"Karib böhranı" zamanı prezident Con Kennediyə vaxtilə
özü də hərbçi olmuş eks-prezident Duayt Eyzenhauerin dediyi və
kəlama çevrilmiş məşhur ifadə dilimizə təxminən belə tərcümə
olunur: "Hərbçilərə qulaq asmayın, onların başını mis kaskaları
sıxdığından, düşünmək qabiliyyətlərini itiriblər. Onlara ancaq
müharibə lazımdır". Bəli, o zaman prezident Kennedinin baş katib
Nikita Xruşşovla birbaşa telefon əlaqəsi yaratması dünyanı nüvə
fəlakətindən xilas edə bildi.
Rusiya prezidenti Vladimir Putinin durumu isə fərqlidir. Onun
real siyasi opponentləri olan hərbçilər son 2 ildə ciddi revanş
götürərək və ictimai-siyasi təsir imkanlarını genişləndirərək,
artıq siyasi hakimiyyətə də bir sıra qərarların qəbulunda ciddi
təsirə malik olan siyasi gücə çevriliblər. Təsadüfi deyil ki, bu
müddətdə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun səsləndirdiyi
bəyənatların mütləq əksəriyyəti özündə siyasi və geosiyasi çalarlar
daşıyır. Onların maliyyə imkanları da 2-3 qat genişlənib. Görünür
elə bu səbəbdən də yaranmış siyasi reallığı yaxşı anlayan Putin,
daha ağıllı və daha uzaqgörən siyasət qurdu. Xüsusilə də Ukraynada
baş verənlərə münasibətdə.
Əvvəllər də qeyd etmişdik ki, Ukraynadakı silahlı separatizm
Rusiyada hakimiyyət uğrunda mübarizənin təzahürlərindəndir.
Ukraynada keçirilən prezident seçkisinədək bu məsələdə dominantlığı
əldə saxlayan prezident Putin seçkilərindən sonra separatçılara
dəstəyini qəflətən kəsdi. Bunun ardınca Donetsk və Luqansk
vilayətlərində savaş qızışdı. Bu da təbiidir, çünki Ukrayna
"kartını" Putinin real siyasi opponentləri olan hərbçilər ələ
aldılar. Ukraynanın Avropa Birliyi ilə assosiativ tərəfdaşlıq
sazişi imzalaması ərəfəsində Rusiya Dövlət Duması prezident Putinin
təşəbbüsü ilə Rusiya ordusuna Ukraynaya hərbi müdaxiləyə imkan
verən qanunu ləğv etdi. Əslində bu Rusiya hərbçilərinə verilən
"kart-blanş" idi. Amma, necə deyərlər, hətta Rusiya qanunlarından
da kənar olan "kart-blanş". Rusiya hərbiyyəsi Ukraynanın iki şərq
vilayətini nəzarətə götürəcəyini və bu uğurunu Kremlin qarşısında
mühüm arqument kimi istifadə edəcəyini düşünürdü. Məhz bu
səbəbdəndir ki, Rusiyanın hərbi kəşfiyyatı (ГРУ) Ukraynadakı
terrorçulara dəstəyini nəinki gizlətmirdi, hətta əsasən Rusiya
mediası vasitəsilə geniş reklam da edirdi. Burda da qeyri-adi heç
nə yoxdur - Rusiya auditoriyasının önəmli hissəsini təşkil edən
şovinist kəsim öz qəhrəmanlarını və qardaş Ukrayna xalqının
"xilaskarlarını" tanımalı idi. Son zamanlar isə Rusiya hərbiyyəsi
Ukraynadakı separatçıları (əslində Ukrayna hakimiyyətində onların
mütləq əksəriyyətinin Rusiya vətəndaşları olan diversantlar olması
barədə çoxsaylı sübutlar var) daha müasir silahlarla, o cümlədən
hava hücumundan müdafiə sistemləri olan "Buk" və s. zenit-raket
komplekslərilə təhciz etməyə başlamışdı. Onların əlində bu tip
müasir silahların mövcudluğu isə özünü Rusiya mətbuatında geniş
reklam edilməklə yanaşı, həm də Ukrayna hərbi-hava qüvvələrinə
məxsus təyyarə və helikopterlərin vurulmasında göstərirdi. Hər şey
plan üzrə gedirdi, lakin iyulun 17-də axşam saatlarında Donetsk
səmasında Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsinin
vurulması Rusiya hərbçilərinin bütün hesablamalarının yanlış
olduğunu və hələ 55 il öncə Eyzenhauerin söylədiklərinin nə qədər
böyük həqiqət olduğunu üzə çıxardı.
Hakimiyyət uğrunda gizli (əslində isə açıq) mübarizə aparan
Rusiya generallarının məşlub olduqlarını artıq indidən demək olar.
80-ə qədəri uşaq olan 295 insanın qətlə yetirilməsi dünya
ölkələrini ayağa qaldırdı və bu da təbiidir. Rusiya diversantları
tərəfindən qətlə yetirilən sərnişinlər arasında 10 ölkənin
vətəndaşı var və onların yarısından çox Avropa ölkələrinin
vətəndaşlarıdır. Artıq bir çox ölkələr BMT TŞ-nın Ukraynaya dair
təcili toplantısını çağırıb. Deməli, Rusiyaya təzyiqlər və
sanksiyalar da güclənəcək və daxili siyasi mübarizədə bu siyasi
iddiaları durmadan qızışan generallara qarşı işləyəcək. Sübutlar
isə tam ortalıqdadır. Belə ki, terrorçuların özlərinin təyyarəni
vurmaları haqda sosial şəbəkələrdə yaydıqları sübutlar azmış kimi,
üstəlik də Ukrayna Təklükəsizlik Xidməti də artıq terrorçuların bu
barədə Rusiya hərbi kəşfiyyatının (ГРУ) rəsmilərilə telefon
danışıqlarının audioyazılarını ictimailəşdirib. Bu hadisə və onun
fəsadları təkcə Rusiya hərbçilərini deyil, ümumilikdə Rusiyanı
bundan sonra öz "kiçik" qonşuları ilə münasibətlərində daha
diqqətli olmağa vadar edəcək, o cümlədən də Azərbaycana. Həmçinin,
Rusiya hərbiyyəsinin növbəti revanşının da sona yaxınlaşdığını
demək olar.
Tarix bir daha sübut etdi ki, general-prezident Eyzenhauer haqlı
imiş.
İnteraztv.com