2007-ci ildə 37 yaşlı Pol
Tomas Anderson "Neft" filmini çəkir. Bəziləri bu əsəri XXI əsr
Hollivudunda hələlik çəkilmiş ən məzmunlu film sayır, bəziləri
"Maqnoliya"dan sonra Andersondan daha orijinal film gözlədiklərini,
ancaq ümidlərinin doğrulmadığını deyir. Ancaq fakt faktlığında
qalır: Anderson güclü antikapitalist film ərsəyə gətirib və onun
əziyyətini də, cəsarətini də qətiyyən qiymətləndirməmək
olmaz.
Bir resenzent isə "Neft" barədə yazır: "Küllücə qızıl
ayaqqabılarla gəlib, ancaq bal artıq bitib".
Milyardlara yiyələnmiş oliqarxı sonda boşluq gözləyir. Ətrafında
bircə əziz məxluq və inanmalı kimsə yox. Dərindən götürəndə bütün
ömrün sərf olunduğu pul, var-dövlət və hakimiyyət illüzor qələbə
imiş. Film "yox" kəlməsi ilə başlayıb, keşişi öldürən oliqarxın
dodaqlarından qopan "Mən bitirdim" çığırtısı ilə bitir. İnkarla
başlayan peşmançılıqla qurtarır.
***
Kapital toplayan iki mənfur tipin təkamülü: milyardçı ilə
keşişin. Onların hədəfləri eynidir: pul və nüfuz. Birincisi bu
yolda bütün insani dəyərlərini qurban verir, hətta dini də alətə
çevirir. Kapitalizmin köpəkbalığı ilə sektant kilsənin başçısının
savaşında ikinci uduzur. Ancaq doğrudanmı, birincisi qalib
gəlib?
Mərkəzi personaj olan Deniel Pleynvyunun adı da təsadüfi
seçilməyib. "Deniel" qədim yəhudi dilində "Tanrının məhkəməsi",
"Pleynvyu" isə "Hər şeyi görən" deməkdir. Öz insanlığından imtina
edən, öz ruhunu ölənədək çırpan bu demiurq həm də maddi dünyanın
dağıdıcısıdır. Keşişi boulinq zalında döyüb öldürərkən də sanki
taleyin ağır kürələri ilə xırda adamlara çıxardığı hökmü icra
edir.
Filmin leytmotivi olaraq Pleynvyunun həyat kredosu sayıla
biləcək və seyrçilərin dilində sitata çevrilən bu kəlmələri
göstərmək olar: "Mənim rəqabət ruhum güclüdür. Başqalarının uğuruna
dözə bilmirəm. Demək olar ki, hamıya nifrət edirəm. Olur ki,
adamlara baxıram və onlarda xoşa gələn heç nə görmürəm. O qədər pul
qazanmaq istəyirəm ki, heç kəsi görməyim".
Yəqin ki, Pleynvyunun ardınca bütün oliqarxlar bu kəlmələri
məmnuniyyətlə təkrarlayardı. Yalnız maddiyyata tabe etdirilən,
ruhun zorlandığı, əxlaqın gərəksiz maneə sayıldığı, ancaq sonunda
sərvətin də, hakimiyyətin də rahatlıq gətirmədiyi bir ömür. Bu
ömrün sahibi həm adi adamlara, həm də istənilən rəqibinə qarşı
amansızdır. O, keşiş Enloyu – digər mənfi tipi pul xatirinə öz
Tanrısını söyməyə məcbur edir, o söyəndən sonra isə nəinki pulunu
vermir, üstəlik, onu döyüb öldürür. Dünyanı idarə etməkdə onun heç
bir şərikə ehtiyacı yoxdur – istər Yer mənşəli, istərsə də,
səmavi.
Pleynvyu hisslərə, simvollara, insanlara, Tanrıya inanmır. Tanrı
onun nəzərində olsa-olsa epizodik kompanyon ola bilər. İnsanlar isə
mübarizə aparılmalı, məhv edilməli düşmənlərdir.
Özündə Tanrını öldür… Və sən azadsan. Özündə insanlığı öldür,
Tanrıya dönməyə yer qalmayacaq. Deniel öz içində küldən məbəd
düzəldir. Ancaq sonunda bu total inkar da azadlıq gətirmir...
