Axar.az
Yuxarı

Geri dön, birlikdə quraq...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir zamanlar, hardasa 10-15 il öncə bir insan haqları müdafiəçisi vardı – Marek Novitski. Polşa əsilli bu şəxs öz ölkəsində – Polşada daha yaxşı həyat uğrunda mübarizədə bir çox məhrumiyyətlərlə üzləşmişdi. O, həmişə demokratiya və insan haqları, qanunçuluq və ədalətli cəmiyyət savaşının önündə olmuşdu. Hətta həbsxana görmüş və ədalətsiz münasibətə məruz qalmış öndərlərdən biri idi o. O bir qəhrəmandı, o bir insan haqları fədaisidi.

Ancaq heç vaxt siyası sığınacaq axtaran birisi deyildi o. O, heç vaxt öz ölkəsi – Polşadan kənarda daha yaxşı və asan yaşam üçün yollar axtarmırdı. Düşünürdü ki, daha yaxşı yaşam, daha çox demokratiya və qanuna sayğı onun Vətəninin daxilində olmalıdır. Ona görə də ozamankı kommunist Polşa hakimiyyətinin təhdidlərinə baxmayaraq öz ölkəsini dəyişmək üçün əlindən gələni edirdi. Amma yenə də deyirik, heç vaxt hardansa siyasi sığınacaq almağı düşünmürdü. Çünki gerçək bir demokratiya və insan haqları savaşçısı idi. Çünki öz ölkəsində dəyişikliklər istəyirdi. Çünki yalnız öz ölkəsinin və həmvətənlərinin xoşbəxtliyini düşünürdü.

Günlərin birində bir Azərbaycanlı jurnalist və başqa bir insan haqları fəalı Marek Novitskinin seminarına qatılmaq üçün Polşaya gedir. Bir həftə çəkən seminardan sonra jurnalist Marek Novitskidən xahiş edir ki, onun Avropa ölkələrindən birində siyasi sığınacaq almasına yardım etsin.

“Niyə?” – deyə Novitski soruşur.

O cavab verir ki, Azərbaycan hakimiyyəti repressivdir və əgər geri dönərsə, onu həbsə atacaqlar.

Buna diqqətlə qulaq asan Novitski cavab verir: “Qayıt öz ölkənə. Hətta səni həbs gözləyirsə belə. Get və ifadə azadlığı, insan haqları uğrunda mübarizəni davam etdir. Biz Polşanı bu yolla dəyişmişik. Biz həbslərdə yatmışıq, döyülmüşük, davamlı olaraq basqılar altında olmuşuq. Amma heç vaxt öz ana yurdumuzu tərk etmək haqqında düşünməmişik. Çünki biz inanırıq ki, əgər siz öz ölkənizdə daha çox demokratiya, insan haqlarına sayğı istəyirsinizsə, Vətəninizdə qalmalı və onlar uğrunda mübarizə aparmalısınız. Biz Polşada yeni qaydalara – demokratiyaya bu yanaşmayla nail olmuşuq. Ona görə də sənin geri dönüb öz ölkəni dəyişməyin lazımdır. Əgər dönməzsən, sənin ölkən də dəyişməyəcək”.

Mən rəhmətlik insan haqları patriarxı Novitski ilə tam razıyam. Əgər biz öz yeni demokariyalarımızda daha çox demokratiya, açıq cəmiyyət və qanunun aliliyini istəyiriksə, ölkə içində qalıb yeni həyat qurulmasına yardımçı olmalıyıq. Yox, əgər biz ölkəmizi tərk edib demokratiyanın yoxluğu iddiasıyla çıxış etsək bunun bizə elə də faydası olan deyil.

Azərbaycan hakimiyyəti bəzən çox da demokratik olmayan kimi görünə bilər. Bu, başadüşüləndir. Çünki ölkə demokratiya yolunda hələ yenidir. Bizim irəli demokratiyalarda əldə edilmiş standartlara çatmağımız üçün mümkün qədər çox təcrübəyə ehtiyacımız var. Bizim həm də mümkün qədər çox sayda çalışqan vətəndaşa ehtiyacımız var ki, onlar yorulmadan hökumətlə birlikdə ölkəmizdə demokratiyanın təmin edilməsinə töhfə versin.

