Mən, demək olar ki, həmişə kənddə yaşamışam. Yaxın
dostlarım – Sabir Rüstəmxanlı, Seyran Səxavət, Fikrət Qoca bizdə
çox qonaq olublar. Həmişə özümə borc bilmişəm ki, qapıma gələn
dostları yaxşı qarşılayım. Onlara stol açım, məclis
düzəldim.
Məclisdə söz-sözü tutur. Söz-sözü tutanda, bir-birinə yaxın
olanda mənə elə gəlir ki, içkinin özü çox gedir, amma təsiri
azalır.
Son vaxtlar eşidirəm ki, içki qələm adamlarının ən böyük və
amansız düşməninə çevrilib. Mənə elə gəlir, bu, həm zamanla,
vaxtla, dövranla, həm də məclislərlə bağlıdır. Düzü, bundan
qurtulmaq üçün heç mən də təzə yol bilmirəm.
Bir onu yaxşı bilirəm ki, istər şair ol, istər yazıçı, hər şeyin
həddi-hüdudu var. Yəni içkini qəbul eləmək həddi var. Gərək ən
birinci növbədə şairlik havasına uyub yaşayış tərzindən kənara
çıxmayasan, içkini həyat tərzinə çevirməyəsən.
Düzdür, adam hərdən fikirləşir ki, şairəm deyə mənə bir söz
deyən olmayacaq, ona görə də nə qədər istəsəm, içə bilərəm. Belə
deyil. Mütləq hədd gözlənilməlidir. Yoxsa insan bədəni bu qədər
içkiyə tab gətirə bilməz. Həddi gözləməyəndə adam elə bir hala
düşür ki... Bu gün gözümüzün qabağında nə qədər belə şairlər,
yazıçılar saymaq olar. Məsələn, bizim böyük şairimiz Əli Kərim.
Şair niyə içir? Bunun böyük sirri yoxdur. Burda bir az azadlığa
canatma var. Şairlər yeməkdə də, içməkdə də azadlıq axtarır. Yəni
nə qədər istəyirəm, içəcəm, çünki mən sərbəstəm. Şairlər belə
hisslərlə yaşayır. Amma buna bədən dözmür, zaman dözmür, vaxt
dözmür.
İçki çox ağır söhbətdir və çox ağır mövzudur. Bunu ümumiləşdirib
bir hala gətirmək ağır məsələdir.
Mən içməklə bağlı heç kimə tövsiyə verməmişəm, verə də bilmərəm.
Nə də deyə bilmərəm ki, elə içmə, belə iç. Bircə bildiyim odur ki,
içki həddində gözəldir. Gərək aludə olmayasan, içkiyə boyun
əyməyəsən, uduzmayasan, onun arxasınca getməyəsən...
60-cı illərin poeziyası... O yol, o təzə döngə, ritorikadan
çıxmaq, təzə poetik fikirlər kəşf eləmək, təzə dünya... O da bir
dövran idi. Bunların hamısı mənim gözümün qabağındadır. Bəlkə də,
zamanla əlaqədar idi, bilmirəm. Belə bir zamanda da yeyib-içmək
məclisləri çox olurdu. Hamı içirdi. Amma kimin dözümü var idi, o,
həddini gözləyirdi və ömrünün axırına kimi içirdi. Kimin dözümü yox
idisə, həddi gözləyə bilmirdi və ömrünü yarımçıq kəsirdi. Yenə
deyirəm, içki çox çətin söhbətdir.
Deyirlər ki, şairsənsə, mütləq içməlisən və ya deyirlər ki,
içkiylə şairlik arasında mistik bir əlaqə var. Bunların hamısı
söz-söhbətdir. Dünyada içməyən, amma gözəl şeirlər yazan şairlər
var. Ümumiyyətlə, mən şairliklə içki arasında bir yaxınlıq
duymuram. İçki insanın əhval-ruhiyyəsindən, həvəsindən asılı olan
bir şeydir. İçki daha çox sərbəstlik hissidir. Yəni şeir yazıram,
sərbəstəm. Fikrimi söyləyirəm, sərbəstəm. Burda yaşamıram, başqa
yerdə yaşamaq istəyirəm, sərbəstəm. Və içirəm, deməli, sərbəstəm.
Amma içki yeganə şeydir ki, burda olan sərbəstliyinə mütləq nəzarət
də etməlisən. Adamın gərək ağılı ola, başa düşə ki, bunun axırı nə
ilə nəticələnə bilər.
Sel-su gələndə qabağına bir kötük atırsan ki, heç olmasa,
qarşısını alsın. İçkinin qabağını almaq üçün gərək yaxşı yeyəsən.
Bu, mütləqdir və çox vacibdir. Məsələn, bəzən həkimlər bizə
məsləhət görürlər ki, içməyək. Amma nə qədər həkim tanıyıram ki,
onlar şairlərdən, yazıçılardan da çox içirlər. Görünür, həkimin
bildiyi şeylər var. İçki də içir, ona qarşı nəzarət mexanizmini də
düzgün qurur. Yəni orqanizmə pis təsirin qabağını nəyləsə alır.
İçkinin pis təsirinin qabağını almaq ancaq həddi gözləməklə
mümkündür. Amma bizlərdə gözləmək sözü həmişə dildə deyilir, amma
çox az hallarda əməl olunur. Çünki şairlərə, yazıçılara içməklə
bağlı məsləhət vermək çox çətindir. Onsuz da onlar elədiklərini
eləyəcəklər.
Heç olmasa, gərək kiminlə içdiyini biləsən. Kiminlə içməyin də
böyük əhəmiyyəti var. İçki hisslə, duyğuyla bağlıdır. Əgər içki
sənin yatan duyğularını ayağa qaldırırsa, deməli, həm də ruhla
bağlıdır.
İçkinin yaratdığı duyğular bəzən mürəkkəb və qəribə olur. Bəzən
adamlarda acığı qaldırır, bəzən kini oyadır, bəzən də nifrəti
şiddətləndirir. Bir də görürsən ki, məclis dava-dalaşla
nəticələnir.
İçki içmək şairin təkcə fərdi keyfiyyəti deyil. Bu, həm də
cəmiyyətlə əlaqəlidir. Bəlkə də, daha çox cəmiyyətlə bağlıdır.
Bizdən sonrakı cavanlar mənə elə gəlir ki, az içirlər. Yəqin onlar
daha ayıq olmaq istəyirlər.
Nə bilim, bəlkə də, içmək lazımdır. Vurub oturasan bir daşın
üstündə, görəsən, bu dünya hayana gedir...
1937.az