Elə adamlar və elə mövzular var ki, onlar barədə yazanda
gərək hər şeydən və hamıdan təcrid olunasan. Yoxsa istədiyin kimi
alınmır. İstədiyin kimi alınmayanda əsəbiləşirsən, narahat olursan,
fikirlərinin ipi qırılır, sənin əhvali-ruhiyyən kənardakılara da
təsir edir.
Haradan tapasan vaxtı, sakitliyi, rahatlığı ki, oturub ürəyindən
tikan çıxaran yazını yazasan ilin-günün bu vaxtında? Bir gözün
redaktə eləməli olduğun yazıların qovluğunda – amandır, nəyisə
qaçırmayım, bir gözün e-mail-də - "yanan" xəbər ola bilər, bir
qulağın telefonda – kiməsə nəsə lazım ola bilər, bir qulağın
otaqda. İşdə belədir, evdə də...
Nəsə, belə bir qaçaqaçda, qovaqovda ən sevdiyin yazıçıya, dosta
təbrik yazısı yaz. Yazmasan, olmaz. Ürəyindən daş kimi asılıb
qalacaq. Amma budur, kompüter vərəqəni açırsan və sözlər başlayır
ard-arda gəlməyə. Başqa yazılarımda da demişəm, Kamal Abdulla
adının, imzasının, sözünün qəribə sehri var – başladınsa, dayana
bilmirsən, paralellərlə, alternativlərlə düşünməyə başlayırsan və
elə başqa, indi içərisində olduğundan ayrı, fərqli, amma daha doğma
bir məkana düşürsən – yad bir planetə. Elə bir planetə ki, sən
orada olduğundan daha çox özünsən, sən orada olmaq istədiyin
sənsən, sənə heç kəs mane olmur, səni heç kəs orbitindən
çıxarmır...
Çoxdandır görüşmək imkanımız olmur, görünür, ruhi yaxınlıq həm
də həyat tərzinə keçir – gərgin iş, çoxsaylı dostlar-tanışlar,
görmək istədiyin və istəmədiyin, amma boynunda öhdəlik kimi asılıb
qalan borclar, öz problemlərin, daha çox başqalarının problemləri.
Aşağı-yuxarı, eyni vəziyyətdi, təbii, onda daha çox, məndə daha
az...
Ruhi yaxınlıqdan danışdım, əslində, bu yaxınlığı duymaq üçün
onunla şəxsən tanışlığa ehtiyac yox idi ki. Kitabları,
müsahibələri, qəzetlərdəki yazıları vardı, ondan tez-tez danışan
rəhmətlik Elçin Səlcuq, onun həmişə yaddaşımda yaşayacaq xatirələri
var, evdə ondan danışan atam, qonşuluqda əmim var, televerilişlər
var. Bundan kənarda, ikimizin də sevdiyimiz "Dədə Qorqud"
dastanları var, nağıllar, yunan mifləri var, Xətai var, Borxes var,
nə bilim, bizi birləşdirən dəyər – ədəbiyyat və onun əsas missiyası
işıq var...
İşıqdan çox inam var – yağışların aşağıdan yuxarı yağa
biləcəyinə, Parisin almanı Afroditaya yox, Heraya verə biləcəyinə,
Mağara ruhuna, hər şeyin gördüyümüzdən daha fərqli ola biləcəyinə,
gördüklərimizin illüziyadan ibarət ola biləcəyinə...
Hərdən mənə elə gəlir ki, onunla, yazılarıyla vaxt keçirmək ona
görə xoşdur ki, o, hər şeyə kənardan baxmağa vadar edir, özündən
kənara çıxmağa. Bu kənar təkcə yuxarı – göy qatı deyil, həm də
yerdir, sağdır, soldur, aşağıdır – nəsə çoxüzlü bir məkandır.
Oradan özünə və ətrafa baxıb, sonra yenidən öz yerinə qayıdırsan.
