Siyasət, hüquq və əxlaq
Bu günlərdə xeyli konspirasiya nəzəriyyələri dolaşır. Hər kəs
də, ağlından və savadından asılı olmadan, siyasətçi olub. Halbuki
ağızda dişi olan insan dentist olmadığı kimi, səsvermə hüququna
sahib olmaq siyasətşünas olmaq mənasına gəlməz.
Əfsuslar olsun ki, gənc nəslimiz liberal-demokrat ruhda
yetişmir; savadsızlıqla şərtlənən Asiya xalqlarına hakim olan
gerici mentalitet bizdə də dərin köklər salır. Konspirasiya (bizim
dildə "torba") nəzəriyyələri də elmi istinad və təhqiqatdan məhrum
zehniyyətlərdə əksik olmur. Ən yayğın konspirasiya teoriyasına
görə, dünyanı 500 nəfər idarə edir, hamısı da masondur. Qərb
dövlətlərinin də tək məqsədi, insanlığın qalan hissəsini
sümürməkdir. Demokratiya filan da boş şeydir. Onlar hamısı gözə
asmaq üçün pərdədir. Dünyanı imperialist mason yahudilər idarə
edir. Jirinovskiy belə gizli yahudidir. Bu səbəblə, demokratiya,
insan hüquqlarından, hüququn üstünlüyündən dəm vurmağın yeri
yoxdur. Maraqlıdır?
Hollivud kinoları qədər. Halbuki dünya tarixini biraz oxuyanlar
Avropanın inkişaf seyrini bilir və polis dövlət – liberal dövlət –
hüquqi dövlət mərhələsindən necə keçdiyini də bilməlidir.
Bu yazı siyasətin əxlaqı haqqındadır. Makkiavellinin "Hökmdar"
əsərində də görürsünüz ki, monarxiyanın belə əxlaqi əsasları vardı,
bunlar da hökmdarın legitimliyi üçün zəruri idi. Siyasətin müxtəlif
tərifləri vardır, bunlardan biri də "cəmiyyəti idarə etmə
prosessi"dir. Siyasət, başqa sözlə, idarəetmə cəmiyyətdə zəruridir.
Çünki insanlar hüquqsuz yaşaya bilməz; ona riayət olunması üçün
hüquq dövlət əli ilə icra və mühafizə edilməlidir.
Beləliklə, hüquq siyasətin həm zəruri ünsürüdür, həm də onun
hədlərini müəyyən edir. Siyasətin müasir əxlaqını məhz hüquq
müəyyən edir. Orta əsrlərdə siyasətin əxlaqını din və şərəf müəyyən
edirdi. Günümüzün dünyəvi dövlətində bunları hüquq əvəz edib.
Yuxarıda demokratiyadan və hüququn üstünlüyündən boş yerə
danışmadım. Demokratiya, insan hüquqları və hüququn üstünlüyü real
olmaya bilər, amma bunlar ən azı bir ideal olaraq qalmalıdır və
siyasi cəmiyyətlərə şərəf verən məhz bu prinsiplərə olan
sədaqətdir. Lakin bir çoxumuz plüralist demokratiyanın
elementlərindən belə xəbərsiz olduğumuz halda qalxıb çətin
hüquqi-siyasi təhlillər aparmağa cəhd edirik. O adama soruşsanız
ki, əsas insan hüquqlarını iqtisadi və sosial hüquqlardan ayıran
fərq nədir, o sizə deyər ki, ABŞ dünyada ən çox insan hüquqlarını
pozan dövlətdir.
Odur ki, induksiya qaydasında sadaladığımız bu anlayışlar -
insan hüquqları, hüquqi dövlət və demokratiya - eyni mənalara
gəlməməklə bərabər, biri-birindən ayrılmaz institutlardır və
cəmiyyətlərin son hədəfini təşkil edir.
Mənə inanmaya bilərsiniz, onda açıb ölkə Konstitusiyalarına
baxın, əmin olarsınız. Bu idealları tərk edən güruhçu zehniyyət
hadisələrin səbəbini və əsaslandırılmasını, dünyanın anti-islam
koalisiyasında, MOSSAD-ın hər şeyi görən gözlərində, ərəblərin
varlılığı və tənbəlliyində, rus imperializmində, fars
hiyləgərliyində, pulun hər şeyi ala bilən gücündə görür. Əslində
bunlar yox deyildir; dövlətlər arasında münasibətlərdə nəzərə
alınmalıdır, amma bu "xəstəliklər" və qüsurlar azad cəmiyyətin
istiqamətləndirici faktorları olmamalıdır. Azad insanlar da bununla
barışmamalıdır.
