Yuxarı

Bakıda tankın üstündəki maskalı vəhşilər...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 Yanvar gecəsindən sağ qurtuldum, amma şəhid olmaq şansım daha çox idi. Mənə qismət olmadı. Yadıma gəlir, yanvarın 19-u Yasamalda (o zamankı Rabitə Texnikumuna yaxın ərazidə kirayədə qalırdım) tələbə yoldaşlarımla köhnə “11-ci qızıl ordu” metrosuna yollandıq. Elə o gün mənfur düşmənimiz SSRİ-nin tankları metronun yanındakı dairəyə girdi. Tanklardan açılan atəşlər, insanların qışqırması, o dəhşətli anlar, qorxmaz gənclik heç zamana yadımdan çıxmır...

Xəstəxananın bağında olduğumu və sol ayağımın nə zaman yaralandığını hələ də xatırlaya bilmirəm. Amma tankın üstündəki maskalı vəhşiləri mən də gördüm.

Gecə idi, saatın neçə olduğunu bilmirdim. Bir ağsaqqal bizə yol kənarındakı “Raf”a minməyə kömək etdi və “gəncsiniz, özünüzə, valideynlərinizə əzab verməyin... gedin buradan” dedi.

Adı, səhv etmirəmsə, Şaban idi. Sonradan onu görmədim.

Kirayə qaldığım evə çıxdım. Evin sahib və sahibəsi məni buraxmaq istəmirdi, amma qaçdım.

Səhərə yaxın idi, hava nisbətən açılmışdı. Xəstəxanaya gəldim, orada gördüklərim haqda yazmaq istəmirəm... nələr gördüm, nələr... çox dəhşətli idi... Mən də o şəhidlərdən ola bilərdim.

Analar, bacılar fəryad qoparırdılar. Çox pis olmuşdum. Bacardığım qədər insanlara kömək etdim, amma sonradan yorğunluq hiss etməyə başladım. Üstəlik sovetin iyrəncliyinə hiddətləndiyim üçün əsəbimdən əlimi divara vurub yaraladım.

Kənd camaatı və bütün qohumlar məni axtarırmışlar. Hətta bəziləri şəhid olduğumu zənn edibmiş. Həmin vaxt telefon işləmirdi, nəqliyyatın fəaliyyəti də dayanmışdı. Sonradan nəqliyyat öz axarında işləməyə başladı.

20 Yanvar şəhidlərini məzara yola salan gün rəhmətlik Xəlil Rza Ulutürklə yanaşı addımlayırdıq. Məni dərhal tanıdı, onunla dəfələrlə meydanlarda çiyin-çiyinə dayanmışdıq. Məni həmişə “oğlum, Təbriz” deyə çağırardı. Rəhmətlik oğlunun adı Təbriz olduğundan mənə öz adımı yox, “Təbriz” deyərdi. Bir dəfə dedim, adım Pərvizdir. Oğlunun adına yaxın ad olduğundan yadında daha tez qaldı.

Xəlil Rza Şəhidlər Xiyabanında olduğumuz o gün heç danışmadı. Elə bil, dili tutulmuşdu, çox gərgin idi, gözləri qızarmış, əlləri əsirdi. Bir qadın ona termosdan çay süzüb verdi. Şairimiz başı ilə təşəkkür edib, çayını içdi. Sonra ayrıldıq.

Xeyli sonra onu kürsüdə gördüm... Əslində, mənim üçün o da bir şəhiddir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun, inşallah!

Tələbəlik illərimin ən ağır günlərini yaşadım və bunları heç vaxt unuda bilmirəm.

Tarix
2019.01.22 / 17:51
Müəllif
Pərviz Əmiraslan
Şərhlər
Digər xəbərlər
KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla