Tural Xuduyevin ixtirası ilə görə bilməyən insanın görmə
qabiliyyəti bərpa oluna bilər.
Kaspi.az xəbər
verir ki, Tural Xuduyev Avropanın ən önəmli 50 tədqiqatçısından
biridir. İxtirası ilə dünyada azərbaycanlı gənc alim kimi
məşhurlaşıb. Hətta həmyerlimizin qatıldığı komanda ilə birlikdə
gördüyü işlər dünyada tanınmış "Applied Optics’’ jurnalında dərc
edilib. Belə ki, elmi karyerasını Massaçusets Texnologiya
İnstitutunda davam etdirən T.Xuduyevin də iştirak etdiyi komanda
bükümlü nanokabellərin işıq keçirməsini 20 faiz artırmağa nail
olub. Bu ixtira sayəsində bükülü (əyri) klassik nanokabellər işiği
20 faiz daha çox udaraq 50 faiz yer sahəsinə qənaət edəcək. Biz də
həmyerlimizlə ixtirası haqqında söhbətləşdik.
Əvvəlcə müsahibimizi tanıyaq...
Tural Bakıda anadan olub. İlk təhsilini Bakıda 275 saylı
məktəbdə aldıqdan sonra orta təhsilini Şirvan özəl türk liseyində
davam etdirib. Məktəb illərindən mühəndis olmağı qarşısına məqsəd
qoyan müsahibimiz iştirak etdiyi fizika olimpiadalarından
medallarla qayıdıb. Orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra
bakalavr təhsilinə Hacettepe Universiteti "Atom enerjisi
mühəndisliyi" fakültəsində davam edib.
Deyir ki, atom enerjisindən istifadə texnologiyasının
Azərbaycanda tətbiq olunması ən böyük arzularından olub: "Atom
enerjisinin əhəmiyyətini bir cümlə ilə belə ifadə edə bilərəm: 1
kiloqramlıq uranium ilə əldə etdiyimiz enerji 10 min kiloqramlıq
neft və ya 14 min kiloqramlıq kömürdən əldə olunan enerji ilə eyni
miqdardadır. Bu texnologiyanın Azərbaycanda tətbiq oluna bilməsi
arzularımdan biri idi və bunun üçün lazım olan texniki
informasiyaya sahib idim. Mənim təhsil aldığım fakültə Türkiyədə ən
çətin bitirilən fakültələrdəndir. Bu fakültə hər il 3-4 məzun
verir. Hətta ilk ilin sonunda bir çox tələbə çətinliyə görə ya
universiteti tərk edir, ya da fakültə dəyişir. Buna baxmayaraq, mən
ilk ilin sonunda fakültə birincisi seçildim, ortalama balım çox
yüksək olduğu üçün rektorluq, dekanlıq tərəfindən xüsusi
hədiyyələrlə təltif olundum.
İlk ixtiram
Gənc alim fakültəni uğurla bitirdiyi üçün magistr təhsili
almadan doktoranturaya qəbul olub: " Bilkənt Universitetinin
nəzdində olan Milli Nanotexnologiya Araşdırma Mərkəzində magistr
təhsili almadan birdəfəlik doktorantura təhsilimə davam etdim. İlk
uğurlu nailiyyətim kilometr uzunluğunda nanostrukturları çox asan
bir metodla əldə etməyim oldu və bir çox elmi xəbər saytları bu
ixtiranı vacib xəbər kimi verdi. Daha sonra Türkiyənin bütün
televiziya və qəzetlərində əks olundu".
