Doğrusu, bu yazı kinimin məhsuludur. Bəllidir ki, hər
dövrdə yaşlı nəsillə gənc nəsil arasında probləmlər olur. Yəni
bir-birini bəyənməmək problemi.
Bu problem hər zaman olacaq. Səbəbi isə yaşlılarla gənclərin
dünyagörüşünün fərqli olmasıdır.
Gənclərin müasir hərəkətləri həmişə yaşlıları qıcıqlandırır,
onlar gəncləri öz dövrləri ilə müqayisə edir, fəqliliyi gördükcə
gəncləri tənqid etməyə başlayırlar.
Mənə maraqlıdır, insanlarda bu xüsusiyyət nədən və niyə yaranıb?
Bütün işləri gənclər görməlidir?! Bütün səhvləri ancaq gənclər
edir?! Hansı ahılın ağzını arayırsan, üzünə od püskürür, "bizim
gəncliyimiz zaydır!""- sonluğunu elə qoyur ki, elə bil, düşməni
haqqında danışır.
Bizlərlə probləminiz nədir axı? Bilirik, bizi daha yaxşı, daha
bacarıqlı, daha işgüzar görmək istəyirsiniz. Amma inanın, biz nə
qədər yaxşı olsaq da sizi qane etməyəcək.
Sizdə bəhanələr çoxdur. Gənc həm oxumalıdır, işləməlidir, az
gəzməlidir, çox danışmamalıdır, fəal olmalıdır, az pul
xərcləməlidir (hara xərcləsək, "israfçılıq" sayılır), kompüterlə
məşğul olmamalıdır, əks cinsin nümayəndəsiylə gəzməməlidir…
Saydıqlarımın bəzilərinə fikir verin: bir-birinin əksinədir.
Bunu etsəm, o birini şərt qoyacaq, onu etsən, bu birini.
Sizin bizdən bu qədərini tələb etməyinizin səbəbi nədir? Niyə bu
qədər məsuliyyət yükləyirsiniz üzərimizə? Niyə bizi bəzi
istəklərimizdə sərbəst buraxmırsınız? Özümüz olmağımıza niyə icazə
vermirsiniz?
Biz həmişə böyüklərimizə hörmətlə yanaşdığımız halda,
böyüklərimizin əksərindən hörmətsizlik görürük. Anlamaq istəmirlər
ki, indiki gənclik daha savadlı, intellektual, bu dövrü, bu dövrün
tələblərini onlardan daha yaxşı bilən gənclikdir.
Hamısı deyir, bizim vaxtımızda gənclər belə deyildi. Axı, niyə
qəbul etmək istəmirsiz ki, o, sizin dövrünüz idi, sizin dövrün
tələbi o idi. Axı bu reallıqdır ki, siz geri qalırsınız, zamanla
ayaqlaşa bilmirsiniz.
Bizdə elə qorxu yaratmısız ki, istəsək də özümüz ola bilmirik,
bu dövrü daha yaxşı yaşaya bilmirik, bu dövrün problemlərini həll
edə bilmirik. Buna siz icazə vermirsiniz.
Bizə yol göstərin - sizi dinləyəcəyik, tövsiyyələrinizə diqqət
edəcəyik. Amma məcbur etməyin, bizə ikiüzlü olmağı öyrətməyin. Yaşa
önəm verməyin, başa önəm verin. Gənclər danışanda onları yola
verməyin, dinləyin, fikirlərinə hörmətlə yanaşın. Qarşınıza hansı
yaşda insanın çıxmasına yox, hansı başda insanın çixmasına fikir
verin!
Unutmayın ki, hər bir insan özünə görə unikaldır!