Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Oktyabr 2018


Atam öləndə yalandan ağladım...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanın uşaqlığı atasının öldüyü gün bitərmiş, amma nədənsə məndə tam əksi oldu. Xatirələrimi qarışdırıb çox az məqam tapa bilərəm ki, atam mənə uşaqmışam kimi davransın. İndinin özündə belə atamı tanıyan adamlarla söhbətləşəndə eynən atamın izlərini gördüklərini deyirlər: nitqimdə, mimikalarımda, davranışlarımda.

Hətta bəzən tərsliklərimdə belə. Bir övlad üçün bu, çox qürurverici haldır, ən azından atasının adına kölgə salmamaq naminə. Amma mənimçün ən önəmlisi sevdiyim insana bənzərlik məqamıdır.

Hüseyn Əfəndi – Bu ad nə qədər ictimaiyyətə yazıçı-publisist, şair kimi tanınsa da, mənimçün “ata” sözündən başqa nəsə ifadə etmir, daha doğrusu, edə bilmir. Çünki mənim ona ata olaraq sevgim hər şeyi üstələyir.
Doğrusu, doğmalar arasındakı bağlılığa heç vaxt sevgi adı verməyin tərəfdarı olmamışam, amma ölümündən sonra fərqinə vardım ki, mən ona ata olaraq nə qədər doğmalıq hissi duyurdumsa, insan olaraq ayrıca sevirdim. Bu, eləcə qurucasına deyilmiş “sevirəm” deyil, sözün həqiqi mənasında sevirdim.

O gün hamımız rayona getmişdik - atam miokard infarktı keçirib həyata gözlərini yumduğu gün. İçindəki vətən sevgisi, Qarabağ dərdi cəbhə xəttinə bir neçə kilometr aralıda yerləşən Horadiz qəbiristanlığında dəfn edilməsini vəsiyyət etməsinə səbəb olmuşdu.

Bütün kənd əhli ordaydı, hamının gözündə yaş, səsində ağrı... və qəfil fərqinə vardım ki, ağlamayan bircə mənəm. Bunu özümə heç bağışlaya bilmirəm - ağlamamağımı deyil, “camaat nə fikirləşər” düşünüb yalandan ağlamağımı.

Sonralar çox düşündüm, bu qədər sevdiyim insanı itirdiyim halda, niyə o gün ağlaya bilmədim? Deyəsən, atam sayəsində vaxtından tez böyüməkdir səbəb.

Dörd gün keçdi aradan. Yaxınlıqdakı su kanalına tərəf getdim. Oturdum bir az, tam sakitlik idi... Sanki dünya yuxuya gedib və mən oyağam, bu qədər ayıq olduğum olmamışdı hələ və bu gerçəklikdə fərqinə vardım, artıq atasızdım, onun yoxluğunu hiss etməyimlə gözlərimdən yaş axması bir anda baş verdi. Özümü saxlaya bilmədim, o qədər ağladım ki...

Mən atamın ölümünə ağlamırdım, sadəcə, dünya boyda sevgini qəlbində daşıyan adamın xatirələri və bir daha onunla bir arada ola bilməyəcəyim fikri üstələmişdi hər şeyi.

İndinin özündə belə hər yada saldıqda, hər yuxuma gəlişində gözlərim söz dinləmir. Hətta bir neçə dəfə yuxuda ağlamağa başlayıb, oyanıb davam etmişəm uşaq kimi hönkürməyə.

O qədər həssas qəlbi vardı ki, ən çox da bu yönü məni heyrətləndirirdi.
Bir gün birlikdə bir türk filmi izləyirdik, narkoman oğul narkotik əldə etməkçün evdəki bütün əşyaları satıb, buna etiraz edən valideynlərinisə bıçaqlayır. Xəstəxanadan çıxdıqdan sonra isə ata hələ də oğlunu xilas etməyə çalışır. Mən hirslə yerimdən qalxıb “Niyə hələ də bu cür nankor oğlun arxasıyca düşür bu kişi” dedim. Atam alnımdan öpdü və “bunu ancaq ata olanda anlayarsan” dedi.

Anladım atacan, elə o gün anladım niyəsini!

Bir dəfə şəhərə çıxmışdım atamla, zəng etdi bir dostuna, “görüşək” dedi. Zəngdən belə anladım ki, dostu şəhərdə deyil. Sonra qəfil həmin adamı gördük uzaqdan, atam tez yolu dəyişdi ki, görməsin bizi. Səbəbini soruşdum, dedi ki, indi onunla üz-üzə gəlsək, utandırmış olacağıq onu, yəqin ki, nəsə vacib işi olub, şəhərdə olmadığını deyib, belə şeylərə görə incimək olmaz dostdan. Sonralar anladım ki, bunu əslində həm də mənə dərs verməkçün edib.

İndi insanlar ən adi səbəblərdən dolayı belə bir-birilərindən inciyir, küsürlər, hətta ailəsini atıb gedir adamlar.

Mənsə bir dəfə də şahidi olmadım ki, atam onca çətinliklərə rəğmən sınıxsın, bezsin. İllərlə kirayələrdə qaldıq, tez-tez məktəb dəyişdirməli olduq. Amma bir dəfə də olsun öz çətinliyini hiss etdirmədi ailəsinə.

İnsanın uşaqlığı atasının öldüyü gün bitərmiş, məndəsə tam əksi oldu, içimdəki o uşaq heç böyümədi, çünki o uşağın atası hələ də sağdır və qəlbinin ən müqəddəs yerində yaşayır...

Tarix
2018.05.03 / 14:17
Müəllif
Vəli Hüseyn
Şərhlər
Загрузка...
Digər xəbərlər

Dünyanı idarə edən iki hiss – 20 qəpik və “bəyən”

Fürsət tapsalar, bu qadını yolun ortasında...

Anar Nağılbazı kim öldürdü?

Nizami küçəsində şok: ilan peyda oldu - Video

Nobelçi yazarın hekayəsi üzə çıxdı - 62 il sonra

Avropanın ən böyük küçə sənəti festivalı… - Foto

“28 Mall”ın qarşısında hər gün eşidilən vahiməli səs

Bakıda masaj salonunda ana dramı: Ərim dedi ki...

Cinçıxarma mərasimi və Elşənin üzük möcüzəsi

Planetin ən yaşlı sakini öldü

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla