(Dostum Sabir Rüstəmxanlı haqqında söz)
Beyvəfadan, müxənnəsdən, nakəsdən
Nə söz qaldı sənətkara dəyməmiş?!
Aşıq Ələsgər
****
Ürək sözlərimi qələmə aldığım bu yazıda nə "Rüstəmxanlı" sözünü,
nə "müəllim" kəlməsini, nə də "Xalq şairi", "millət vəkili"
təyinlərini işlətməməyə çalışacağam.
Sabir Bəyin siyasi fəaliyyətindən də çox danışmamağa söz
verirəm. Çünki siyasət bizi ayıran, ədəbiyyat isə birləşdirən
tərəfdir. İrəlidə çox zaman görmədiyim üçün mən özümü birləşdirən
tərəfə aid edirəm. Dünyanın elə tərəfləri var ki, biz Sabirlə bir
yerdə olmamışıq.
Birləşmək, ayrılmaq, yenidən birləşməkdən də söz getmir.
Dünyanın elə tərəfləri də var ki, biz Sabirlə bir olmuşuq. Desəm
ki, Sabir bizim öncümüz olub, bu sözün səmimiyyətinə inanın.
Mən 1965-ci ildə Bakı Dövlət Universitetinin filologiya
fakültəsinə daxil olanda Sabir III kursda oxuyurdu. III kursun
simvolu Sabir idi. Necə ki, II kursun simvolu Ramiz Rövşən idi. IV
kursun simvolu Azər Abdulla, V kursun simvolu İsmayıl Məmmədov.
Biz daxil olan ildə universiteti bitirənlərin simvolu isə
rəhmətlik Aydın Məmmədov idi.
Simvol, yəni "mən Sabirin kursunda oxumuşam" deyəndə ağıla gələn
ilk adam Gülxanım Vəliyeva da, Qara Tağızadə də, Nəzakət Qafqazlı
da, nə bilim kimlər də ola bilər. Ancaq o kursda simvol adam Sabir
idi.
Bu bəlirgənlik yalnız şöhrətlə bağlı deyil. Burada şöhrət də var,
mehribanlıq da, xarizma da...
Əgər mənim oxuduğum bu 5 ilə gedib- gələnləri də daxil etsək, o
dövrün ən məşhur tələbəsi şübhəsiz ki, Sabir idi.
Sabirin o gözəl və əzab- əziyyət dolu tələbəlik illərində komsomol
iclasındakı "nitqini" heç unuda bilmirəm. Kənddən gəldiyi elə ilk
baxışda sezilən bu arıq, kəskin baxışlı və hamımıza qarşı ciddi
olan bu oğlan gənc kommunist əxlaqına yaraşmayan və yaşlı kommunist
əxlaqının daşıyıcılarını da heyrətdə qoyan bu "nitqi" ilə "komsomol
təşkilatı" adlı məşhur təşkilatın daşını daş üstə qoymadı. Dekan
üzünü yana çevirdi, partiya təşkilatı katibi yavaşca salonu tərk
etdi, müəllimlər pıçhapıça başladı. Sabirsə "Bu nə universitetdir,
bu nə yataqxanadır, bu nə artistlikdir", deyib qızışdıqca salon da
qızışır, hərəsi bir dərədən, bir obadan gələn tələbələr "mən
Sabirin oxuduğu universitetin tələbəsiyəm" qürurunu yaşayırdı.
Bu qüruru, yəni dissident qürurunu biz tələbələrə cəmi üç adam
yaşatdı desəm, məni qınamayın, böyük sözmü? Bəxtiyar Vahabzadə,
böyük tarixçi Lətif Əsgərov və Sabir Bəy.
Yox, bu o demək deyil ki, universitetdə gözəl alimlər, müəllimlər
yox idi. Əsla. Universitet auditoriyalarında görüb sevdiklərimiz,
ömrümüz boyu çörəyini yediyimiz Muxtar Hüseynzadəni, Səlim
Cəfərovu, Əkbər Ağayevi, Əlövsət Abdullayevi, Xədicə Ağalarovanı,
Ağaməli Həsənovu, Mir Cəlalı, Əli Fəhmini, Abdulla Vəliyevi, Abbas
Zamanovu, Mehdi Məmmədovu... (Allah hamısına qəni - qəni rəhmət
eləsin) unutmaq mümkün deyil. Onlar indi də bizim yuxularımızda,
yazdıqlarımızda, dediyimiz dərslərdə yaşayır.
