Yuxarı

Bakı ilə birləşib, nənəmi öldürdük...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox zəif eşidirdi nənəmin qulaqları, arada yaddaşı da gedib-gəlirdi. Məni görən kimi tez üzünü gizlədirdi, sonra gileylənirdi ki, bu yad kişinin nə işi var evdə. Elə xətrimə dəyirdi ki, məni tanımaması. Amma bir dəfə qılığına girməyi bacardım, nəvəsi olduğumu bilməsə də, bu ahıl yaşında dost oldum nənəmlə.

Evdə nədənsə söhbət gedəndə o da qoşulurdu bizə, amma eşitmədiyindən tamam başqa şeylərdən danışırdı. Biz də səsimizi kəsib, diqqətlə qulaq asırdıq. Bir dəfə yavaş səslə anama dedim ki, nənə yaman qocalıb. Bir də gördüm, yan otaqdan çığırır: “Qoca özünsən, mənim haram qocadır, ay əclaf”.

Tez gedib qucaqladım nənəmi, gülə-gülə dedim, “ay nənə, vallah, yaman arvadsan ha, sərf etməyən söz olanda nə qəşəng eşidirmiş o qulaqların”.

O da güldü, elə o gülüşlə başladı dostluğumuz...

Uşaq vaxtı hər yay tətilində kəndə aparırdı atam bizi. Kənd deməyimə baxmayın, o ağla gələn bağlı-bağçalı, cənnət guşəli, gözəl təbiətli yerlərdən danışmıram. Mənim getdiyim kəndin yolları dəmir relslər, evlərisə o relslərin üzərindəki yük vaqonları olmuşdu . Nənəm də elə vaqonların birində yaşayırdı.

Onda uşaq idim, hardan biləydim ki, nənəm bu vaqonda doğulmayıb, bu vaqon nənəmin evi deyil, ümumiyyətlə, ev də deyildi axı o qaranlıq qutular. Amma elə xoşuma gəlirdi ki, o vaqonlar. Uşaq ağlıdır da, ancaq oynamaq, əylənmək haqda düşünür.

Bağışla məni, nənə, bilmirdim, vallah, bilmirdim sən nə yollardan keçib sığınmısan bu vaqonlara. Bilmirdim, mənim üzümdə gülüş yaradan dəcəlliklərim sənin faciənə çevrilib yenidən yapışır yaxandan, bilmirdim, daim lənət oxuduğun Sovet imperiyası uşaqlığını Qazaxıstana sürgün edib, ermənilər qocalığını dəmir relslərə məhkum edib. Uşaq idim onda, o “dəmir kənd”in ağacları yox idi, amma kölgələnməyə elə qəşəng yerləri vardı ki!

Ən çox vaqonların altına kölgə düşürdü, həm də çox sərin olurdu. Ora mənim ən sevdiyim yerə çevrilmişdi, heç kimə imkan vermirdim kölgələnməyə. Bir gün oynamaqdan o qədər yorulmuşdum ki, yuxudan günorta oyandım, gördüm, heç kim yoxdur evdə. Pəncərədən boylandım ki, hamı ən sevimli yerimə yığışıb. Tez bir vedrə su götürüb, evin döşəməsindən tökdüm vaqonun altına. Hardan biləydim ki, boylandığım yer pəncərə deyil, ayağımın altındakı çürük taxta döşəmədir?!

Bu evin heç işığı da yox idi axı, bu evin heç uşağı da yox idi axı!

Mən uşaq deyildim, şəhərdə böyüyüb “kənd”də dəcəllik edən canavardım. Çatmışdım məqsədimə , hamı dağılışmışdı vaqonun altından, ən axırda nənəm çıxdı çölə. Hardan biləydim axı, göz yaşlarını qurutmaqçün gözləyib, hardan biləydim axı niyə ağlayıb.

Heç nə demədi, amma o baxışları... İlahi, nəydi o baxışları, heç vaxt silinmədi yaddaşımdan!

Qulaqlarımın pərdəsini dələn baxışlarla hayqırmışdı: “Barı, sən etmə, oğul, barı, sən yerimizdən-yurdumuzdan didərgin salma bizi”...

***

Zəif eşidirdi nənəmin qulaqları, yaddaşını da itirmişdi, tanımırdı məni. Ancaq yanında adam görən kimi doğma torpağından, kəndindən danışırdı elə hey. Ən yaxınlarını itirmişdi, amma doğma Cəbrayılı, Şuşanı, Laçını daim xatırlayardı...

Hərdən mənə elə gəlirdi ki, nənəm heç Bakıda olduğunun da fərqində deyil, ağlı, fikri ancaq oralardaydı, oralar... Haraydı oralar? İlahi, hardaydı oralar?!

Öldü nənəm, Bakı öldürdü nənəmi, mən öldürdüm nənəmi, bu yad şəhər, bu yad nəvə...

Tarix
2018.05.09 / 10:05
Müəllif
Vəli Hüseyn
Şərhlər
Digər xəbərlər

Dünyanı idarə edən iki hiss – 20 qəpik və “bəyən”

Fürsət tapsalar, bu qadını yolun ortasında...

Anar Nağılbazı kim öldürdü?

Nizami küçəsində şok: ilan peyda oldu - Video

Nobelçi yazarın hekayəsi üzə çıxdı - 62 il sonra

Avropanın ən böyük küçə sənəti festivalı… - Foto

“28 Mall”ın qarşısında hər gün eşidilən vahiməli səs

Bakıda masaj salonunda ana dramı: Ərim dedi ki...

Cinçıxarma mərasimi və Elşənin üzük möcüzəsi

Planetin ən yaşlı sakini öldü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla