Elə düşünməyin ki,
keçmiş Sovet nəsli həyatdan tam gedənə qədər dil haqqında məsələ
belə ideoloji qatqıda qalmaqda davam edəcək. Daha geniş nəzərdən
baxanda dövlətlər öz maraqlarını və iqtisadi-siyasi mənafelərini,
bir sözlə, işğalçılıq planlarını heç bir zaman kənara
qoymayacaqlar. Ona görə də əminəm ki, hətta 2050-ci ildə də
Azərbaycanda "rus dili bizə lazımdırmı" sualı ətrafındakı
polemikalar qaynar emosiyalarsız keçməyəcək. Soyuq məntiqi
tanımayanların silahı isə heç şübhəsiz vətənpərvərlik və
xalqsevərlik notlarına elə bürünüb ki, onları bir səslə
geriqalmışlıqda, yaxud təcriolunmaqda ittiham etmək
çətindir.
90-cı illər müstəqilliyimizə nail olan kimi milli dilin yüksək
status qazanması prosesi müvafiq qanunun qəbul edilməsi ilə
bərabər, bir ictimai hərəkətlənməyə, yaxud "rusdilli"lərə qarşı
psixoloji təzyirlərə yol açdı. Partnomenklaturanı və bütövlükdə o
vaxtkı idaərəetmə sinfini suçlayanların əsaslı arqumentlərindən
biri o idi ki, totalitar quruluşun yetişdirdiyi kadrların bu
millətə heç bir aidiyyəti yoxdur və təfəkkürləri beynəlmiləl,
dilləri özgə olan bu adamlar müstəqill bir ölkənin quruculuğunda
iştirak edə bilməzlər. Beləliklə, rus dilinin meydanının
daraldılması üçün hücumlara start verildi. Bu o dövrün
geopolitikası ilə də harmonik olaraq səsləşirdi. Yeltsin Rusiyası
bizi əzir və belədə kimsə kütləvi olaraq onun dilini öyrənməyə
çağırır ki, bu da əsil axmaqlıqdır və ya xəyanətdir! Yəni, dilin
yadlaşdırılması, yaxud azadlığa qovuşmağımızın mühüm vasitələrindən
biri kimi bu məsələ o qədər siyasiləşdi ki, fərqli fikir
söyləyənlər açıq-aşkar daşqalaq edilirdi.
Lakin qəribə də olsa, start xəttində görülən belə tədbirlər
həqiqətən milli varlığımıza qayıdış, tarixi və mədəni
sərvətlərimizə sahiblik və özgürlüyünü əldə etmək üçün əhəmiyyətli
oldu. Yüz ilə yaxın bir dövrdə bütün dövləti yazışmaları, hüquqi
aktları və beynəlxalq razılaşmaları yaşadığmız vahid imperiyanın
aparıcı dilində aparmağımız qısa bir vaxtda aradan qaldırıldı.
İnformasiya resursları və məkanı milliləşdi. Təhsil sistemi və
ictimai həyatda vaxtilə özünü "böyüklərə" oxşatmağa meyl edənlər
sürətlə milli ədiblərimizin irsinə sahib çıxdılar, teatrlarımız və
kino sənayemiz artıq öz dilimzdə danışmağa başladı.
İnsanlar karyera pilləkənlərində irəliləməyin, cəmiyyətdə özünü
üstün mövqedə göstəməyin alternativini tapdılar. Sovetlərin çətiri
altında olanda şəxsiyyətini aşağılanmış sayanlar və "əyalət adamı",
yaxud daha kobud yarlıqlarla ittiham edilənlər ictimai məzəmmətdən
xilas oldular. Rus dilində efir məkanmıza daxil olaraq hökmranlıq
edən məlum kanalların hamısını türk serialları ilə birgə, hələ bir
az da ondan qabaq və daha böyük eyforiya ilə qovub "ölkəmizdən
çıxardıq". Az qala xarici hərbi bazaları və ya qoşunları
torpaqlarımızdan kənarlaşdırdığımıza bərabər bir heysiyyatla,
şərəflə bəyan etdik ki, mədəni ekspansiyadan artıq qurtulmuşuq!
Lakin indiki zaman bizdən Xəzərin statusunda olduğu kimi bütün
regional gerçəkləri dil siyasətimizdə nəzərə almağı tələb edir.
Dəniz anlaşmasından da böyük milli vəzifə hansı prinsiplə və
dövləti siyasətlə "dilimizi bölməkdir". Mütənasibliyi təmin etmək
üçün bəri başdan deyək ki, dövlətin idarəetmə pilləkənində ana
dilini bilməyənlərə yer verməmək şərtilə rusa, ingilisə və fransıza
da "pay bölgüsü"ndə haqq tanımağa məcburuq!
