Yuxarı

Bu xanımlar niyə qapı arxasında saxlanılır?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın Konsensus Mərkəzinin “Qadın fermer təsərrüfatları: problemlər, təşəbbüslər və uğurlar” mövzusunda keçirdiyi yekun mətbuat konfransında mənə də söz verildi. Layihə çərçivəsində rayonlarda olduğumdan deməyə sözüm vardı. Salyan, Biləsuvar, Cəlilabad, Masallı rayonlarında gördüklərimin, müşahidə etdiklərimin, araşdırmalarımın nəticəsi olaraq yazılar yazsam da, elə məsələlər var idi ki, reportaj çərçivəsinə sığmır və onunla bağlı ayrıca söz deyilməlidir.

İlk olaraq onu deməliyəm ki, Azərbaycanda kənd təsərrüfatına maraq həmişə olub. Kəndli özünün təsərrüfatı ilə dolanıb, torpağın nazını çəkib, ona sığal verib. Bəzən də zərbi-məsələ çevrilən bu ifadəni işlədib: Torpaq deyir, öldür məni, dirildim səni...

Torpaq, obrazlı desək, onun yaxşı mənada bağrını yarana ruzi verib...
Azərbaycan qadınının fədakarlığı haqqında yeni söz demək mümkün deyil. Bu haqda çox deyilib, çox yazılıb. Əmək qəhrəmanı olan qadınlarımıza həsr olunan mahnılar dillərdə əzbər olub. Şamama Həsənova, Qızqayıt Həsənova, Sevil Qazıyeva, Tərlan Musayeva... Birmi, ikimi?

Bu günün əmək qəhrəmanları onlardan nəinki geri qalır, hətta irəlidədir. Bəzən texnikanın köməyi olmadan əkinçiliklə, heyvandarlıqla, quşçuluqla, tərəvəzçiliklə məşğul olurlar.

Yayda qızmar gün, payızda leysan yağış altında, qışda ayazda böyük zəhmət tələb edən işlər görən o qadınlar qəti həvəsdən düşmürlər. Təsərrüfatlarını genişləndirməklə güzəranlarını qururlar. Özlərinin təbirincə desək, torpağın nökəri, evinin xanımı, uşaqlarının anası olurlar.

Bəs, nədir onların qarşılaşdıqları problemlər? Bəzən Azərbaycan kişisi qadından qul əməyində belə istifadə etməyi özünə yaraşdıra bilir, onları zəif (zərif yox ha) olduqlarını qabartmaqla aşağılayır. Tarlada min zəhmətə qatlaşan qadının hansısa idarə və təşkilata üz tutmasını rəva görmür. Eləcə də əlaqədar təşkilatlar qadın iş adamları, fermer təsərrüfatları ilə dil tapa bilmir.

Qadın fermerlərimizlə söhbətimdən məlum olurdu ki, təbiətin şıltaqlığına dözən fermer qadınlarımız bəzən yerli icra strukturlarının biganəliyindən bezir. Hər şeyi axarına buraxır və ömürlərini bürokratik əngəllərin çərçivəsində davam etdirirlər.

Əldə etdikləri məhsulun bazara çıxarılaraq realizə edilməsinin mümkünsüzlüyü də (alver edə bilməmələri, abırlarına qısılmaları, özlərini hara gəldi soxmamaları...) qadın fermerlərin qarşılaşdıqları maneələrdəndir.

Masallının Xırmandalı kəndində fəaliyyət göstərən Sərimə Əhmədovanın tədarük etdiyi toyuq ətinin satışını həyata keçirmək, quş yeminə olan tələbatı ödəmək üçün əlavə torpaq sahəsi icarəyə götürə bilməməsi kimi hallar da var. Bu haqda Axar.az-da yayımladığımz yazıdan sonra Masallı RİH-nin başçısı Rafil Hüseynovun fermer xanımı qəbul etməsi, onun əməyinə dəyər verərək, bu maneələrin aradan qaldırılması üçün göstəriş verməsi sevindiricidir. Ancaq media hər fermer qadınımızla rəsmi qurumlar arasında vasitəçilik edə, onların qayğılarını yaza bilmir axı! Bəs, fermer qadınlarımız da abır-ismətlərinə sığınıb, qapılar döymürsə, nəticə necə olmalıdır?

Cəlilabadda o zərif xanımlarımızın min bir əziyyətlə, gül əlləri qabar ola-ola əkdiyi, becərdiyi kartof bəzi işbazlar, rəhmətlik Qabilin sözü ilə desək, “gülsatan abırsız yekəpərlər” tərəfindən ucuz qiymətə alınıb Rusiya bazarlarına çıxarılır. Azərbaycana isə Rusiyadan, Belorusdan, İrandan, Pakistandan kartof idxal olunur. Əvəzində itirən xanım fermerlərimiz və xalq olur, qazanan isə “abırsız yekəpərlər”.

Bəzi dövlət qurumları daxili istehsalın qayğısına qalmır, bir az poetik desək, nazını çəkmir. Fermer qadınları əsas qayğısı nədir – soyuq münasibət, rəsmi qurumların inamsızlığı, xanımların iş görə biləcəyinə şübhəli və etinasız yanaşmaları. Kişi təsərrüfat başçılarının aşa bildikləri məmur səddini keçməkdə qadın fermerlərimiz acizdir.

Ona görə də yerli məmurlar kişilərdən fərqli olaraq, qadın fermerlərin onların qapısını döyməsini gözləməməli, onları qapılarında gözlətməməlidir, özləri onların qapısını döyməlidir.

Tarix
2016.12.16 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Kimdir Mahirə Nağıqızı?..

Fərqanə, bu gün sənsiz gəldi...

Elə bil, vəsiyyət edirdi... - Aşıq Vüqar

Şərifin ifritə nənəsini...

Bakıya gedən yolu kəsən qəhrəmanlar - Video

Tərlan Qasımov təltif edildi - Foto

Göndərdiyin acılar sürüşür qucağımdan...

2017 yazarların yaddaşına belə köçdü - Sorğu

SSRİ-nin dağıldığı gün: Qorbaçovun Buşa məxfi zəngi - Mətn

Soyuq Arxangelsk, “Bakı” restoranı və doğma üzlər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla