Səhiyyə Nazirliyi ölümündən bir aydan çox vaxt ötən
Nərmin Hüseynlinin 40 mərasiminə yaxın onun "müvafiq mütəxəssislər
tərəfindən tibbi müayinədən keçirib, müalicəsinin və dərman
preparatları ilə müəyyən olunmuş qaydada təmin olunmasına" qərar
verib.
Həkim səhlənkarlığının nə ilk, nə də sonuncu qurbanı olan 17
yaşlı N. Hüseynlinin ailəsi nazirliyin qızlarına göstərdiyi bu
"diqqət"ə verəcək cavab tapmayıb. Həkimlərin qətlə yetirdiyi
qurbanlardan ancaq biri olan N.Hüseynliyə səhv diaqnoz qoyan da,
ona ölümündən sonra müalicəsi üçün yardım edən də Səhiyyə
Nazirliyidir.
Virusla analoqu olmayan mübarizə
Ancaq sözügedən nazirliyin səhhətimizin qeydinə qalması təkcə bu
faktla yekunlaşmır.
Sözdə Hepatit C kimi təhlükəli virusla mübarizə aparan
nazirliyin bu yöndə atdığı addımlar da boğazdan yuxarı deyil.
Ölkədə bu virusa yoluxma dərəcəsi kritik həddə çatdıqdan sonra
nazirlik bu istiqamətdə addım atmağa başladı. Problemin həlli kimi
300-dən çox diş klinikasının fəaliyyəti dayandırılsa da, bu
stomatoloqların gizli şəkildə öz işlərini davam etdirməsi ilə
nəticələndi.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova
"Axar.az"a açıqlamasında nazirliyin bu istiqamətdə tez-tez
yoxlamalar apardığını bildirmişdi. O, araşdırmaların nəticəsi
olaraq Hepatit C virusuna yoluxma hallarında artım olduğunu desə
də, bunun qorxulu həddə olmadığını bildirmişdi. Nazirlik sözçüsü
gigiyenik qaydalara riayət etməyən mərkəzlərin aşkar edilməsində
vətəndaşları da diqqətli olmağa və nazirliyə yardım etməyə
çağırmışdı.
"Qaynar
xətt"in soyuq münasibəti
Nazirliyin bu çağırışına biganə qalmayıb Binəqədi rayonu,
Seyidzadə-29 ünvanında yerləşən şəxsi evdə qeyri-qanuni stomatoloji
mərkəzin fəaliyyət göstərməsi ilə bağlı onları xəbərdar etdik.
Ancaq gizli şəkildə işləyən stomatoloji kabinetdə baş verə biləcək
hər hansı fəsada görə kimin məsuliyyət daşıyacağına nazirlik özü də
məsuliyyətsiz yanaşdı.
Nazirliyin əməkdaşı S.Əhmədova sözügedən mərkəzin lisenziya ilə
fəaliyyət göstərib-göstərmədiyini özümüzün də müəyyən etmək
iqtidarında olduğumuzu dedi:
"Hansısa tibb mərkəzinin fəaliyyətindən və sanitar vəziyyətindən
narazı olan istənilən vətəndaş mərkəzin sahibindən onun
lisenziyasını tələb edə bilər".
Müraciətinizə verilən cavabı
gözləyən aqibət
Nazirliyin şikayətlərə operativ şəkildə baxmalı olan "Qaynar
xətt"i də daxil olan zənglərə nazirliyin Hepatit-C virusu ilə
mübarizə apardığı formada reaksiya verir. Operativliyi "göz
qamaşdıran" "Qaynar xətt"in şikayətinizə baxması üçün Səhiyyə
Nazirliyinə yazılı müraciət ünvanlamaqdan başqa çarəniz yoxdur.
Yazılı müraciətinizə veriləcək cavabı isə N.Hüseyinliyə ölümündən
sonra göndərilən məktubdan heç bir fərqi olmayacaq.
S.Əhmədova da qeyd edir ki, "Qaynar xətt" həkimin xəstədən
rüşvət tələb etməsi, pasiyenti kobud şəkildə qarşılayıb yola
salması, xəstəni qəbul etməməsi kimi şikayətlərə baxır.
Vəssalam...
Diplom
verdiyi həkimlərin səhlənkarlığı üzündən həyatını itirənlərin
ardı-arası kəsilməyən ölkənin Səhiyyə Nazirliyindən ölən şəxsin
pulsuz müalicəsini öz üzərinə götürməsinə, Hepatit C kimi təhlükəli
virusla bu şəkildə mübarizə aparmasına təəccüblənmək lazım deyil.
Nazirliyin sağlamlığımızın keşiyində hansı formada durmasının əlavə
şərhə ehtiyacı yoxdur.