Turalın ikinci ixtirası Amerikada konfransda məşhur alimlərə
məruzə edilib: "Növbəti işim qara rəngli bir maddənin
nanokiçiklikdə istənilən fərqli rəngə çevrilə biləcəyini
göstərdiyim tədqiqat idi. Bunun nəticəsi həm prestijli Amerika
jurnalında dərc olundu, həm də Amerikada əhəmiyyətli konfransda
alimlərə məruzə edildi. Hətta bu konfransdan sonra bir sıra
jurnalların redaktorları bu mövzunun gələcəyi haqqında müsahibə
götürüb öz jurnallarında dərc etdilər. Doktorantura təhsili
müddətində 10-a yaxın elmi məqaləm dərc olundu, Amerika və Avropa
ölkələrində 50-dən çox konfransda iştirak etdim. Bu nəticələrimə
görə hətta Avropanın 50 ən önəmli tədqiqatçısından biri olaraq
Venesiyada "Qlobal problemlər və bu problemlərin nanotexnologiya
ilə həlləri" mövzusunda tədbirə dəvət aldım. Birdəfəlik
doktorontura təhsilinin minimum 5 il olmağına baxmayaraq, yüksək
nəticələrə görə 4 ilə bitirdim və fəlsəfə elmləri doktoru
dərəcəsini əldə etdim".
Dünyaya səs salan kəşf
Dünyaya səs salan sonuncu ixtirası haqqında məlumat verən
müsahibimiz deyir ki, bu ixtira əsaslı dəyişikliklərə səbəb ola
bilər: "Sonuncu tədqiqatımız nanotexnologiyada çox əhəmiyyətli
hesab edilən silindirşəkilli nanostrukturlardan daha güclü enerji
toplama qabiliyyəti olan spiralvari sistemin mövcudluğunu ortaya
qoyur. Bununla nəinki istifadə olunan materiala və sahəyə qənaət
etmiş oluruq, eyni zamanda əldə olunan enerjinin miqdarını artırmaq
da mümkün olur. Spiral şəklindəki strukturlar işığın xüsusi
rezonans effekti ilə udulmasına və bu şəkildə daha yüksək güc əldə
edilməyinə kömək olur. Bu texnologiya xüsusilə öz-özünü enerji ilə
təmin edən və insanın üzərinə inteqrasiya edə bilən bütün kiçik və
orta sistemlər üçün çox önəmlidir. Məqaləmiz dərc olunduqdan dərhal
sonra Amerika Fizika İnstitutu və Amerika Optika Cəmiyyəti bizim
ixtiranı bütün dünyaya çatdırmaq istədiklərini bildirdilər.
Beləliklə, məqaləmiz məşhur agentliklərə, xəbər kanallarına yol
açdı".
"Korun görmə qabiliyyəti bərpa oluna bilər"
Gənc alimin sözlərinə görə, irəli sürdükləri mexanizm artıq
tədqiqat qruplarında istifadə edilməyə başlayıb: "Elmi cəhətdən
baxılanda, bu platforma nəinki işığın udma qabiliyyətini artırmaq
üçün, hətta spiralvari nanostrukturların digər fiziki
xüsusiyyətlərini anlamaq üçün yeni qapılar açır. Praktiki cəhətdən
baxıldıqda, bu ixtira optik və elektronik sistemlərə tətbiq oluna
bilər. Məsələn, indiki ən yaxşı kompyuterlərdə istifadə edilən
elektronik tranzistorların 10 mm kiçikliyində olduğunu düşünsək,
artıq daha kiçiyə enmənin çətin olduğunu deyə bilərik. Ancaq
alternativ olaraq optik tranzistorlar ortaya çıxmağa başlayır ki,
bunlar işıq sürətindən faydalanaraq prosesi daha tez bir şəkildə
həll edə bilər. Kompyuterdə minlərlə tranzistor olduğunu düşünsək,
optik tranzistorların kiçik və enerji cəhətdən sərfəli olmağı
lazımdır, ancaq indiki optik tranzistorlar buna uyğun deyil. Bizim
ixtiramız bu sistemləri çox yığcam və enerji cəhətdən sərfəli edə
bilər. Digər maraqlı tətbiq sahəsi bu funksioanl strukturların
insan paltarından enerji əldə etmək sistemi olaraq da qurula
bilməsidir. Məsələn, günəş enerjisinin miqdarı onun düşdüyü sahə
ilə əlaqəlidir və insan bədəninin sahəsi telefona enerji yükləmək
üçün kifayət edə bilər. Beləliklə, nəinki telefonu güclə təmin
etmək, hətta daha çox güc tələb edən elektronik alətləri də enerji
ilə təmin etmək mümkün ola bilər. Bundan əlavə, işıq dedektorları
da digər tətbiq edilə biləcək sahələrdən biridir. Məsələn, görə
bilməyən insanın gözünə bizim işığa həssas nanostrukturları
yerləşdirdiyimizdə, ölü sinir hüceyrələri bunlarla qıcıqlana və
insanın görmə qabiliyyəti bərpa oluna bilər. Bu və ya buna bənzər
tətbiq sahələrində hər zaman enerji sıxlığının yüksək olduğu
sistemlərə ehtiyac var və bizim bu tədqiqatla əldə etdiyimiz
nəticələr bunu təmin edə biləcək potensialdadır".
