Yuxarı

Salam veriləsi adam

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

YÜKSƏK PEŞƏKARLIQ VƏ AYDIN VƏTƏNDAŞ MÖVQEYİ

Azərbaycan dövlət müstəqilliyi son 23 il boyunca torpağımızı qorumaq, mədəni və mənəvi həyatımızı qurmaq, qanunlar qəbul edib ölkəni bu qanunlarla idarə etmək, SSRİ-dən sonra çökmüş iqtisadiyyatı canlandırmaq və əhalini işlə və çörəklə təmin etmək kimi böyük problemlərdən tutmuş vətəndaşlıq şüurumuza, milli kimliyimizi dərk etmək səviyyəmizə, özümüzə və sözümüzə münasibətimizədək – çox mürəkkəb və çətin sınaqlardan keçirtdi bizi.

Milli kimliyi, müstəqil düşüncəni və ana dilini unutdurmağa çalışan (nəticə tam tərsinə oldu!) sovet rejimindən sonra fikir və vərdiş şablonlarını qırıb yeni bir həyat sistemi qurmaq, üstəlik müharibə şəraitində, son dərəcə çətin, amma şərəfli bir işdir; milli tariximizin parlaq bir səhifəsidir. Azərbaycan, bütün qüsurlara və çətinliklərə baxmayaraq bu yolu gedir.

Bu mürəkkəb və ziddiyyətli keçid dönəminin ən ağır yüklərindən biri – jurnalistikanın, mətbuatın, sözün çiyninə düşmüşdür.

Bu illərdə sözümüz iki cəbhədə mübarizə aparmışdır; həm öz azadlığını təmin etmək, həm də dövlətin informasiya siyasətini yerinə yetirmək, milli azadlığa xidmət göstərmək!

23 il ərzində siyasi həyatımız kimi, söz və mətbuat həyatımız da çox ələndi, çox səslər eşitdik, çox üzlər gördük. Yunus Əmrə demiş, "Qalanlara salam olsun!"

Bu gün salam vermək istədiklərimdən biri ictimaiyyətin yaxından tanıdığı və sevdiyi dostumuz Qulu Məhərrəmlidir.

Mən onu televiziyalardan tanımışam: ekranda özünü aparmasından, danışdığı sözdən, yürütdüyü fikirlərdən, dünyada və ölkəmizdə baş verən hadisələrə münasibətindən, dialoqa dəvət etdiyi adamalardan, tutduğu mövqedən...

Televiziya ekranı rentgen kimidir, adamın içini göstərir, həm də rentgendən fərqli olaraq onun fikirlərinin, ruh aləminin içini göstərir. Burda tamaşaçı gözündən yayınmağa yer yoxdur. Dəyişkən və səbatsız dünya, ölkə içində gedən mürəkkəb proseslər... Belə bir şəraitdə hər həftə, bəzən daha tez-tez siyasi icmalçı kimi ekrandan bu olayları şərh etmək, incələmək və ölkənin maraqları baxımındən dəyərləndirmək son dərəcə çətin işdir; burda yalnız bilik və nitq qabiliyyəti yetərli deyil; dərin nəzəri hazırlıq, siyasi bilik, məntiq, fəhm və nəhayət, ardıcıl vətəndaşlıq mövqeyi tələb olunur. Məncə, Qulu Məhərrəmlinin Azərbaycan televiziyasında, "Səhər" proqramından tutmuş "7 gün", "Gerçəklik" və s. proqramlara qədər, əhatəli fəaliyyəti məhz bu tələblərə cavab verdiyinə görə qəbul edilirdi. O ekranda yıpranmadı. Ekrandan cəmiyyətin içinə, onu anlayanların ürəyinə yol tapdı.

Mənim Qulu Məhərrəmliylə tanışlığım da o illərdən başlanmışdır.

"Xəzər" televiziyasında bir neçə dəfə verilişlərinin qonağı olmuşam.