Sabirin də daxil olduğu o üçlük isə, razılaşmayanlar, başqa cür
düşünənlər ən kəsəsi, ayrı - ayrı miqyasda dissident düşüncəli
insanlar idi.
Sabir universiteti bitirib Mirzə İbrahimovun və Bəxtiyar
müəllimin səyləri ilə "Ədəbiyyat qəzeti"ndə işə başladı. Bu da
bizim üçün olduqca qürurverici idi.
Sonra Sabir əsgər getdi və təsadüfən mənim o zaman üçün gələcək
qaynım olacaq Məhfuz Səlimovun "soldatı" və dostu oldu. Bizim
xanımının ilk şeirlərini də dəyərləndirib şair deyil, müəllimə
olmağı məsləhət görən də (Allah atasına rəhmət eləsin) Sabir
olub.
Sonra Sabir müxtəlif vəzifələrdə işləməyə başladı: "Yazıçı"
nəşriyyatının baş redaktoru, "Azərnəşr"in direktoru, Mətbuat
Komitəsinin sədri və s.
Mən onun bütün vəzifələrini xatırlamıram. Ancaq Sabir harda
olubsa qabiliyyəti olan tələbə dostlarını, ona dərs deyən
müəllimlərini, qələm dostlarını unutmayıb. Bu mənada o, bizim
nəslin "dayısı" olub.
Bizim nəslin ilk ailə quranı, ilk övlad atası, ilk xalq hərəkatçısı
və ilk naziri, ilk millət vəkili də Sabir olub.
Amma bütün bu "ilk"lərlə bərabər Sabir yaradıcı şəxsiyyətdir və
yazıb- yaratmaq missiyası Allahın ona verdiyi vergidir.
Bu vergidən uca nə ola bilər ki?
Sabirin şair yaradıcılığı və publisistikası bir-biri ilə qırılmaz
şəkildə bağlıdır.
Sabir çağdaş şeirimizin, milliyyətçiliyin, vətənsevərliyin və
vətəndaşlıq poeziyasının öndərlərindən biridir. Çağdaş vətən,
vətəndaşlıq, millətsevərlik şeirinin Bəxtiyar Vahabzadə, Xəlil
Rıza, Məmməd Araz kimi ən önəmli isimlərindən sonra (əlbəttə böyük
Mirzə Cəlili, Sabiri, Üzeyir Bəyi, Əli Bəy Hüseynzadəni, Cavidi,
Müşfiqi unutmadan!) Sabirin adının gəlməsi bu şeirlərin bədii
səviyyəsi və ədəbi siqləti ilə deyil, daha çox yaş sırası ilə
bağlıdır. Adını çəkdiyim və çəkmədiyim, milliyyətçilik və
vətənsevərlik sırasına daxil olan və olmayan şairlər və yazıçıların
Sabirin şeirini yüksək qiymətləndirməsi heç də təsadüf deyil.
Bəxtiyar müəllimin Sabirin şeirlərindən dərsdə, görüşlərdə necə
vəcdlə danışdığının şahidlərindən biri də mənəm. Anarın, Yusif
Səmədoğlunun, Əkrəm Əylislinin, Elçinin, İsi Məlikzadənin, Fərman
Kazımzadənin Sabirdən sayğı və qürur hissi ilə yazmaları,
danışmaları heç təsadüf deyil. Yaşıdları Ramiz Rövşənin, Məmməd
İsmayılın, rəhmətlik Nüsrət Kəsəmənlinin, Vaqif Bayatlı Odərin
Sabir şeirlərinə və publisistikasına verdikləri dəyər, bəslədikləri
sevgi yalnız dost sevgisi, dəyəri sayılmaz. Məncə, bu
qıymətləndirmə cəsarətlə, ilkinliklə gözəl duyğuların gözəl
ifadəsiylə bağlıdır. Eyni yolda yürüyən və haradasa ədəbi rəqib
olan insanların bir nöqtədə, bir şəxsiyyətdə birləşməsi o qədər
qanuna uyğundur ki, burada təsadüf, gəlişi gözəllik axtarmaq
imkansızdır.
Bizim mərhum böyük nasirimiz Sabir Əhmədlinin Sabir Rüstəmxanlı ilə
(soyadı iki Sabiri ayırmaq üçün işlətdim) şəxsi və əqidə dostluğu
bizim ədəbiyyat tariximizin Sabir - Səhhət dostluğu ilə müqayisə
edilə bilər.
