Gəncədə 17 yaşlı yeniyetmə
qızın dünya tibbi üçün inanılmaz sayılacaq bir səbəbdən – narkozun
düzgün verilməməsindən dünyasını dəyişməsi və buna bənzər
bir-birinin ardınca baş verən hadisələr, pasientlərin həkim
səhlənkarlığından ölüm hallarının artması ciddi narahatlıq doğurur.
Cəmiyyətdə rezonans yaradan, ölkə səhiyyəsinə inamsızlıq doğuran bu
cür səhlənkar, məsuliyyətsiz həkimlərin qarşısının alınması artıq
günümüzün vacib probleminə çevrilib. Son illər bu problem niyə bu
qədər şişib və hüquq bu problemin qarşısını necə
almalıdır?
Əlbəttə, bu cür ölümlərin statistikasının artmasının əsas səbəbi
demoqrafik artım deyil, savadsız və təcrübəsiz həkimlərin heç nədən
çəkinməməsi və insanların həyatına qıyacaq risklərə getməsidir.
Onlar ona görə "cəsarətlə" bu riski edir ki, bu cür
ehtiyatsızlıqdan adam öldürən həkimlərin və onların çalışdıqları
klinikaların məsuliyyəti qanunvericiliyimizdə tam müəyyənləşməyib.
Avropa yurisdiksiyalarında klinikalar həkimin səhvinə görə maddi
məsul hüquqi şəxs kimi məsuliyyətə cəlb edilirlər və ölənlərin
yaxınlarına həddən artıq böyük (yüz min dollarla ölçülən) məbləğdə
kompensasiyalar ödəyirlər. Bu cəza isə klinikaları müqavilə
bağladıqları həkimləri daha ciddi araşdırmağa və daha peşəkarlarla
işləməyə sövq edir.
Həkimlərin də maddi məsuliyyəti ilə bərabər, cinayət
məsuliyyətinin artırılmasına zəruri ehtiyac yaranıb, çünki başqa
cür bu ölüm hallarının qarşısını almaqda hüquq çarəsizdir. Hazırda
Azərbaycan Cinayət Məcəlləsindəki 124-cü maddə (ehtiyatsızlıqdan
insan ölümünə səbəb olma) təqsirli həkimlərə ədalətli cəza nəzərdə
tutmur. Həmin maddənin 1-ci bəndinə görə, bir insanı
ehtiyatsizliqdan öldürmə çox yüngül cəzalarla (cərimə, şərti cəza
və ən ağırlaşdırıcı halda, üç ilədək azadlıqdan məhrumetmə ilə)
cəzalandırılır. Müqayisə üçün qeyd etmək istəyirəm ki, bir maşın
sürücüsü bir şəxsin ölümünə səbəb olarsa, onun cəzası daha ağırdır
– 2 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Halbuki sürücünün təqsiri daha ani və qısadır; həkimin isə daha
uzun düşünmə imkanı vardır.
CM-in 124-cü maddəsinin əskik tərəfi də budur – həkim səhvinin
dərəcəsini nəzərə almadan, ağır ehtiyatsızlıq formalarında belə 3
ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur. Halbuki bu
maddənin də ədalətli cəza hissəsi, CM 263.2-də olduğu kimi, azı 2
ildən başlamalı idi.
Sual oluna bilər ki, bəzən valideyinlər ehtiyatsızlıqdan
övladların ölümünə səbəb olurlar; onsuz da yıxılmış valideyn üçün
ayrıca azadliqdan məhrumetmə cəzasının verilməsi qeyri-insanı
olmazmı?
Unudulmamalıdır ki, belə hallarda məhkəmə şərti cəzadan istifadə
edəcək.
Səhlənkar həkimlərin adekvat cəzalanması üçün hüquqi baza
yaratmasaq, bu cür həkimlər doğmalarımızı öldürməklə bizi
cəzalandırmağa davam edəcəklər.