Mən onlardan biriyəm. Mən daha az imkanların olduğu dövrdə də yaşamışam. Milli azadlıq hərəkatına qoşulanda hələ tələbə idim. Mən öz gündüzlərimi və gecələrimi Ermənistanın təcavüzünə və Rusiyanın davamlı təsirinə etiraz aksiyalarında – Bakı küçə və meydanlarında keçirmişəm. Mən öz ölkəmin tam şəkildə azad olmasını istəyirdim. Bu yolda hətta aclıqla, həbslə, döyülmə və təzyiqlərlə də üzləşmişəm. Başımın üzərində bir damımın, cibimdə pulumun və yaxşı əlaqələrimin olmadığı zamanlarda bir yalquzaq kimi inanırdım ki, bir gün gələcək, Azərbaycan sabit, açıq və dünyəvi demokratik ölkəyə çevriləcək, burada insanlar özlərini bütün kənar müdaxilələrdən azad hiss edəcək.

Zaman keçdi və mənim ölkəm hər il bir qədər dəyişdi. Biz iqtisadi böhranı arxada qoymağı bacardıq. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə və hələ də nəzarət altında saxlanılmasına baxmayaraq qaçqın və məcburi köçkün böhranı da artıq arxadadır.

Vətəndaş cəmiyyəti, media və müxalif səslər məsul şəxslərlə vacib məsələləri müzakirə etmək üçün getdikcə daha çox imkanlar əldə edir. Prezident İlham Əliyevin hakimiyyəti keçmiş Sovet məkanında ən açıq hökumətə çevrilib. Prezidentin özü belə media, vətəndaş cəmiyyəti və siyasi fəallarla dostluq əlaqələri içindədir.

İndi Azərbaycan dünyanın ən təhlükəsiz və sabit ölkəsidir. Biz başqa mədəniyyətlərə münasibətdə tolerant millətik və mültikulturalizm həyat tərzimizə çevrilib. Xristiyanlar, yəhudilər, müxtəlif müsəlman məzhəbləri, hətta kiçik dini icmalar Azərbaycanda birlikdə xoşbəxtdirlər.

Yeni texnologiyalarla dəstəklənən ali təhsil almaq istəyən gənclər bu arzularına heç bir əngəlsiz çata bilirlər. Hətta Azərbaycandan kənarda təhsil almaq istəyənlərə də yaşıl işıq yandırılır və hökumət Təhsil Nazirliyi vasitəsilə onlara təqaüd belə ayırır. Nəticə də budur ki, minlərlə Azərbaycan gənci ölkənin universitetlərində oxuyur. Əlavə olaraq bir neçə min gənc də xaricdə oxuyub, oxumağa davam edir. Hökumət ildən ilə daha çox gəncin Qərbdəki universitetlərdə oxuyaraq ölkəmizə yeni təcrübələr qazandırmasını həvəsləndirməkdədir. Çünki buna hələ də çox böyük ehtiyac var.

Nəticə budur ki, xarici ölkələrdə ali təhsil almış minlərlə Azərbaycanlı gənc ölkəyə qayıdıb və millətin ehtiyaclarına xidmət edir. Bəzən onlarla, bəzən də yüzlərlə belə gəncimizi dövlət qulluğunda görmək olar. Onlardan bəziləri isə parlament üzvü kimi xidmət göstərir. Bu isə o deməkdir ki, hakimiyyət gənc vətəndaşlarımızı ölkə xaricində oxudub geri gətirərək Azərbaycan xalqının faydası üçün çalışdırmaqda maraqlıdır.

Bütün bunları oxucular üçün izah etməyə niyə ehtiyac duyuram? Sadəcə buna ciddi gərək olduğu üçün. Çünki bəzən bəzi şəxslər bənzər açıq platformalardan istifadə etməklə bəzi ölkələri hədəfə alaraq gözdən salmağa çalışırlar.

Mən bilirəm və anlayıram ki, daha demokratik cəmiyyətlər üçün bizim davamlı mübarizə aparmağımız lazımdır.

Və mən bilirəm, anlayıram ki, yer üzündəki istənilən hakimiyyət o demokratiya savaşçılarını sevmir. Ancaq bütün hakimiyyətlər demokratiya və qanunçuluq uğrunda mübarizəyə dözümlü yanaşmalıdır.