***
Əksər ölkələrdə film orijinal adı ilə nümayiş etdirilib: "Və qan
olacaq". (There Will Be Blood) Bu ad "İncil"dən götürülüb. Misirdən
yəhudiləri qaçıran Musaya Tanrının dilindən söylənib. Keçmiş Sovet
məkanında isə filmin adı "Neft" kimi göstərilir. Bu da təsadüfi
deyil. (Baxmayaraq ki, bəziləri deyəcəkdi: "Bizə qan əvəzinə neft
sırıyıblar")
Məsələ ondadır ki, Anderson filmi məşhur amerikan yazıçısı Epton
Sinklerin (1878-1968) "Neft" romanının əsasında çəkib. Əslində,
Sinklerin romanı tam ekranlaşdırılsaydı, serial alınardı. Roman
Oktyabr İnqilabını, Böyük Depressiyanı, fəhlə hərəkatının
mərhələlərini əhatə edir və fəhlə etirazları ilə bitir. Anderson
isə romandan yalnız bir hissəni ssenariyə çevirir və onu da
dəyişir.
Con Rokfellerin bioqrafiyasının sərbəst yozumu olan romanda
Sinkler baş verənlərə oliqarxın oğlunun nəzərləri ilə baxır. Bu
gənc adam ətrafdakı hadisələrin və analizin hesabına öz sinfinə
qarşı çıxır, "qırmızı milyonçu"ya çevrilir.
Epton Sinkler sol mövqeyi ilə fərqlənən yazıçıydı. O deyirdi:
"Amerika xalqı sosializmi qəbul edəcək, ancaq sosializm sözünü
qəbul etməyəcək".
O, edam olunmuş anarxistlər – Sakko və Vansettinin xatirəsinə
roman yazıb, Cek Londonla birlikdə proletariatın mübarizəsində fəal
iştirak edib.
Herbert Uells ona özünün "Müasir utopiya" kitabını bağışlayanda
"Sosializmə inanan birinci şəxsdən ona inanan ikinci şəxsə"
sözlərini yazmışdı.
Lenin özünün 1915-ci ildə qələmə aldığı "Sosializm və müharibə"
broşüründə Sinkleri "Hiss sosialisti" adlandırmışdı və əlavə
etmişdi: "Sinkler üzərimizə yeriyən dalğalardan narahat olaraq
xilası sosializmdə axtarır".
Bir sözlə, Epton Sinkler uzun ömrünün sonuna qədər sosializmə
inamını hifz edən biriydi. XXI əsrdə Hollivudda onun antikapitalist
romanının Anderson tərəfindən ekranlaşdırılması da bu qəbildən
qətiyyən sıravi hadisə deyil, daha çox istisnadır.
***
Filmin qayəsini ümumiləşdirib iki kəlmə ilə bu cür ifadə etmək
olar: Neft üstündə kapitalistlə din xadiminin savaşı gedir. Neftli
torpaqlarda yaşayan adi insanlar bu savaşda vur-tut kütləvi səhnə
vahidləri, "zibil"dirlər. Ancaq onların da qəlbini yalanla fəth
etməyə ehtiyac var. Kilsə xadimi bunu moizələrlə, səmavi vədlərlə
edir. Kapitalist isə bəzən kobud güclə, bəzən Yer mənşəli vədlərlə.
Dinin arsenalında yalnız dualar və intriqalar varsa, kapitalist,
üstəlik, heyvani qəddarlığa, heç bir sərhəd tanımayan zorakılığa əl
atır. Və bu iki mənfurluğun davasında kapitalist qalib gəlir. O,
yeri gələndə keşişi də əvəzləyə, moizələr də oxuya bilir.
Və əsas nəticə: kapitalla dinin qırğınında ikinci birinci üçün
maksimum vasitə ola bilər. Çevrilib dünyanın dörd yanına baxanda,
neft uğrunda müasir müharibələrdə kapitalistlərin din amilindən
necə ustalıqla faydalandığını görəndə filmin realizmini
təsdiqləməli olursan.
