Yuxarı

101 il öncə baş vermiş tarixi hadisənin bu günü

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident sözü: “Bu gün Azərbaycan müstəqillik yolunda inamla irəliləyir, ölkə qarşısında duran problemlər həll edilir.”

28 May! – Cümhuriyyət Günü, İstiqlal Bayramı! Günlərin gözəli və özəli!

Bu dövlət, bu xalq uğrunda olmazları olar edən şəxsiyyətlərimizə min rəhmət, Azərbaycanın uğuruna uğur qatan şəxsiyyətlərimizə böyük şükranlar!

Mən Sovetlər dönəmində doğulmuş, milli azadlıq hərəkatı dövründə ali məktəbə qəbul olmuş, müstəqil ölkənin vətəndaşı kimi diplom almışam. Çağdaş müstəqilliyimizin necə ağrı-acılarla, necə cocuq kimi sevinmələrlə, necə duyğu qabarması, fikir toqquşması... ilə baş verdiyini görmüş və yaşamışam. Meydanlarda yuxarı qalxan yumruqlardan biri də mənim olub. Hələ o tarixdən bir qədər öncə (1987-ci ilin yazında) – orta məktəbdə oxuyarkən “qonşu Ermənistan”ın (mərkəzin hüquqsuz hüququ, rəsmiyyətsiz rəsmiyyəti ilə) bizim kəndin torpaqlarını necə tikanlı məftillərlə sardığını görmüşəm. Çox şadam ki, indi yazı yazan bu əllərlə, o tikanlı məftillərin sökülməsində iştirak etmək nəsibim olub; rəhmətlik atam, (ömrü uzun olsun) qardaşım da daxil olmaqla, kəndin bütün başıpapaqlıları o süni “sınır”ı darmadağın ediblər. (O zamankı rayon rəhbəri – Tovuz partiya komitəsinin I katibi, digər rəsmi şəxslər darmadağından bir gün sonra gəlib, kişiləri məktəbin həyətinə topladığını da yaxşı xatırlayıram, orada deyilən olmazın sözləri də... Hə, nəymiş, əfəndim? – oralar artıq ermənilərinmiş, istədiklərini edəcəklərmiş-filan və Qoşalıların da dinməyə haqqı yoxmuş.(?!) Rəhmətliklər Kamıl əminin, ömrü uzun olsun Vəli müəllimin və başqalarının haqlı hayqırışları, dirənişləri bugün də qulaqlarımdan çəkilməyib... Tanrı camaatı şən eləsin! – bizlərdə belə deyərlər; kənd möhkəm durdu, geri çəkilmə olmadı və o zaman bir balaca kəndin böyük dirənişi olmasaydı, sonrakı proseslər gərəyi, Tovuzun böyük bir ərazisi gerçək təhlükə altına düşə, qızıl mədənləri əldən çıxa, təqribən 20-30 min əhali yurd-yuvasından perikə bilərdi... Çünki bizim kənd strateji coğrafi məkanda yerləşir, kəndin yuxarısından nəinki Böyük Qışlaq, Çeşməli bölgəsini, Kirən-Xatıncan bölgəsini, hətta Tovuzun şəhər mərkəzini toplarla vurmaq, atəş nəzarətində saxlamaq mümkündür.

İndi məqsədim kəndimizdən, özümdən danışmaq deyil, əlbəttə; bunları yeri gəldi xatırlatdım; mən demək istəyirəm ki, müstəqilliyin necə kövrək məqamlardan keçdiyini, dəfələrlə “olmaq ya olmamaq?!” dilemması qarşısında qaldığımızı biləvasitə görmüş, yaşamış bir qardaşınız kimi, bu günümüzdən 101 il öncəyə də, ondan daha dəqiqsə, ikinci müstəqillik dönəminə də ayna tuta bilirəm.

***

“Bu gün biz xoşbəxtik ki, müstəqil ölkə, azad xalq kimi yaşayırıq, taleyimiz öz əlimizdədir!” 28 May münasibətilə keçirilən rəsmi qəbulda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin nitqinə diqqət edincə, 101 illik tariximiz daha qədim keçmişimiz və daha böyük gələcəyimizlə canlanır göz önündə..!

Müstəqil dövlətimizin başçısının tarixə, bugünə və gələcəyə baxışı bu əziz gündə duyğulu anlar bəxş edir insana. Öz bayrağımız, öz dövlətimiz, öz başçımız, öz yolumuz!.. Milli xoşbəxtlik, milli qürur belə əsaslara söykənir; Şuşaya bayraq sancacağımız günə artan inamda təcəlla edir; tarixi haqlarımıza sayğımızla şəkillənir... Burada, qarşılıqlı təsir var – inam gələcəyi doğurur, gələcəyə çatmağın “olmazsa, olmazlığ”ı da inamı yaradır; Gələcyin ən yaxın adı Şuşadır! Şuşa inamımızın dalğa-dalğa ünvanlandığı pirdi, ocaqdı!

