Anamla Anamlı Anlarımı
Anarkən...
Özümü küskün, sınıxmış, Sənsiz və Tənha göstərmərəm. Nə Sənə, nə
bir kimsəyə. Buna ehtiyac da yox. Axı Sən bizdən ayrılmayıbsan ki,
məzlum, yetim görünək. Sənin yerin görünmür, Ana. Sən elə həmişə öz
yerindəsən: ocağımızın, ürəyimizin, süfrəmizin başında,
xeyir-şərimizdə. Hər yerdə, uşaqlarımızla, ailəmizlə... Ancaq bir o
fərqlə ki, day Sən dinmirsən, nəyisə irad tutmursan, göstəriş
vermirsən. Bu arxayınçılığından da hamımız rahatıq: Sən artıq bizə
inanırsan, nə ediriksə, düz etdiyimizdən, öyrətdiyin kimi
etdiyimizdən, adına layiq addım atdığımızdan məmnunsan. Day bu
yaşda da bizdən nigaran qalası deyilsən ki...
Axı Sən sözü bir dəfə deyən Anasan!
Axı Sən sözü bir olan Anasan!
... Və artıq bir ildi Səninlə xatirələri bölüşürük – hesabatımız
Sənədi. "Cənnəti ayaqaltı edən analar"ın balaları kimi ancaq bir
şeyin fərqindəyik: cənnəti bütün müqəddəsliyi və paklığı ilə
başımızın üstündə duyuruq, hesabımızı götürürük! O hesabı ki, hər
kəs anasını mələk bilir və belə təqdim edir. Və hər kəs də həm də
özünü, ailəsini, elini, obasını tanıyır.
Bizim Sənin axirət dünyandan narahatçılığımız yox, Ana!
Bizim Səni axirətdə narahat qoyacaq əməlimiz də yox...
Bizim də, elə Sənin də bir vaxtlar sevincin 9 May idi.
Sən bizə həyatda qələbənin, qalibliyin dadını-tamını
dadızdırmışdın. Biz Səninlə birgə və Sənlə bildik qələbə
şirinliyini.
Biz həm də elə Səninlə birgə və Sənlə bildik itkilərin
acısını-ağrısını.
Şuşa itkisi də, işğalda olan torpaq həsrəti də, umsuq qaldığımız
əzəli və əbədi qələbələrə tamarzılıq da Sənin indiki halın
kimidi.
Şuşa da susur – sınağındadı Allahın...
Sən də susursan – sınağındayıq Allahın...
Torpaq da susur – sınağındadı Allahın!
Səbr bizlik olmasa da gərək gözləməyi bacaraq!
Övlad olaraq Sənə qovuşmaq istəyi nə qədər atəşindirsə, Şuşaya
da, qalan torpaqlara da cəm halda o yanğıyla təşnəyik.
Sən özündən sonra Qələbə tarixini üzümüzə açıq saxladın –
səkkizindən sonra doqquzu gəlir. Bunu ancaq Sən edə bilərdin –
gedişin Qələbə ilə qeyd olunsun!
Yerin cənnətdi, Ana! Bax, bu anlamda bu dünyanı qalib tərk
etməyinlə sevinirik, nəfsinə sahib, balalarına, elinə, obana,
ailənə nümunə.
İnsanlara ölümündən sonra verilən qiymət ən düzgün qiymətdir.
Sən də, bütün analar da, ana olmayanlar da bilir ki, indi dünyanın
elə düzənidi ki, (yəni demokratiya baxımıından) yalandan tərif
demək olmur. Yaxşı olmayan analara yaxşı demirlər yalandan.
Sağ ol, Ana – bizi Sənə alnıaçıq, üzüağ "bizim gözəl Anamız"
deməkdən məhrum etmədiyin üçün!
Sağ ol, Ana - bizi gözəl ananın övladları kimi bu dünyaya əmanət
edib qalib gedə bilməyi bacardığın üçün!
Şuşa da qayıdacaq!
Bütün torpaqlar da!
Qələbələr də çox olacaq! Lap çox!
Amma bir daha Sənin kimi qalib gedib qayıtmaq istəməyən
olmayacaq!
Sizlər – qalib gedən analar, bizim gözəl analarımız, harada
olsanız, gələrik!
Biz gələrik! Bizi bu dünyaya gətirib bu dünyadan gedən
analar!
Təki Siz olan yerlərdə olaq – hər ananın öz yeri var.
Bizi arxayın edən Anamız, bizi arxayın edən Analarımız, bizi
cənnətdə gözləyən analarımız...
Həə, Nənə, ev içində çağırdığım kimi, el içində də deyim:
Nənə... yaman darıxmışam. Bildin də... niyə? Sənin bilmədiyin nəsə
oldu ki?
Sənə deyim bir də, həmişə dediyim kimi, amma day Sən həmişə
baxdığın, cavabladığın kimi cavablama, yaxşımı?
"Mənim Anam Azərbaycandır. Azərbaycan mənim Anamdır".
Gör neçə ildir Azərbaycan mənim Anamdı, Azərbaycan mənə Ana
nəvazişi göstərir, Anasızlığımı hiss etdirməyəcək qədər
qayğıkeşdir, Nənə. Görürsənmi, düz demişdim...