Ancaq bu da hamısı deyil. Əgər kapitalla din daxili
ziddiyyətlərini kənara ata bilsə, kapitalist həm də sekta başçısı
olsa, iki rol bir personajda cəmləşsə, onda nə olacaq? Daha
dəhşətli olacaq, əlbəttə. Bizim dünyamız da elə həmin istiqamətdə
sürətlə irəliləməyindədir.
Artıq oliqarx həm də kilsə başçısıdır. Daha Pleynvyunun Enloya
əvvəlindən ehtiyacı yoxdur...
***
Tərk edimiş şaxtalarda qızıl və gümüş axtaran, qarşısına yalnız
bircə məqsəd – varlanmaq məqsədi qoyan Deniel Pleynvyu yerin
altında qəzaya düşüb ömürlük axsaq qalır. Bu insan iradəsinin
yumağını axsaqlıq şeytani görkəmə daha da yaxınlaşdırır.
Şeytanın bığı və şlyapası var, yanında isə oğlan uşağını
gəzdirir. Oğlanın adı da yoxdur, sadəcə, inisialı var: Eyc Dablyu.
(HW)
O, imic üçün gərəklidir. "Mən ailəli adamam" – şeytan deyir və
bilir ki, puritan Amerikasında yanındakı oğlan uşağı onun neft
çıxacaq torpaqlarda yaşayan fermerlərlə danışıqlarında böyük
köməkçidir. Kim yetimə baxan tənha, şikəst atadan şübhələnər ki!
Halbuki oğlanın ona heç bir dəxli yoxdur, bəlkə də, həlak olmuş
hansısa şaxtaçının, bəlkə də, hansısa alkoqolikin övladıdır. Bunu
oğlan özü də yalnız böyüdükdən sonra, Pleynvyu ilə yolları
ayrılanda biləcək.
Şeytan isə vədlərlə və şantajla torpaq sahələrini
dəyər-dəyməzinə alır, topaqda deşiklər açıb neft buruqları ucaldır,
sonra neft kəmərləri çəkir, torpağın qanı axaraq pula çevrilir.
Əlbəttə, şeytan varsa, haradasa "Tanrı"da olmalıdır. Və onlar
bir-birini tamamlayırlar. Eynilə Nitsşenin "Zərdüşt"ündəki kimi:
"Elə bir dövr gələcək ki, Tanrı şeytana vəkillik edəcək".
Filmdə də neftin "Tanrı"sı ilə sənaye şeytanı bir-birini ilk
baxışdan başa düşürlər. Həmin "Tanrı" üçüncü zühur adlı saxta,
sektant kilsənin burnu fırtıqlı vaizi Enloydur.
Onların hər ikisi ümidlə alver edirlər. Ancaq neft kimdədirsə, o
da qalib gəlir.
Üstəlik, qəribə hissdir – sonda şeytan yalançı Tanrını döyüb
öldürəndə, hətta sevinirsən də. Seyrçini elə bir hiss bürüyür ki,
guya o özü də Pleynvyunun yerində olsaydı, Enloyu elə bu cür
cəzalandırardı. Çünki iradəsiz, pul üçün imanını danan zəif
Enloydan fərqli olaraq, Pleynvyu iradə təcəssümü, bütöv adam təsiri
bağışlayır.
Kobud güc isə obıvatel üçün həm cəlbedicidir, həm də qorxulu.
Ondan uzaq gəzmək onun zərbələrinin altına düşməməyin şərtidir.
"Qoy o fırıldaqçı zəifləri cəzalandırsın" deyə seyrçi düşünür.
Halbuki sənaye şeytanı təkcə rəqiblərinə yox, bütün bəşəriyyətə
qarşı düşməndir...
***
Bu filmi ilə Pol Tomas Anderson bizlərə dövrümüzün yeni
qəhrəmanını göstərir. O, xeyrin və şərin, əxlaqın və qanunun,
cinayətin və cəzanın gücdən düşdüyü bir dövrün qəhrəmanıdır. Və XXI
əsrin bu Zərdüştü bütün koordinatların alt-üst olduğu dünyada
insanları yox, nefti seçir. Dünya kimi neftin də çalarları yoxdur –
o, qapqaradır. Qəhrəmanın qəlbi kimi...
Bu cür ekzistensial dram. Qarət fəlsəfəsi. Qan dini…