Fikirləşirsən, suallar verirsən, onları yadında saxlayırsan ki,
müəllifə ünvanlayıb mütləq həqiqəti öyrənəsən, yaxşı, lap mütləq
həqiqət yoxdur, bəs yazıçının ki öz həqiqəti var. Görüşə
tələsirsən, yaxınlaşırsan, sözarası səni narahat edən mətləblə
bağlı suallarını verirsən, amma müəllif burada da gülümsəyir, heç
vaxt öz yozumunu sırımır. Səni öz suallarınla baş-başa qoyur. Qoyur
ki, özün düşünəsən, cavablar arasında baş sındırasan, buradan bir
variantı seçib-seçməmək də sənin ixtiyarında qalır...
Maraqlısı budur ki, Kamal Abdulla söhbət zamanı mütaliəsiz
müsahibini incitmir, ona biliksizliyini hiss etdirmir, əksinə, hər
dəfə ən kiçik uşaqdan belə nəsə öyrənməyə çalışır. Bu, yaxşı insani
keyfiyyət olmaqla bərabər, həm də yazıçı mətbəxinin sirridir. Bəzən
dərslərində fikir verirəm, danışa-danışa dayanır, düşünür, ağlına
yeni gələn ideya, fikir, lap elə bircə sözü tapıb hafizəsindəcə
qeyd edir ki, yeni mətnində işlətsin və işlədir də. Daim axtarışda
olmaq – özünü başqalarına təsdiq etdirikdən sonra belə, özüylə
barışmamaq – bu adamda, bu yazıçıda ən çox bu cəhəti sevirəm.
Bəzən uşaq kimi inciyir, gileylənir və dərhal da incidiyi,
gileyləndiyi adamlar üçün bəhanələr tapır.
Mən bir şeyə əminəm, uğurları onun yazıçı kimi lazımi qiymətini
almasına həmişə mane olub. Bilirəm ki, Bakı Slavyan Universitetinin
rektoru olanda da, indi – millətlərarası, multikulturalizm və dini
məsələlər üzrə Dövlət müşaviri işləyəndə də çoxları onun haqqında
rəy bildirməyə əziyyət çəkirlər – kənardan başqa cür görünə bilər
axı. Amma mətn mətndir, onun sahibinin kim olmasının heç bir önəmi
yoxdur. Üstəlik, Kamal müəllimin qapısı hamının üzünə açıqdır –
həmişə və hər yerdə...
Bu gün onun
doğum günüdür, nə sirdirsə, mənə ən doğma adamların çoxu bu ayda
doğulub, təsadüflərə inanmıram. Nə sirdirsə, iki-üç aydı hər dəfə
görüşünə getsəm də, görüşmək imkanımız olmur, daha doğrusu,
bilirəm, işləri çoxdur, görüşmək istəyənlər ondan da çoxdur. Mən öz
növbəmi gözləyirəm. Gözləyirəm ki, ürəyimiz istəyən qədər
ədəbiyyatdan və həyatdan danışmağa imkan olsun, qapıların
açılıb-örtülməsi fikirlərimizi yayındırmasın, telefon zəngləri
sirli dünyadan ayırıb geri qaytarmasın, gözləyirəm ki, sərbəst vaxt
tapıb, sonuncu hekayəsini diqqətlə oxuya bilim – çünki onu oxumaq
üçün, təkrar edirəm, mütləq şəkildə sakitlik və təklik lazımdır,
çünki hər cümlədəcə dayanırsan, bəzən fikirlərində ardı özün
yazırsan - sənin öz süjetin yaranır, bəzən qeydlər edirsən ki,
növbəti yazını yazasan...
Bilirəm, bu yazı sistemsiz oldu, süjeti-konstruksiyası yerində
olmadı, amma təbrik mətni elə belə olur – ekspromt, ədavalarsız,
"ütüsüz-nişastasız". Ədvaları – duzu və təbii ki, istiotu isə
növbəti yazılar üçün saxlayıram.
Kamal müəllim, ad gününüz mübarək! Sizə çox şeyi arzulaya
bilərəm, amma icazə verin, xahiş edim: daha çox yazın, yazın,
oxuyaq, biz də yazaq...