Azərbaycan televiziyası və radiolarında çalışanlar, şərhçilər, icmalçılar, proqram aparıcıları, redaktorlar çoxdur. Bəziləri bütün ömürlərini bu işlərə sərf edirlər. Qulu Məhərrəmlinin istedadı onun bu çərçivələrdə qalmasına imkan vermədi.

O, praktiki jurnalistika ilə nəzəri jurnalistikanı birləşdirməyi bacardı. Radionun, televiziyanın, internetin, mətbuatın dili, nitq mədəniyyəti, mətbuat azadlığı haqqında onlarla məqalə, kitab, dərslik yazdı. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi kimi yeni jurnalist nəslinin yetişməsində böyük xidmət göstərirdi. Radio və televiziya dili üzərinə araşdırmaları ona filologiya elmləri doktoru elmi dərəcəsini qazandırdı və bu gün BDU-nun professorudur.

Yeri gəlmişkən deyim ki, Qulu Məhərrəmlinin araşdırdığı sahələr elm üçün yeni sahələrdir; burda ümumiləşmələr aparmaq, nəzəri hökmlər vermək, istiqamətlər müəyyənləşdirmək son dərəcə çətindir. Kürəsəlləşmə şəraitində internet və ya ekran dili haqqında bu mühitin qəbul edəcəyi və təcrübi əhəmiyyəti olan söz söyləmək son dərəcə çətindir və alim dostumuzun bu işlərlə ardıcıl məşğul olması onun yüksək peşəkarlıq qabiliyyəti və cəsarətindən xəbər verir.

Bu qabiliyyət və təcrübənin nəticəsi onun kitablarında və dərsliklərində əksini tapmışdır.

Qulu Məhərrəmli Azərbaycan mətbuat dilinin, televiziya, radio, nəhayət məişət dilinin, ən başlıcası ədəbi dilimizin qorunması və inkişafı yolunda yorulmadan çalışan, yazan, danışan, mübarizə aparan əsil vətəndaş alimlərimzidən biridir.

Bu baxımdan mənim başçılıq etdiyim Azərbaycan Dil Qurumunun fəaliyyəti ilə yaxından maraqlanmasını, müzakirələrimzin ən prinsipial iştirakçılarından biri olunmasını da ayrıca vurğulamalıyam.

Qulu müəllimin Azərbaycan Milli Elmlər Akademiyasına, Nəsimi adına Dilçilik İnstitutuna dəvət edilməsinə, orda monitorinq proqramları həyata keçirəcəyinə sevindim. Bu çox vacib, dilçiliyin nəzəri, elmi tərəfiylə dilə cəmiyyədəki real münasibətləri əlaqələndirməyə imkan verən bir işdir.

Bununla yanaşı, o Jurnalistikanın İnkişafına Yardım fondunun başçısıdır və bu sahədə də səmərəli çalışacağına inanıram.

Dostumuzun geniş elmi, ictimai, pedaqoji fəaliyyəti haqqında çox danışmaq olar. Məncə, bütün qeyd etdiyim sahələrdə Qulu Məhərrəmlinin uğur qazanmasının, tamaşaçı, tələbə, oxucu, dost sevgisi qazanmasının bir əsas səbəbi də onun nurlu, saf, səmimi bir insan və qeyrətli vətəndaş olmasıdır. Bütün bunların bir-birini tamamlaması insanın xoşbəxtliyidir.

Tarix
2014.10.09 / 23:43
Müəllif
Sabir Rüstəmxanlı
Şərhlər
Digər xəbərlər

Lənətə gəlsin o demokratiya ki...

Məni “qandırma” cəhdi? Adamın üzünə tüpürərlər…

Üzündə qeyri-adi işıq, əlində iri çanta...

Bu ağrı ilə İstanbul xəstəxanasına gəldim

Mentalitetdən uzaq, tərbiyəsizliklə dolu...

Harınlığın, qudurğanlığın göz deşdiyi məkan…

İran gölməçəsində quruldayanlara Bozqurd cavabı

Ordumuzdakı “5-ci kolon”: başda yüksək çinli şəxs dayanır

Türklüyün beşiyi buradır! Turan burdan başladı

Amilinin şiri və dünyanın fikri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla