2015-ci il 9 fevral
tarixinin bir önəmi var: rus təyyarələri göyərtə üzərindəki
bayraqlarını gizlətmədən 2 dəfə Donbas ətrafındakı Ukrayna ordusunu
bombaladılar.
Eyni gündə də Avropa nazirləri Rusiyaya qarşı yeni bir gülünc
sanksiya qəbul etdi - bir neçə rusiyalı rəsmi şəxsin getmədikləri
Avropaya girişi yasaqlandı, Avropada olmayan pulları
donduruldu.
Rusiya isə Ukrayna ərazisini işğal etməyə davam edirdi.
İngiltərə 1.8 milyon həcmində texniki və hərbi dəstək versə də,
franko-alman alyansı Ukraynanın silahlanmasına razılıq vermədi. ABŞ
də susur, bəzi konqresmenlər "yardım edək" desələr də, ciddi bir
yardım görünmür.
Qərbin Ukraynaya görə Rusiya ilə müharibə etməyəcəyini hər kəs
bilirdi, lakin Ukraynaya hərbi dəstək verməyəcəyini heç kəs təxmin
etmirdi. Ən azından, Qərbin özündə belə sözü keçməyən Latviyanın
baş naziri kimi.
Yaddaşımızı bir az geriyə çevirək - Ukrayna 2013-cü ilin noyabr
ayından, Vilnüs sammitindən sonra qarışdı. O zamanlar Rusiya
yanlısı Yanukoviç, Avropa ilə gözlənilən Assosiasiya sazişini
imzalamaqdan imtina etdiyinə görə Ukrayna müxalifəti ayaqlandı,
Yanukoviçi devirdi. Yeni gələn pro-Qərb hökuməti və parlament Qərbə
qucağını açdı.
Mart 2014-də AB ilə Ukrayna arasında saziş imzalandı və sentyabr
2014-də saziş Avropa Parlamenti tərəfindən təsdiq olundu. Lakin o
günlərdə Krımın Rusiya tərəfindən ilhaq edilməsi ilə artıq
Ukraynanın önəmli bir hissəsində müharibə gedirdi.
Münasibətləri ailə hüququ platformasında izah etsək, belə bir
mənzərə çıxar: Avropa İttifaqı Ukraynanı öz evinə almağa qərar
verib, amma onu həyat yoldaşı kimi yox, kəniz statusunda görür.
Yəni Ukraynaya heç bir təminat göstərmədən, dağılan ölkəyə xoşbəxt
gələcəklə bağlı uydurma vədlər verir.
Belə bir vəziyyətdə ağıla gələn sual budur: bəs Qərb niyə belə
edir? Artıq demək mümkündür ki, Ukrayna aldadılmış bir ölkədir.
Lakin bu məsələdə ABŞ, ya da Avropa güclərinin nəyisə səhv
hesabladıqlarını düşünmək sadəlövhlük olardı.
İndi – dumanlar bir az dağıldıqdan sonra bəzi mənzərələr daha
aydın görünür. Ukrayna böhranının belə bir şəkil alması və bu
tələyə həm Rusiya, həm də Ukraynanın düşməsindən udan hələ ki,
Qərbdir. ABŞ sırf uduşdadır, Avropa isə müəyyən qədər iqtisadi itki
görsə də, Rusiyanın bu sanksiyalarla zəiflədikdən və bazarı
dağıldıqdan sonra münasibətlərin təkrar normallaşacağı dövrdə
dağıdılmış Rusiya iqtisadiyyatının Qərb qarşısında heç bir rəqabət
və müqavimət gücü qalmayacaq və Rusiya bazarları Qərbin nəzarəti
altına keçəcək.
Belə bir vəziyyətdə Qərbin Ukraynaya verdiyi bütün vədlər və
xəyalların boş bir cəfəngiyat olduğunu qeyd edə bilərik. Lakin
etiraz olaraq deyə bilərsiniz ki, Macarıstan, ya da Baltik
ölkələrinə Qərb daha səmimi davrandı, onlara qucağını səmimiyyətlə
açdı. Niyə bu, Ukraynada baş vermədi?
Bunun iki səbəbi ola bilər: birincisi, ukraynalıların slavyan
olduqlarından dolayı onların Rusiyadan tamamilə qopacaqlarına olan
inamsızlıq; ikinci isə, Rusiyanın Ukraynanı öz torpağı görməsi və
buna görə daha qətiyyətli davranmasıdır.
Bundan hansı nəticələr çıxarılmalıdır?
Ətrafdakı torpaqları yüzillərcə sümürən Rusiyanın qonşuluğunda
olan dövlətlər "yatmış ayını" oyatmamağa çalışmalıdırlar. Rusiyanın
qonşuluğunda olan məsələləri hərbi yolla həll etmə ənənəsi qədimə
söykənir və bundan da əl çəkənə oxşamır.
Qərb real təminat deyil, ancaq içi boş vədlər verir.
Müstəqilliklərini düşünən dövlətlər buna xüsusi diqqət
yetirməlidirlər.
Azərbaycanın Qarabağ məsələsində Qərbə olan ümidlərinin
mənzərəsi isə daha tragikomikdir; Minsk Qrupunun həmsədri olan
Fransa Ermənistan sevgisini gizlətmədiyi kimi, ABŞ da indiyə qədər
Azərbaycana qarşı yönələn qərəzli və ədalətsiz 907 saylı düzəlişi
qüvvədə saxlayır.
Mövcud Rusiya-Qərb qarşıdurması dərinləşəcəkdir. Bu
qarşıdurmadan maksimum dərəcədə faydalanmalıyıq. Bəzən bu
faydalanma müsbət bəhrə əldə etmək formasında deyil, itkiyə məruz
qalmama şəklində ortaya çıxır. Rusiyanın indi müttəfiqlərə və
dəstəkçilərə ehtiyacı çoxdur; odur ki, onunla daha isti
münasibətlər quraraq Ermənistana qarşı təzyiq siyasətinin
artırılmasına cəhd edilə bilər. Bu baxımdan AŞPA-da Rusiyanın səs
hüququndan məhrum edilməsi ilə bağlı Azərbaycanın mövqeyinin çox
uğurlu olduğunu qeyd etməliyik.
Bu səbəblərə görə, Azərbaycan hökumətinin illərdən bəri həyata
keçirdiyi bloklara qoşulmama, balanslaşdırılmış siyasət
xüsusiyyətləri qorunub saxlanmalıdır; daha əvvəl olduğu kimi, ilk
növbədə müstəqillik, iqtisadiyyatın diversifikasiyası, hərbi
sənayenin inkişafı və milli gəlirin artırılması kimi maraqlar öndə
tutulmalıdır.