Sabirin şeirinin də, publisistikasının da, ictimai
fəaliyyətlərinin də ana nöqtəsi Azərbaycanın bütövlüyü və Türklük
məfkurəsidir.
Əslən Ərdəbildən olması, Yardımlıda doğulub Bakıda yetişməsi
təsadüfi deyil. Sabirin yaralı yeri beş yerə ayrılan Azərbaycandır,
daxili və xarici güclərin məngənəsində qalan Türklük
əqidəsidir.
"Ömür kitabı" Sabirin şah əsəri və Azərbaycan milli məfkurəli
publisistikasının zirvəsidir, desəm məni subyektivlikdə qınamayın.
Zirvə özünə qədər olan yolların davamı və yüksəlişidir.
Məhəmməd Əmin Rəsulzadənin siyasi publisistikasının və Anarın
ədəbi- fəlsəfi publisistikasının doğma övladı "Ömür kitadı"dır
desəm səhv etmiş sayılmaram.
Ə. Elçibəy milli hərəkatın ilk təkanları, milli- mənəvi dayaqları
içərisində şeirləri ilə bərabər onun "Ömür kitabı"nın da adını
özəlliklə vurğulamışdı.
İndi qədim Türk yurduna səyahət notlarını yazan, zaman - zaman
milli- mənəvi dəyərlərə yönələn zərbələri ortaya qoyan, vətəndaş
səsini qaldıran da Sabir bəydir.
Mən də daxil olmaqla, siyasət nəslinin günlük mübarizəyə çox aludə
olması bəzən bizi böyük dəyərlərdən uzaqlaşdırır. Böyük dəyərlər
üçün çarpışmaları və çarpışanları gün siyasətinə qatmayaq və ya
onları başqalarından ayıraq. Mən bunu səmimiyyətlə söyləyirəm.
Bəli, Sabir dostumun bəzi hərəkətlərindən, yazılarından, siyasi
gedişlərindən narazı qalmaqlığım olub və bunları mətbuata
çıxarmaqdan da çəkinməmişəm. Mən demirəm ki, səhv eləmişəm. Yox,
bir siyasətçi kimi səhv eləməmişəm. Mənim və ya başqasının səhvi
iri kalibrli silahdan ona tay-tuş olmayanı vurmaq tələbidir, günlük
qayğıları böyütməkdir, şəxsi amilləri birinci dərəcəyə
gətirməkdir.
Artıq ömrün bu vaxtında hər kəsə öz dəyərini vermək lazımdır.
Fəxri adları alan, o adları atan da, böyük vəzifələrdə işləyən də,
(o işlərdən çıxarılan da) bizim Sabirdir, meydanda başı sarılmış
yaralı da bizim Sabirdir, Təbrizdə Azərbaycan dərdini, Ankarada
Türklük faciələrini doğuran səbəbləri söyləyən də bizim
Sabirdir.
Unutmayaq ki, gözəl silahla həmişə 10-luqdan vurmaq olmur. Bunu da
unutmayaq ki, missiyalı insanlara başqa yöndən, dəyər qiymətləriylə
yanaşmaq doğru sayıla bilməz.
"Yağı yağ, ayranı ayran olsa", zəmanəmizdə hərkəsə öz missiyasına,
gücünə, imkanlarına görə qiymət vermək Allaha da xoş gedər, bəndəyə
də…
Mənim ürəyimin divarından dostum Sabirin üç şəkli asılıb:
Universitetin böyük salonunda çıxış edən 20 yaşlı III kurs tələbəsi
Sabir; meydanda milyonlara xitab edən başı sarıqlı, qara dəri
plaşlı Sabir, bir de bir yaz günü iydə ağacın dibində Altaylı Türk
qızı ilə gülə - gülə söhbət edən Sabir.
Mən bu üç şəklin üçünü də sevirəm. Bu üç şəklin üçü də Sabirdir.
Bizim Sabir…
P. S. Vallah - billah (dostumuz Rafiq Əliyev Əhməd Ağaoğluna
istinad edərək deyir ki, Qarabağlılar yaman and içən olurlar) bu
ürək sözlərimi nəyə görəsə, nə üçünsə yazmadım. Sevdiklərimdən və
mənə dərs deyən- deməyən müəllimlərdən başqa kimsəyə gözəl söz
yazmaya asla ehtiyacım yoxdur.