Bəli, dil millətin mövcudluq forması, dövlətin simvolu və
varlığını qoruyub saxlamağının birinci vasitəsidir. İngilils dili
olmadan Amerikanı, yaxud Birləşmiş Krallığı, ərəb dili olmadan isə
müqəddəs Peyğəmbərimizin doğulduğu torpağı təsəvvür eləmək mümkün
deyil. Lakin dilin inkişafı təkcə ədəbi-bədii nümunələri onda
yaratmaqdan, yaxud sadəcə ana laylalarının hökmünə və mistik gücünə
inanmaqdan ibarət ola bilməz. Bu birdillilik məhdudluğa,
natamamlığa, dünyəvi inkişafdan geri qalmağa səbəb olacaq
hadisədir.
Hamı diqqət edib, hətta akademik təhsildən uzaq olan birisi
sadəcə ikinci dil hesabına başqa təkdillilərdən daha yaradıcı
düşünə bilir və mənəvi boyunu fərqləndirməyi bacarır. Çünki onun
qarşısında seçim üçün ən azı iki yolu var.
Dil - mədəniyyətdir. Sən yalnız o halda özündən əvvəlki nəsildən
aldıqlarını başqa millətlərə ötürə, yaxud mübadilələrdə iştirak edə
bilərsən. Söhbət hələ heç bir halda Lermontovu, yaxud Şekspiri
orijinaldan oxumaqdan və daha böyük səviyyədə fərqli mədəniyyələrin
dialoqunda iştirak etməkdən getmir. Məsələ ən azı məişət
vərdişlərinin, adi ənənəvi xüsisiyyətlərin daşınmasında, kənara
ötürülməsindədir. Kim inkar edə bilər ki, nəinki səfirlər və
diplomatlar, eləcə də on minlərlə sadə vətəndaşın hər biri xarici
məkanda öz ölkərinin elçiləri deyillər! Onlar dənizin suyunu dadmaq
üçün bir damladılar. Biz küçədə rastlaşdığmız çinlinin, yaxud
qonşumuz honq-konqlunun timsalında bütöv bir milləti görürük.
Dil - iqtisadiyyatdır. Bu gün əmək bazarında ağlasığmaz
üsullarla və vasitələrlə, qanun--qanunsuz yollarla yer tutmağa
çalışan hər bir millət öz yaşam arealını genişləndirir. Onları
yalnız miqrant, yaxud qastarbayter kimi say hesabında qəbul etmək
yanlışdır. İxtisas və peşə seçimi üçün, iqtisadi sistemdə gedən
amansız rəqabətə tab gətirmək naminə insanlar aparıcı dilləri
öyrənməyə məhkumdular.
Dil - hüquqdur. Təsəvvürünüzə gətirin ki, yaşadığınız ölkədə
haqların tapdalanır və sən özünü müdafiə etməyə məcbur olursan.
Vəkillə təminatdan tutmuş ədalətin zəfər çaldığı son femida
instansiyasınadək sən titullu millətlərin birinin dili olmadan
keçinə bilməzsən. İstənilən dövlətin ictimai həyatında və ya
idarəetməsində təmsil olunmaq, təşkilatlanmaq da bundan keçir.
Dil - siyasətdir. Düşməninə qalib gəlməyin yollarından biri onu
yaxşı tanımaqdır. Tarixdən millətlərin çıxardığı başlıca dərs
budur. ABŞ Milli Kəşfiyyat İdarəsinin keçmiş başçısı Alen Dallesin
"MKİ DTK-ya qarşı. Casusluq sənəti" kitabını oxumaq kifayətdir ki,
Soyuq müharibəni qalibiyyətlə başa vurmuş Qərbin gücünün həqiqi
sirlərinə bələd olasan.
Dil - silahdır. Baxın bizi öyrənən ermənilərə!
Anlamadıqlarımızın düşməniyik - bu söz böyük İmam Əli əleyhissalama
məxsusdur. Dildə təslim etdiyin düşməni başqa meydanlarda məğlub
etmək o qədər çətin olmur.
Bir sözlə, dünyaya körpü olan dildən istifadə etmədən nə böyük
informasiya axınları qarşısında duruş gətirə, nə də ki, milli
inkişafa gerçək mənada nail ola bilərsən. Elə isə gəlin görək bizim
məktəblərimiz Azərbaycan insanını bu beynəlxalq rəqabətə nə
dərəcədə hazırlaya bilir?