Demokratiyanın "conditio sine qua non" şərtləri var, bunlar
siyasi ədəbiyyatda keçir, məsələn Robert Dahl, ya da Sartori, ya da
başqaları bunları zikr edir; bunları oxumadınızsa, bilən kimi
danışmayın və ehkam kəsməyin. Hər kəs bildiyi ilə məşqul olsun,
bilmədiyini də öyrənsin. Təqlid etmə (başqasının bir şeyi doğru
bildiyinə inanma) tənbəllərin işidir. Liderin arxasınca kor-koranə
gedənlərin riski böyükdür; tarixə baxsanız, görərsiniz ki,
liderilərin əhəmiyyətli bir hissəsi səhv yolda olub. Bu ehtimalı
gözdən qaçırmayın.
Quo vadis – hara gedirik? Çıxış yolu nədir?
Məsələnin həlli intellektual cəmiyyət yaratmaqdır. Oxumaq,
müxtəlif mövqeli kitabları nəzərdə tuturam, insan inkişafı üçün
zəruridir. Almanlar bəzən çirkin "incəsənət" növləri ilə məşqul
olur; 2 il əvvəl birisi meyitlərin dərisini soyaraq, bunun
sərgisini də keçirmişdi. Almanlar yahudiləri də qırmışdı; lakin
həmən alman milləti MP3 səs formatını ecad etmişlər, istehsal
etdikləri avtomobillərin isə bənzəri yoxdur.
Şopen və Kantı da yaradan alman millətidir. 300 il sonra da
yadda qalan onlar olacaq, biz deyil. Bəs biz nə etdik bunun
üçün?
Stereotiplərin qurbanı olub, fərqli düşünənləri qınamaq, öz dar
üfüqümüzü dünyanın mərkəzi kimi görmək. Öz elmi və mədəni
inkişafımız üçün nə edirik? Ümumiyyətlə sənə baxıb sənin kimi olmaq
istəyən varmı? Etalon ola bildinmi? Olduq, amma cəhalətin,
zorbalığın və qaranlığın etalonu.
Birisi var, adını milliyətçi qoyub. Halbuki türk millət adına o
böyük bir xəcalətdir. Adamda nə etiket, nə savad, nə xarici dil, nə
dünyagörüşü var: – türk milliyətçiliyini niyə ləkələyirsən?
Bir başqası dindar keçinir. Halbuki təhlil edəndə görürsən ki,
onun-bunun səhvini düzəltməklə Allahın ədalətini təcəlli etməyi
məhz özünə vəzifə seçib. Sən get bir Tanrıya qul olmanı dərk et,
sonra panteizmə iddia et.
Bir başqası ateistdir. Amma analitik və şübhəçi düşüncə
tərzindən bu adamda nəsə axtarsan, xeyli vaxt itirərsən.
Bir başqası adını "dövlətçi" qoyub. Halbuki siyasət
ədəbiyyatında belə bir anlayış ümumiyyətlə yoxdur. Bu "dövlətçi"yə
qalsa, o məmurların zibil qutusuna atdığı kirli bir kağızı
"rəhmətlik babamın məktubudur" deyə öpüb gözlərinə basar. Bəlkə də
o kağızda onun tayfasını söyürlər.
Hamısı "dayaz" və riyakardır. İdeal olmayıb, qüsurlu və əskik
olduğumuzu düşünərək, daha yaxşı olmağa can atsaq belə, bir gün
anlayırsan ki, həyat bir, ya da iki həqiqətdən ibarət deyildir;
üstəlik mənim həqiqət bildiyim bəlkə heç də elə deyildir. Əşyanın
mahiyyəti və məzmunu haqqında şübhəyə girdikdən sonra biraz
psixoloji rahatlıq üçün formal çərçivələrə sığınmaya qərar veririk;
məsələn deyirik ki, qarşımızdakı insan cahil və səviyyəsiz olsa
belə, onunla mədəni davran.
Hüquq qaydaları da siyasətin məzmun baxımından əxlaqi, eyni
zamanda formal qaydalarını da təşkil edir. Bu səbəblə, hüququn
prinsiplərinə görə aparılmayan bir siyasət faciədən başqa heç nə
gətirməz, millətin gələcəyinə xidmət etməz və qaranlıq üfüqlərdən
bizi xilas etməyəcəkdir.