çıxış edəcəklər. Daha sonra qrup 2 hissəyə bölünəcək. Redaktor və müxbirlərə redaktə dərsləri, aparıcılara isə nitq mədəniyyəti dərsləri keçiriləcək.
- Almaz xanım, necə düşünürsünüz Azərbaycan dilinin normaları daha çox televiziyada, yoxsa yazılı mediada pozulur?
- Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycan dilinin normalarının qorunmaması televiziyalarda nisbətən çox ön plana çıxır. Amma normaların daha çox harada pozulduğunu deməyə çətinlik çəkirəm. Televiziyaya çox baxılır və mavi ekranda baş verən hər hansı səhv sosial mediada, eləcə də bir çox yerlərdə sürətlə paylaşılır, geniş müzakirə olunur.
Dilimizi ən çox qoruyan telekanal Azərbaycan Televiziyasıdır. Burada ana dilinin səlisliyinə, düzgün ifadəliliyinə, dəqiqliyinə xüsusi fikir verilir.
Hətta onu da deyim ki, Teleradio Akademiyasında dərslərin bir hissəsi məhz nitqə həsr olunub. O dərslərə həmişə mütəxəssislər, dilçi alimlər dəvət olunur.
Bilirsiniz, cənab Prezidentin mesajı bizə-cəmiyyətin hər bir fərdinə bir SOS siqnalıdır. Bunu demək ağrılıdır, amma həqiqətən dilimiz itə, yoxa çıxa bilər. Məsələn, dünyada istifadə olunan ingilis dilinə nə qədər yad sözlər gətirilsə də, bu, dilə xəlil gətirmir.
- Belə olan halda dilimizi necə qoruyaq?
- İndi televiziyalarda “falan”, “filan” kimi sözlərin işlədilməsi halları artıb. Gənclər xarici sözlərdən istifadə etməklə fəxr edirlər. Zamanla həmin sözlər dilimizə hopur. Mənə elə gəlir ki, bu məsələdə piar güclü olmalıdır. Məsələn, bildiyim qədər cənab Prezidentin çıxışından sonra telekanallarda “talk-şou”ların hazırlanmasına başlanılıb.
Dünya praktikasında bir çox beynəlxalq media qurumlarının həmişə "Fokus qrupları" olur. Onların hər ay hesabatları çıxır. Səhvlər redaksiyalarda, departamentlərdə açıq şəkildə yayımlanır. Beləliklə növbəti dəfə həmin səhvlər təkrar edilmir. Ölkəmizdə də dillə bağlı monitorinq qrupları olmalıdır. Başqa sahələrə ciddi yanaşıldığı kimi Azərbaycan dilinin qorunması ilə bağlı məsələyə də xüsusi diqqət yetirilməlidir. Məsələn, biz Teleradio Akademiyasında "Fokus qrupu" yaratmışıq. Həmin qrupun rəhbəri jurnalist Aynur Nəsirova eyni zamanda özəl kanallardan birində də monitorinq aparır. Düşünürəm ki, bu kimi gözəl təşəbbüsləri çoxaltmalıyıq.