"Statistika amansız şeydir", deyirlər. Hər il məktəblərimizi
bitirən 130 minədək məzunun ən aşağı göstəriciləri də məhz dil
fənlərindəndir. Beləliklə, həyata atıldıqları ilk addımdaca biz
yeniyetmələrimizi diliyalın və silahsız qoyuruq. Sözügedən məzun
ordusunun 80 faizinin bilgilərini qiymətləndirən TQDK-nın
nəticələri əsil məhkəmə verdikti və ya həyat hökmüdür: Ötən ilin
yekunlarına görə, 87 min abiturientin dil bacarığı 100 ballıq
şkalada 30 faizi aşmır. Dəbdə olan terminlə desək, "dildən
kəsilənlər"imizin sayı ümumi gənclər ordusunun üçdə-ikisini təşkill
edir. Razılaşın ki, sonrakı həyat nailiyyətləri şkalasında başqa
millətlərdən həmin nisbətdə geri qalmağımız ilk növbədə bu
göstəriciyə bağlı olacaqdır.
Dil - həm də taledir. Texniki-peşə təhsilimizin acınacaqlı
vəziyyəti hər birimizə bəllidir. Beləliklə, on bir il ərzində
Azərbaycan insanı sosial kasıblıq, mədəni natamamlıq və iqtisadi
gerilik doğuran səbəbi təhsil sistemində qoruyub saxlamaqda davam
edir. Halbuki, təkcə rus dilində bütün urapatriotizmi bir kənara
qoyub övladlarımıza verəcəyimiz təhsil, minimum biliklər onların
hazırki iqtisadi konyunkturada Rusiya məkanında ləyaqətlə və
şərəflə yaşamasına səbəb olardı. Bunun hazırki geopolitika ilə heç
bir əlaqəsi yoxdur. Söhbət "ikinci dil" statusundan, onu ana
dilimiz üzərinə qaldırmaqdan, yeni "rusbaşlar"ın, yaxud, ideoloji
təsirə uyanların formalaşmağından getmir. Bu ölkənin əhalisi
artdıqca daha çox dərk edəcəyik ki, bizə yeni məkanlar lazımdır.
Bəs bunu niyə etmirik? Yenə canişinlərdən, "5-ci kolon"un
artacağından qorxuruq?
Kim deyir ki, dünyaya "rus gözü"ndən baxaq. Milli müstəsnalıq
haqda düşünənlər həmişə faşizmə yuvarlanır və kimsə imperiya
diktatı ilə başqa millətləri təbəə kimi özünə tabe etdirməyə
çalışırsa, Sovetlərin taleyini yaşayır. Lakin Rusiya böyük bir
iqtisadi-ticarət məkanıdır və hazırda Qərblə məlum kinfrontasiya
fonunda orada daxili bazarın aparıcı qüvvələri yenidən formalaşır.
Sanksiyalar biriləri üçün müharibə, digərləri üçünsə fürsətdir! Nə
qədər sülhü arzulasaq da, bu təkcə bizim iradəmizdən asılı
deyil.
Rusiyaya nifrət və tarixi kateqoriyada düşünməklə millətimizi
irəliyə apara bilmərik.Ana dilin konstitusional statusunu qoruyub
saxlamaq şərtilə dil siyasətini dövlətin aparıcı iqtisadi-mədəni
kursuna çevirməliyik.
Qoy nazirliklər milli dilimizdə idarə olunsun, lakin hər cür
şovinizm qorxusunu bir kənara qoyub indi yalnız 5, 6, 7-ci
siniflərdə məhdud çərçivədə öyrətdiyimiz rus dilini, eləcə də 1-ci
sinifdən başladığımız ingilis dilini daha böyük proqramlarla
öyrəncilərimizə verməyə başlamalıyıq.
Marşal Baqramyan müharibədən sonra vətəninə gəlir, 100-ə qədər
ermənini seçib Rusiyaya aparır. Onda geriqalmış bir metropoliya
əyalətinin və təhsilsiz bir millətin indi Rusiya Elmlər
Akademiyasında 53 akademiki var. Sual edirsizmi, nədən rusdilli
ermənilər mənsub olduğu xalqın nəzərində "satqın"
adlandırılmırlar?
Məgər yalnız "ana dili"ndə danışanlar heç bir cinayətə, yaxud
xəyanətə yuvarlanmırlar? Müstəqillik tariximiz sübut edir ki,
"qılaflı adam"lar kimi mövcud olan və meydanlarda milli dilə
məhəbbətdən bəhs edənlər elə həmin vətənpərvərliklə də bu xalqın
faciələrində rol oynadılar. Ona görə övladlarını və ya nəvələrini
rus-ingilis dillərində bağçalara qoyub, sonra da Rusiyaya niftət
aşılayanların nəsihətlərinə uymayın. Şimala göndərəcəyimiz oğulları
fəhləlik statusundan çıxarmaq üçün rusun dilini öyrənməliyik!
İki dil bilmək - iki adam olmaq deməkdir. Üç dil-üç adam!
Çoxdilli olmaqdan qorxmayın, əziz vətənsevərlər - sözün
linqvistik mənasında!