Türkiyədəki Özgəcan cinayətindən sonra həm Türkiyədə, həm də ölkəmizdə ölüm cəzasının təkrar tətbiq edilməsinin zərurəti haqqında fikirlər səsləndirilməyə başlandı.
Ümumiyyətlə, ölüm cəzasının ləğvi ilə bağlı dünyada getdikçə
yayılan bir tendensiya var. Avropa Şurası və Birliyi üzvlərində
ölüm cəzasının tətbiqi qadağandır; bu cəzanı Avropa İnsan Hüquqları
Konvensiyasının əlavə 6-cı Protokolu ləğv edir. BMT çərçivəsində
isə 1966-cı il tarixli Mülki və Siyasi Hüquqlar Haqqında Paktın
seçmə 2-ci protokolu ölüm cəzasının tətbiqini qadağan edir.
Əslində, ölüm cəzası birdən-birə yığışdırılmadı. Regional
çərçivədə ölüm cəzası hələ ki, ancaq Avropa qitəsində tamamilə
qadağandır. Avropa Şurasında da bu, birdən birə olmadı, əvvəlcə
Konvensiyaya 1983-cü ildə əlavə kimi qəbul edilən 6-cı Protokol
opsional idi, daha sonra məcburi hala gəldi. Onu qeyd edək ki, ölüm
cəzasının yığışdırılması Avropada İntibah dövründən başlayan bir
mədəni inkişafın ayrılmaz xəlqəsidir - növbəti bir mərhələsidir.
Ölüm cəzasının olmasını istəyənlər bunu onunla əsaslandırırlar ki,
ancaq ölüm cəzası kimi ağır cəza bəzi cinayətlərin sayını azaltmağa
kömək edə bilər. Yəni cəmiyyətin bəzi üzvləri hər halda ən ağır
cinayətləri törədəcəklər, amma əhəmiyyətli sayda potensial
cinayətkarlar ölüm cəzasından qorxub çox ağır cinayətlərə
getməyəcəklər.
Bu iddia yersiz və əsassızdır; məsələn, Pakistanda ölüm cəzası
var, lakin İtaliyada yoxdur. İtaliya Avropada cinayətkarlıqda xeyli
yüksək səviyyədə olsa da, statistik hesabatlara görə zorakı
cinayətlərin sayı Pakistanda İtaliyaya nisbətdə 270% daha çoxdur.
ABŞ-ın bir çox ştatında ölüm cəzası saxlanılsa da, oradakı
cinayətkarlıq səviyyəsi xeyli immiqrantın yaşadığı Fransadan daha
yüksəkdir.
Ölüm cəzasının ləğvini şərtləndirən digər amil hüquqidir: hər
bir sistemdə həmişə məhkəmə səhvi ola bilər. Nəzəri olaraq
mümkündür ki, zəruri müdafiə halında kimisə öldürmüş şəxs bunu
sübuta yetirə bilməsin və ölüm cəzasına məhkum olunsun. Ya da bir
nəfər şərlənib ölüm cəzasına məhkum edilə bilər, lakin həqiqəti
sonradan öyərənsəniz belə bu vəziyyəti düzəldmək mümkün
olmayacaqdır.
Başqa bir səbəb - dini-əxlaqidir: deyilir ki, insana həyatı bəxş
edən Tanrıdır və sadəcə Tanrı onun həyatına təbii yolla son qoya
bilər. Dövlət insana həyat bəxş etmədiyi üçün insanı həyatından
məhrum edə bilməz. Əgər şəxs cəmiyyət üçün təhlükəlidirsə, onu
təcrid etmək mümkündür.
Və nəhayət, ölüm cəzasının ləğvini şərtləndirən son səbəb
siyasidir. Bir ölkədə ölüm cəzası verilə bilirsə, o, ən ağır
cinayətlərə görə verilir. Cinayət qanunvericiliyi adətən bu cür
cinayətlərə - birdən çox şəxsi vəhşi hisslə və ya köməksiz
vəziyyətdə, ya da zorladıqdan sonra olan öldürmə, habelə vətənə
xəyanət, casusluq, ağırlaşdırıcı hallarda terrorizm kimi əməllərə
görə - ölüm cəzasını nəzərdə tutur. Diqqət edilsə, son
saydıqlarımız sırf siyasi motivli ola biləcək cinayətlərdir. Bu da
o deməkdir ki, müəyyən dövrdə müəyyən iqtidarlar öz rəqiblərini bu
cinayətlərlə ittiham edərək rahatlıqla öldürə bilər. Tarix bunun
dəfələrcə şahidi olmuşdur. Məsələn, 30-cu illərdə SSRİ-də minlərcə
insan bu ssenari ilə "xalq düşməni" libası geydirilərək
öldürülmüşdür.
Bu səbəblərə görə mədəni dünya ölüm cəzasından qəti və
birdəfəlik imtina etmişdir. Ağır cinayətkarlıqla mübarizənin ağır
cəzalardan yox, müvafiq həyat standartı təmin edib düzgün tərbiyə
və təhsildən keçdiyini anlayıblar. Lakin hər bir cəmiyyətdə mümkün
sadist cinayətkarlara görə rejimin sərtləşməsinə gedilmir - bu cür
anormal cəmiyyət üzvləri üçün sadəcə olaraq ömürlük həbs cəzaları,
islah oluna biləcək şəxslərə isə azadlıqdan məhrum etmə ilə bərabər
müəyyən islahedici tədbirlər tətbiq olunur.
Odur ki, bir insanın xüsusi dərəcədə ictimai təhlükəli olması
insanlığın tərəqqi kimi əldə etdiyi bir səviyyədən geri dönməsinə
səbəb ola bilməz. Müasir cəmiyyət daha da humanistləşəcək, həmişə
ortaya çıxa biləcək Beriyalar, Çakkal Karloslar, Üsamə bin Ladenlər
isə cəmiyyətin mədəni inkişafına əngəl ola bilməyəcəklər.