Bakıda son görüşümüzdə Sabiri fikirli və qayğılı gördüm. Ürəyimdə
qaldı. Adam ancaq ən yaxın, doğma adamını ürəkdən hiss edə bilər.
İstanbulda gecə, yuxuda Sabiri gördüm. Yuxudan qalxan kimi ürək
sözlərimi yazmaya bilmədim.
Sözün doğrusu elə adam var ki, mən onu uşaqlarına görə xoşbəxt
sayıram və ona həsəd aparıram, elə adam var ki, çəkdiyi əzablara
görə sonsuz hörmət bəsləyirəm. Eləsi də var ki, riskinə, cəsarətinə
görə. Men Sabiri " Ömür yolu"nu yazdığına görə xoşbəxt sayıram və
dərin hörmət bəsləməyə də borcluyam.
Böyük adamlar yalnız öz ailəsinin, əqrəbasının deyil,
millətinindir. Əqrəba iki-üç nəsildən sonra unudulur. Yazı qalır,
yazılan qalır. Əlövsət, Şahbaz, o bizi qardaşlar inciməsinlər,
onlar mənim də yaxın dostlarımdır. Ancaq Sabiri, Elçibəyi, Nəcəf
Bəyi, Xudu müəllimi… ailə, qohum-əqrəba, dost kriterləri ilə
dəyərləndirmək olmaz.
"Qan yaddaşı" ifadəsini türkcəyə Sabir gətirib. Türkcədə bu
ifadəni Türkiyə, özbək, tatar, türk sənət və elm adamlarının da
işlətməsi gün - gün yetişməkdə olan ortaq türkcə üçün leksik norma
olacaq. Kəlmələri yalnız folklor dilində, klassik ədəbiyyatda
deyil, R. Rzanın, B. Vahabzadənin, M. Arazın, Y. Səmədoğlunun,
Anarın, Mövludun, V. Nəsibin, M. İsmayılın, A. Səmədin, gənc
şairlərin və nasirlərin dilində axtarmaq və tapmaq, görmək və
götürmək lazımdır. Bütün türkcələrin kəlmə varlığının xəlbirlənməsi
ortaq türkcə seçimi üçün təməl qaynaqdır. Bu təbii seçim sürəcində
Sabir Bəyin əsərlərinin dili də öz önəmli rolunu oynayır və
oynayacaqdır da.
Biz vətən, vətəndaşlıq, millətçilik poeziyası deyərkən əsla H.
Cavidi, M. Müşfiqi, E. Cavadı, A. İldırımı, S. Vurğunu, R.Rzanı,
Şəhriyarı, H. Nitqini, Savalanı… bu poeziyadan və qayədən uzaq
tutmuruq. Sadəcə şairin əsas və ya psixologizmdirsə onu vurğulamaq
istəyirik. Və bu bölgünün də kifayət qədər şərti olduğunun altını
cızaraq söyləmək istəyirik.
Həm şeirə, həm nəsrə, dramaturgiyaya və publisistikaya aid olan bu
şərti bölgü kifayət qədər subyektiv olsa da, heç kəs etiraz etməz
ki, Sabir Bəy bizim poeziyamızın vətən, vətəndaşlıq və
milliyyətçilik qolunun en parlaq çağdaş əsgəridir. Bu mənada biz
onu varis olaraq Bəxtiyar Vahabzadə ilə, çağdaş olaraq Oljas
Süleymenovla müqayisə edə bilərik.
Türk şeir ənənəsində Sabir, Fazıl Kısakürəklə, Mehmed Akifle, M. E.
Yurdakulla daha çox bağlıdır.
Gənc ədəbiyyatımızda Sabirin Azərbaycanın qüzeyində və
güneyində, eləcə də bütöv Türk Dünyasında çoxlu davamçıları var ki,
biz bunu da tamamilə təbii sayırıq.
Sabir bu gün də yazır, gəzir, görür, danışır, mücadilə aparır.
Bəzən avam sözündən, bəzən də dünya hökmlüsündən yaralar da
alır.
Neyləsin… Dünya belə gəlib, belə də gedəcək. Və dünya qan
yaddaşında o zorbaları, ehkamçıları, hökm verənləri
saxlamayacaq.
Yadda elə Sabir qalacaq. Çünki yalan dünyanın gerçək dostlarından
biri də Sabirdir.
Bizim Sabir…
Kamil Vəli (Musavat).