Azərbaycan hakimiyyəti də istisna deyil. Bu hakimiyyət dialoqa açıqdır, fərqli fikirlərə münasibətdə tolerantdır və gerçək dəyişiklik istəyən hər kəs üçün əlçatandır. Ancaq təbliğat məqsədilə gözdənsalma metodlarından istifadə edənlər Azərbaycan hakimiyyəti tərəfindən rədd edilir.

Hakimiyyət belə davranmaqda haqlıdırmı? Düşünürəm ki, bəli. İstənilən şəxs birisinin ona münasibətdə ictimai faydanı deyil, pis məqsədləri rəhbər tutduğunu anladığı zaman bu fərdə və ya qrupa dözümlü yanaşa bilməyəcək. Bu hal Azərbaycan üçün də keçərlidir.

Bir neçə gün öncə mən openDemocracy.net-də Arzu Qeybullanın “Azərbaycan beyinləri necə itirir” adlı yazısını oxumuşdum. O, iddia edir ki, gənc zəkalar daha yaxşı həyat və iş şəraiti üçün ölkəni tərk edirlər. O haqlıdırmı? Elə görünə bilər ki, bəli. Bəs gerçəklik necədir? Gerçəklik budur ki, bəzi gənclər Arzunun təsvir etdiyi səbəblər üzündən Azərbaycanı tərk edib və etməkdədir. Ancaq bunların sayı çox azdır. Hardasa onlarla deyə biləcəyimiz qədər. Əksinə, yuxarıda qeyd etdiyimiz kimi, minlərlə gənc Azərbaycanlı ölkə xaricində təhsil alıb geri gəlir və daha yaxşı gələcək qurmaq üçün töhfələrini təqdim edir.

O gənc adamlar anlayır ki, Azərbaycan bizim evimizdir, bizim ölkəmizdir və bizim özümüzdən başqa heç kim onun sabit və inkişaf edən gələcəyini qura bilməz. Arzu və onun yazısında qeyd etdiklərindən fərqli olaraq onlar şəxsi həyatlarını təmin etmək üçün ən inkişaf etmiş ölkələrə yerləşməkdənsə, daha çox bilgi, təcrübə qazanıb Azərbaycanda demokratiya qurmaq haqqında düşünürlər.

Bəli, biz anlayırıq ki, Azərbaycanın bəzi problemləri var. Ancaq eyni zamanda onu da anlayırıq ki, onlar bizim problemlərimizdir və bizim özümüz həll etməliyik. Biz – Azərbaycan xalqı ölkəmizi, bugünün ehtiyaclarına cavab verməyən beyinləri dəyişmək üçün daha çox çalışmalıyıq.

“Basqılar” və ya “uyğunsuz davranış” üzündən ölkədən getdiyini iddia edən o gənclər demokratiya və insan haqları mübarizləri kimi qəbul edilə bilməz. Onlar sadəcə dünyanın harasında olursa olsun, özləri üçün asan və hazır həyat şəraiti arayanlardır. Onları Azərbaycan demokratiyası maraqlandırmır. Əgər maraqlandırırsa, onları da geri qayıdıb mənimlə birlikdə daha çox və sabit dəyişikliklər uğrunda mübarizə aparmağa çağırıram. Biz addım-addım demokratiyamızı qururuq və bu yolda heç kim bizə əngəl törətmir. Ancaq məsuliyyət hissini itirənlər problemlə üzləşir. Halbuki hər kəs yadda saxlamalıdır ki, demokratiya, azadlıqlar yalnız məsuliyyətlə bərabər təmin edilə bilər…

Qeyd: Yazı 6 həftə öncə "openDemocracy.net"ə təqdim edilib. Məqaləni orijinaldan – ingilis dilindən müəllif özü tərcümə edib.

Tarix
2017.07.07 / 17:54
Müəllif
Azər Həsrət
Şərhlər
Digər xəbərlər

Əməllərinizi hara yozaq, Əli Kərimli?..

Avropa Parlamenti yeni cəbhə açır…

Trollara ümid olanın mitinqi…

Asanc iddialı Əliyev və ya niyə məhz Əli Həsənov?

“Reket jurnalistlər”i bitirmənin zamanıdır

Milyardlar xərcləmişik? Əcəb eləmişik…

31 mart 1918: O gün nə baş verib...

Bir həbsin səbəb olduğu düşüncələrim

KULT
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla