Artıq bir neçə gündür ki, mənə qarşı sosial şəbəkələrdə
və bəzi saytlarda mənəvi terror mexanizmi işə salınıb. Buna səbəb
isə sosial şəbəkələrdə Kəmalə Quliyevanın dekoltə ilə çəkilmiş
xoşagəlməz şəkillərinin yerləşdirilməsi və altından da onun mənim
qızım olduğunun qeyd edilməsi və mənim buna etirazım
olmuşdur.
Bəli, mən bir daha təkrar edirəm: özünü bu sayaq - yarıçılpaq
şəkillərlə təqdim edən və bu əməliylə fəxr edən hər kim olursa
olsun, doğmam olsa belə, mənim qızım ola bilməz. Özünə "Nurəddin
Mehdixanlının qızıyam" deyən kəs bu cür qəbuledilməz hərəkətə yol
verə bilməz. Və mən buna qəti şəkildə etiraz etmişəm. Kəmalə
Quliyeva bu etirazı gözləyirmiş kimi bütün sosial şəbəkələrdə
müsahibə verməyə, fikirlər bildirməyə başlamışdır. Və buna bəndmiş
kimi, sanki kamanda alınmış sayaq, bəzi saytlar sosial şəbəkələrdə
mənim təhqir olunmağım, şəxsiyyətimin alçaldılması, ölümünə təsnə
olduqları bir adamı öldürmək üçün şərait yaratmışlar. Və bu halda
bütün hədd və sərhədləri keçmişlər. Hər kəsin səhvləri günahları
ola bilər. Amma kökündən və səbəbindən xəbərdar olmadan 58 yaşlı
bir sənət adamını, bütün ömrünü, həyatını, sağlamlığını millətinin
mədəniyyətinə sərf etmiş insanı mənəvi terror vasitəsi ilə qatil
eləmək nə dərəcədə ədalətli və doğrudur?!
Mən sosial şəbəkələrdə yarıçılpaq şəkildə özünü reklam edənə hər
kim olursa olsun, hər nəyim olursa olsun, qızım deyə bilmərəm.
Mənim qızım belə ola bilməz. Mənim qızım belə olmamalıdır. Məgər
mən səhv etmişəm? Qətiyyən. Mən bu məsələdə özümü haqlı sayıram.
Kamran Quliyevdən soruşuram: sən Kəmalə Quliyevanın qardaşı olaraq
onun bu yarıçılpaq vəziyyətdə olan şəkillərini və davranışını qəbul
edirsənmi? Bəlkə də sən qəbul edirsən, amma mən qəbul etmirəm. Heç
vaxt da etməyəcəm.
Kamran Quliyev, Kəmalə Quliyeva, hər kəsin gənclik xətaları ola
bilər. Nümayiş elətdirdiyiniz sənətlər - əllərinizdə tutub hamıya
göstərməyə çalışdığınız o sənədlər - düz də ola bilər, saxta da.
Amma artıq 30 ildən artıqdır ki, o sənədlər sizin və mənim
həyatımda nələrisə dəyişdirmək qüdrətində deyil. 30 il ərzində nə
mən sizi görmüşəm, nə də ki siz məni! Bu 30 il ərzində nə mən sizin
yanınızda bircə gün olmuşam, nə də ki siz mənim yanımda bircə gün
olmusuz. Sən ümumiyyətlə məni həyatda görməmisən. Kəmalə
Quliyevanın etdiyi bu hərəkətdən sonra - bundan sonra da belə davam
edəcək. Əgər mən sizin yanınızda deyiləmsə, o nümayiş etdirdiyiniz
sənədlər nəyə lazımdı? Bəlkə də Kəmalə Quliyeva nələrəsə ümid
edirdi, amma o, bütün körpüləri uçurtdu.
Məni sosial şəbəkələrdə ən ağır şəkildə təhqir elətdirdi,
söydürdü, alçaltdı. Bir qız atası adlandırdığı insanın bu sayaq
təhqir olunmasına necə şərait yaratdı? Heç bir qız, lap belə
sevmədiyi atasına belə, bu təhqirləri yaşatmazdı.
Artıq nə etməli? Olan oldu, hər tərəfin mövqeyi belədir.
İstəyirəm bir şeyi biləsən: Mən sizin düşməniniz deyiləm, heç zaman
da olmayacam. Bu sayaq pisliklər mənim əlimdən gəlməz. Amma gün
gələcək, sizi qızışdırıb ortalığa salanlar, sizi əllərində
oynadanlar, sizin sayənizdə məni təhqir etməklə reytinq qazanmağa
calışanlar, istədiklərinə nail olanlar, çəkilib yox olacaqlar. O
vaxt çox peşman olacaqsan, Kəmalə Quliyeva. Amma o peşmançılıq heç
nəyi dəyişməyəcək.
Həm də səni başa düşdüm, yaxşı başa düşdüm. Sənə çəkilmiş
olduğun seriallar üçün reklam lazım idi. Və sən bunu Nurəddin
Mehdixanlının adı ilə etdin. Seriallar gəlib-gedər, amma həyat
təkcə seriallardan ibarət deyil.
Mənim ailəm 5 nəfərdən ibarətdir.1988-ci ildə ailə qurmuşam.
Həyat yoldaşım müəllimədir. Bu dünyanın ən sədaqətli və etibarlı
qadınlarından biridir. Onun ücün hər an heyatımı qurban etməyə
hazıram.
İki qızım, bir oglum var. Əxlaq və tərbiyələri onları
tanıyanlara bəllidir. Alınları öpüləsi, həyatımın mənası olan
qızlarım Ayturan və Alagöz, oğlum Ərturan. Məndən sonra ocağıma
sahib duracaq kişi. Və bu ailənin birliyi və bütövlüyünə kimsə
toxuna bilməz, poza bilməz. Bu ailenin ünvanına kimsə ləkə gətirə
bilməz.
Məni bu günlərdə bu məsələ ilə bağlı müdafiə edən, mənim
səxsiyyətimi və sənətimi nəzərə alaraq, saytlarında və sosial
səbəkələrdə, mətbuat səhifələrində tehqir olunmağıma imkan verməyən
hər kəsə, hər KİŞİYƏ, hər QADINA , hər sayt rəhbərinə özüm və ailəm
adına təşəkkür edirəm. Bunun əksini edənləri isə Allaha tapşırır,
vicdanlarının ixtiyarına buraxıram.
Azərbaycanda sərəf və layəqətin təhqir olunmasına görə
qanunların mövcud oldugunu xatırladıram. Bəzi saytlardan təhqir
olunmağımın dayandırılmasını tələb edirəm və bu mənəvi terror
nəticəsində sağlamlığı ilə kifayət qədər ciddi problemləri olan
mənim həyatıma təhlükə yaranarsa, nəticədə başıma bir iş gələrsə,
bunun məsuliyyətini bu mənəvi terroru başlayan və davam edənlər,
etdirənlər daşıyacaqlar.