Texnologiya inqilabı, danışan paltarlar…
Müsahibimiz deyir ki, nanotexnologiya 21-ci əsrin texnologiya
inqilabı olaraq gözlənilir. Bu texnologiya ilə dünyada mövcud olan
demək olar, bütün sağlamlıq, enerji, qida, ekologiya məsələləri
həll oluna bilər: "Bu sahənin önəmi ondadır ki, burada qlobal
problemlərə daha real yaxınlaşmaq mümkündür. Məsələn, xərçəng
xəstəliyinin müalicəsi üçün bioloq təkbaşına deyil, kimyaçı, fizik,
elektronik mühəndisi bir yerdə işləyərək xəstəliyə həll yolları
tapmağa çalışır. İnsan beynini anlamaq üçün, sadəcə, həkimlər
deyil, elektronik mühəndislər, kompyuter mühəndisləri kimi fərqli
sahələrin insanları da iştirak edir. Necə ki maddənin ən kiçik
hissəsi atomdur, fiziki, kimyəvi və ya bioloji hadisələrin cərəyan
etdiyi ən kiçik ölçü də nanokiçiklikdir. Yəni bu kiçiklikdə maddə
kontrol edilə bilsə, yuxarıda sadalanan istənilən problemə həll
tapıla bilər. Hazırda dünyada bu sahə üzrə qızğın bir mübarizə
gedir. Bu texnologiyaya olan marağımın səbəbi nanodünyadakı
zənginliyi ortaya cıxarmaq motivasiyasıdır".
Müsahibimiz deyir ki, hazırda Massaçusetes Universitetində AFFOA
adlı yarım milyard dollar dəyərində dünya əhəmiyyətli layihə
üzərində işləyirlər: "Universitetdəki qrupumuzun səyi ilə yeni
proyekt üzərində işləyirik. Belə ki, fiber texnologiyalı polimer
materialları ilə yeni kəşflər üzərində işləyirik. Çox materiallılıq
xüsusiyyətinə malik və tikişə uyumlu fiberlər ortaya çıxarırıq.
Yəni sapın fiberlərdən olduğunu düşünək. Bu o deməkdir ki, insan
paltarı hərəkətlə, səslə, günəş enerjisi ilə, istilikdən, insan
dərisi ilə sürtünmədən enerji yığa biləcək və bu fiber
batareyalarla enerjini saxlayacaq. Yəni paltarlar "görmə",
"eşitmə", "danışma", "hiss etmə" qabiliyyətinə malik ola biləcək,
bundan əlavə, kirlənməyəcək, rəng dəyişdirə biləcək, eyni paltar
qışda isti, yayda sərin saxlayacaq. Ən əsası da insan sağlamlığını
daim nəzarət altında saxlaya biləcək. Bu kəşf inqilab mahiyyətində
olacaq".
"Yüksək mərtəbədə olmalıyam"
Müsahibimiz sonda gələcək planlarından da danışdı. Deyir ki,
əsas məqsədi öz tədqiqat qrupunu qurmaqdır: "Bir sonrakı addımım
indi durduğum yerdən bir mərtəbə yüksək olmalıdır və hər zaman
yuxarıya doğru getməliyəm. Bunun üçün öz tədqiqat qrupumu qurmağa
çalışacam. Nanotexnologiyanın dərinliklərinə girməyə və hədəflərimə
doğru getməyə çalışacam. Bundan əlavə, Azərbaycan gəncliyinin elmə
həvəsini artırmağı çox istəyirəm və bunun üçün lazımı səyləri
göstərməyi qarşıma məqsəd qoymuşam.