Dövlət başçımız dövlətimizin əziz günündə nə dedi? – Dedi ki:

“...Ölkəmizin hərbi qüdrəti güclənir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi, Naxçıvan Muxtar Respublikasında keçirilən əməliyyat nəticəsində böyük torpaq sahəsi işğal-çılardan azad edilmişdir. Hərbi qüdrətimizin artırılması nəticəsində bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərdə güclü ordular sırasındadır. ...Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Belə olan halda hərbi potensialımızın gücləndirilməsi əsas prioritet məsələlərdən biri olmalıdır. Bu istiqamətdə çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, son illərdə hərbi hissələrimizin 80 faizi tamamilə yenidən qurulub. Növbəti illərdə qalan, hələ də təmirə ehtiyacı olan hissələr də təmir ediləcəkdir. Azərbaycan bu gün çox güclü hərbi potensiala malikdir. Ancaq bundan sonra da bu istiqamətdə praktiki addımlar atılacaq. ...Həm hüquqi, həm siyasi, həm iqtisadi, həm hərbi nöqteyi-nəzərdən Azərbaycan ...böyük dərəcədə güclənib. Son illərdə mötəbər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələr bizim ədalətli mövqeyimizi dəstəkləyir və münaqişənin həlli üçün bu, çox güclü hüquqi baza yaradıb. Qondarma “Dağlıq Qarabağ respublikası”nı heç bir ölkə tanımayıb, orada keçirilmiş qanunsuz referendumlara dünyanın aparıcı təşkilatları və bir çox ölkələr tərəfindən sərt, mənfi reaksiya verilmişdir. Biz münaqişə ilə bağlı həqiqətləri dünyaya çatdırırıq və bundan sonra da çatdırmalıyıq. Hesab edirəm ki, bu gün vəziyyət tamamilə fərqlidir. Çünki əgər əvvəlki dövrlərdə erməni lobbisi tərəfindən yayılan saxta, təhrif edilmiş məlumatlar daha çox yer tuturdusa, bu gün münaqişə ilə bağlı dünya ictimaiyyəti kifayət qədər məlumatlıdır. Hər kəs xəritəyə baxsa görər ki, Azərbaycan işğala məruz qalan ölkədir. Bu məsələ ilə bağlı biz bundan sonra da ardıcıl siyasət aparacağıq. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Biz bu mövqedən dönməyəcəyik. Münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və müvafiq beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilməlidir.

...Görülmüş bütün işləri sadalamaq üçün bir neçə saat vaxt lazım olacaq. Sadəcə olaraq, demək istəyirəm ki, bu gün Azərbaycan müstəqillik yolunda inamla irəliləyir və ölkə qar¬şısında duran problemlər həll edilir. Ancaq biz gələcəyə baxmalıyıq, əldə edilmiş nailiy¬yətlərlə kifayətlənməməliyik. Ölkə qarşısında duran problemlər bizim üçün əsas məsələ olmalıdır və bütün müvafiq tapşırıqlar bu istiqamətdə verilir”.

Bax, əziz oxucu, dövlətlə xalqın nəbzi bir vuranda, tarixin şanlı səhifələri tarixin özündə qalmayıb bu gün də çiçəkləyəndə, bu gün keçmişlə gələcək arasında bir körpü tağı, bir möhkəm bağ olanda, vətəndaşın da ümidləri çiçəkləyir inama dönüşür; inam gülüstanısa bizi böyük hadisələrə götürür!

Vaxtı ilə bir rayon, bir kənd miqyasında belə rəhbəri camaatının, əhalisinin yanında deyil, qarşısında durduğunu görmüş bir qardaşınız olaraq, bugün ümumrespublika miqyasında dövlət ərkanının, əlbəttə, şəxsən və ilk növbədə dövlət başçısının xalqın istək və arzularını ifadə etməsini görmək bir başqa duyğudu, bir başqa ömür-gündü... Burada “xalqın istək və arzularını ifadə etmə” dediyimiz, ifadədə qalmaması idrakla və inamla süsləndiyi üçün, inşa ilə, icra ilə gerçəkləşdiyi üçün təsiredici, sirayətedici, üfüqaçıcıdır!

Məni bu yazını yazmağa vadar edən də, məhz bu duyğulu anlar olsa gərək...

Ötən il CÜMHURİYYƏT İLİ – 100 illik şanlı yubiley ili idi; bu il NƏSİMİ İLİnə düşən 101-ci ildönümü də, simmetriyasından tutmuş, özünən böyük mənasına, xəlqi mahiyyətinədək əzizdir, inamaşılayıcıdır!

Bayramın qutlu olsun, Azərbaycanım!

Bayrağın uca olsun, dövlətim!

Hər şey yaxşı olacaq!

Tarix
2019.05.28 / 17:48
Müəllif
Əkbər Qoşalı
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

İlk rus imperatordan son “prezident”ədək…

Ərdoğandan dərhal sonra Şərifin Bakıya gəlməsi...

Gəncə vurulanda cınqırını çıxarmayanlar…

Rusiyadan idxal edirik: əsas hədəfimiz isə budur

Azərbaycanlını Rusiyada öldürmək olar...

Ağzını söyüşlə açanların yaramazlığı…

Koronovirus önünə nə ilə və necə çıxırıq?

AB-nin Bakı standartı: Əli Kərimli ilə nə danışılıb?

10 maddəlik münasibət

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla