Yuxarı

Biz necə bir polis istəyirik?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dayım nəvəsi, ailənin tək oğlu Nihat bu günlərdə Azərbaycan Polis Akademiyasına qəbul oldu. Nə gizlədim, içi mən qarışıq, qohum-əqrabada bir xeylimiz, Nihata mülki universitetlərdən birini seçməyi təklif edirdik, o isə inad edirdi. Dedik, yüksək bal toplamısan, seçim imkanın genişdir; dedi, yüksək bal toplayanlar polis peşəsini seçsə, daha yaxşı olmazmı? Dedik, oxuyanda da, işləyəndə də, ayağın “botinka”da olacaq, rahatçılığın az olacaq; dedi, sizlərin rahatçılığınıza xidmət edəcəyik – pisdimi? Dedik, “a bala, elə ətli-qanlı deyilsən...” – sözümüzü tamamlamağa qoymadı: “Nəciblik nə zamandan ayıb olub?”... “Bə, birdən dözməsən, təhsilini yarımçıq saxlasan?!.” – Dedi: “Əgər dözümsüz olsam, məni akademiyadan vaxtında çıxarsalar, yaxşıdır, qoy, dözümlülər yola davam etsin”. Uzun sözün qısası, bəlkə biz çox dedik, amma o az eşitdi və düz etdi: budur, Polis Akademiyasının tələbəsi adını qazanıb! Nihatı, onun kimi düşünən, onun kimi prinsipial olan gənclərimizin hamısını təbrik edirəm! 2 il öncə buna bənzər bir söz-söhbət də bizim evdə yaşanmışdı: ortancıl oğlum, ixtisas seçimində ingilis dilli fakültə seçəndə, “ay oğul, sənə çətin olacaq”-filan deyərəkən, o bizə bircə kəlmə dedi: “İngilisdilli fakultədə oxuyanlar məndən artıqdırmı?”.. - Söhbət bununla da bitdi, daha nə biz bir söz əlavə etdik, nə də o seçimindən əl çəkdi. Şükür, artıq 3-cü kursa keçib, ötən 2 ili də yüksək nəticələrlə oxuyub, ingiliscəsini də, xeyli inkişaf etdirib.

Dediyim odur ki, gənclərimiz prinsipial olunca, sabitqədəm seçim edərkən, onların yanında olmalıyıq, bir dediklərini iki eləməməliyik, əslində. Bizim dövrümüz bizimlə keçir-müdriklər demiş, gənclər öz zəmanələrini necə şəkilləndirmək istəyirlərsə, qoy, elə də olsun! Yollarına işıq!

Bu yazıda polisimizdən yazmaq istəyirəm, bir az. Polisdə problemlər olmayıbmı? - Olub. Yenə problemlər varmı? - Olsun ki var. Gələcəkdə də problemlər ola bilərmi? - İstisna deyil. Toplumumuzun özü kimidir polisimiz də. Elə təsəvvür etsək ki, qalan sahələrdə çatışmazlıqlar ola-ola, yalnız bir sahədə hər şey gül-gülüstana dönsün - bu, sadəlöhvlük olardı. Toplumun problemlərinə kompleks baxış olmalıdır - hamımız tərəfindən. Məsələn, dayımgil yüksək bal yığmış, evin tək oğlu olan, nəcibbədənli Nihatın Polis Akademiyası seçiminə yaşıl işıq yandırmaqla, polisimizin sabahına öz töhfələrini vermiş oldular. Onlar giley-güzar edib, polisdəki hansısa əyər-əskikləri qabarmatqdansa, hansısa polis zabitinin, sıravi polis işçisinin ziyasızlığını, yeni çağırışlara cavab verə bilməməsini dedi-qodu etmədən, öz ciyərparalarını irəli verdi! - Verdi ki, polisimiz Nihat(lar)la bir boy daha intellektuallaşsın, bir oğul qədər daha vətənpərvər olsun; bir gənc boyda daha ədalətli olsun; bir Vətən övladı ilə daha ayıq-sayıq olsun!..

Bax, məncə belə - fərdidən ümumiyə, təkdən cəmə dialektik yanaşması ilə bütün toplumumuzu çiçəkləndirə bilərik. Yalnız bir sahə ilə bağlı deyil, ümumən deyirəm: “Mən yanmasam, sən yanmasan, o yanmasa... Necə çıxar qaranlıqlar aydınlığa?” (Nazim Hikmət)...

Bilirsiz, bizim Nihatın qətiyyətlə Polis Akademiyasını seçməsi, bizdən daha çox maraq dairəsi olan bir gənc olaraq, onun, onun timsalında digər gənclərimizin, asayişin təmin edilməsinə cavabdeh mərkəzi icra hakimiyyəti orqanının rəhbərliyinə, önəmli, həlledici qərarlar verən generalitetə güvənin ifadəsi olaraq qəbul edilə bilər, deyə düşünürəm. Hər hansı bir sahədə daha sağlam ovqat yaranması, o sahədəki əsas orqan sıralarının sözün bütün anlamlarında sağlam gənclərimizlə təmin edilməsi sayəsində irəli gedə bilər, təbii. Bəli, bu yanaşma, yalnız polis üçün deyil, bütün əməli çalışma sahələri, o sahələrin mənsubları üçün də keçərlidir.

Azərbaycan polisi Azərbaycanın bir parçasıdır - yaxşısı ilə, pisi ilə, uğuru ilə, problemi ilə, onun, sənin, mənim... asayişin təmininə verdiyimiz töhfələrlə... Polisin necəliyi, onun işinin çətinliyi hansısa radikal müxalifət funksionerinin, hansısa “ortada yeyib, qıraqda gəzən”in qərəzli rəyi - Azərbaycan polisi haqqında həqiqəti əks etdirməyən, subyektiv mülahizələrə söykənən məlumat və şərhi ilə ölçülmür. Azərbaycan polisi dedikdə mənim gözlərim önündə ilk növbədə, şəhid polislərimiz gəlir! Gözlərim önünə qışın soyuğunda, yayın istisində növbədə olan polisi gəlir! Yanan binanın hələ ram edilməmiş alovları içindən körpə xilas edən, yolda qalmış maşındakı hamilə qadını doğum evinə çatdıran, buzlu yola duz səpən, itmiş əşyaları içindəki qızıla, pula toxunmadan yiyəsini bulub, ona çatdıran polisə Azərbaycan polisi deyirəm mən..!

Unutmamalıyıq:

-Polis öz xidməti borcunu yerinə yetirir, ictimai asayişi, vətəndaşımızın təhlükəsizliyini qoruyur; o, insanların qanunauyğun davranışını təmin etmək üçün mövcuddur;

-Vətəndaşımızın təhlükəsizliyinin qorunması, üzləşdiyi təhlükədən güvənli müdafiəsi polisin çiyinlərində, güclü biləklərində, təhlükələrə sipər sinəsində... onun yuxusuz gözlərindədir;

-Azərbaycan polisi alovlardan keçmiş polisdir; müstəqilliyin ilk illərində, Müdafiə Nazirliyi yeni formalaşanda, respublika sərhədlərinin təhlükəsizliyinə də əsasən onlar cavabdeh idi, terrorçulara, separatçılara, xarici düşmənə ( -ərazi bütövlüyümüzü pozmaq üçün havadarlarının hərbi-siyasi dəstəyi ilə minbir hoqqa çıxaranlara)... polis qarşı dururdu. Digər uyğunprofilli sahə nazirliklərinin də bir sıra hüquq-mühafizə kateqoriyalı funksiyaları (məs. yanğınsöndürmə, mülki müdafiə və s.) zaman-zaman polis orqanlarının üzərinə düşüb. - Daxili İşlər Nazirliyi ənənələri olan qocaman orqandır.

-Polis əməkdaşlarının işi, gərgin əməyi toplum üçündür, xalq üçündür, dövlət üçündür, Vətən üçündür!

- Polisi necə görmək istəyirsənsə, ona məhz o yöndən dəstək ol, ümumi işə töhfə ver - heç olmasa, yazınla, heç olmasa xoşgörünlə, heç olmasa, sağlam düşüncənlə...

P.S. Nihat adının anlamı ilə ilgilənəndə, görürük ki, “təbiət”, “yaradılış” deməkdir; əlbəttə, bizlər toplum, xalq, dövlət olaraq, nəyi necə yaradacağıqsa, necə görəcəyiksə, o orqan, o infrastrktur da, elə olacaq. Dünənimizə ehtiram, bugünümüzə məsuliyyət, sabahımıza salam və eşqlər! Bugün yalnız dünənin sonu deyil, sabahın başlanğıcıdır! Əslində, insan hər gün qurur, hər gün yaradır. İnsanlıqdan nəsibini almayanlarsa, hər gün yıxıb, hər gün talamağı düşünür. Ona görə, qoy, bu yazı da, alqışla bitsin, xeyirə calansın: Xeyirə inam duyğu-düşüncəsi ilə, gələcəyimiz xeyir olsun! Azərbaycan polisinin Şuşada, Xankəndidə asayişi təmin edəcəyi müqəddəs günlər uzaqda deyil inşallah!

Bayrağın uca olsun, varlığım Azərbaycan!

Tarix
2019.08.10 / 18:09
Müəllif
Əkbər Qoşalı
Şərhlər
Digər xəbərlər

İlk rus imperatordan son “prezident”ədək…

Ərdoğandan dərhal sonra Şərifin Bakıya gəlməsi...

Gəncə vurulanda cınqırını çıxarmayanlar…

Rusiyadan idxal edirik: əsas hədəfimiz isə budur

Azərbaycanlını Rusiyada öldürmək olar...

Ağzını söyüşlə açanların yaramazlığı…

Koronovirus önünə nə ilə və necə çıxırıq?

AB-nin Bakı standartı: Əli Kərimli ilə nə danışılıb?

10 maddəlik münasibət

“Relaks” olayı: kim bundan faydalanmağa çalışdı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla