Uilyam Volos şotlandlar üçün
kimdirsə, Babək bizim üçün odur. Volos şotlandların "cəsur
ürəyi"dir, Babək bizim cəsur sərkərdəmizdir.
Müxtəlif dövrlərdə olsa da, onların hər ikisi yadelli
istilaçılara qarşı vuruşub, yoxdan bayraq qaldırıb, onu üsyan və
dövlət bayrağı ediblər.
Hər ikisinin düşməni özlərindən qat-qat güclü ordusu, insan və
maddi resursları olan qüdrətli imperialistlər olub.
Volos da, Babək də uzun illər yadelli qəsbkarlara müqavimət
göstərib, böyük qurbanlar veriblər.
Babək də, Volos da döyüş meydanında həm əsgər kimi şəxsi
şücaətlər göstərib, həm də sərkərdə kimi hərbi uğurlar qazanıb.
Hər iki qəhrəmanın rəhbərlik etdikləri dövlətin və özlərinin
taleyi faciəvi qurtarıb: dövlətləri süqut edib, özləri edam
olunub.
Volos şotlandların qəlbində əbədi yaşayıb və yaşamaqdadır.
Şotland xalqı 700 ildən çoxdur onu unutmur.
Azərbaycan xalqı da 1100 ildir Babəki unutmur, adını yaşadır,
qalasını ziyarət edir.
Onları birləşdirən dəyər istiqlaldır.
Hər iki xalq qəhrəmanının həyatından, mübarizəsindən bəhs edən
film var. Volosun həyatını əks etdirən film ("Cəsur ürək") dünyaca
məşhurdur.
Babəkin həyat və mübarizəsindən bəhs edən film isə dünya
miqyasına çıxmasa da, ölkə ictimaiyyətinə yaxşı tanışdır və ən
maraqlısı odur ki, bu film sovet dövründə, həm də "Cəsur ürək"dən
uzun illər öncə çəkilib.
Volos da, Babək də ölümlərindən əvvəl də, yüzillərlə sonra da
qəsbkar istilaçıların pisləmələrinə məruz qalıblar. Yadellilər
onların hər ikisini düşmən élan ediblər.
Bu məsələdə Volosla bağlı vəziyyət dəyişsə də, Babək hələ də
hədəfdədir.
Çünki şotland xalqı öz dövlətçiliyini qurmasa da, öz
mədəniyyəti, rifahı, nailiyyətləri ilə Volosun arzularını həyata
keçirib, bir sıra müstəqil dövlətlərdən daha üstün mədəni
muxtariyyat əldə edərək, tarixi qəhrəmanın arzularını həyata
keçirib.
Babəkin qorumağa çalışdığı ərazidə isə müstəqil dövlət qurulsa
da, bu dövlətin cəmiyyəti hələ də yadelli qəsbkarların hədəfindədir
və onların mədəniyyətlərinin təsiri altındadır.
Bu baxımdan Volos və Babəkin irsləri öz ölkələrində fərqli
şəkildə sevilir. Volos birmənalı olaraq xalq qəhrəmanıdırsa, Babək
son illərdə yenidən "mübahisəli şəxsiyyət"ə çevrilib və ona
"şəxsiyyət vəsiqəsi" vermək istəməyənlər çoxdur.
İndi baxaq görək Babək, bu xalq üçün nə edib, nə istəyib, nəyə
nail olub?
Adam öz xalqının əsarət altında, yadelli təpiyi altında
yaşamasıyla barışmayıb, ona qarşı çıxıb.
Xatırlayın, Volos üsyan bayrağını nə vaxt və niyə açdı? Hər bir
şotland üçün təhqiramiz hal olan, "arvadının ilk gecəsi"ni yadelli
ağaya güzəştə getmək tələbindən və buna razılaşmadıqdan sonra.
Bundan daha betəri Babəkin dövründə də olub. Ta qədimdən seksual
manyaklıqları dillər əzbəri olan yadellilər hökmran olduqları bütün
coğrafiyada özlərinə hərəmxanalar düzəltməklə məşğul olub,
insanları bütün parametrlər üzrə istismar ediblər və bu, etirazlar,
üsyanlar doğurub.
Məsələ bu qədər bəsit. Bir çoxları başqa cür qələmə verə bilər,
amma heysiyyət, namus, layaqət kimi kateqoriyalara həssas münasibət
min il əvvəl də olub və onlar tapdananda insanlar hər cür addımlar
atıblar.
Babək ərəb istilaçılarına qarşı üsyan bayrağı açaraq bu
coğrafiyada, böyük bir regionda azadlıq adası yaradanda ona hər cür
damğa vurublar: "din düşməni" də deyiblər, "kafir" də
adlandırıblar, düşməni gözdən sala biləcək hər cür iftiralar da
atıblar.
Düşmən düşməni özündən üstün göstərəsi, öyəsi deyildi ki…
"Kütləvi orgiyalar təşkil edirlər, azğın-pozğundurlar" deyəcək,
yazacaqdılar, elə də ediblər. İndiki dövrdə o məxəzlərin,
mənbələrin qara quruşluq dəyəri yoxdur. Çünki onlar o dövrlərin
qara piar kampaniyasının elementləridir.
Əsas məsələ odur ki, Babək yadelli istilaçılara qarşı vuruşub,
onların hökmranlığını qəbul etməyib, suverenlik, müstəqillik
hayında olub.
Məgər istiqlal aşiqlərini söymək olarmı? Bunu yalnız qarşı tərəf
edə bilər.
Bir də sübut etməyə çalışırlar ki, Babək Azərbaycan türkü
olmayıb. Ola bilər. Deyək ki, lap elədir. Amma onun da məsələyə
dəxli yoxdur. Bu adam Bəzz qalasında vuruşub, bu regionun istiqlalı
üçün çarpışıb və hazırda Bəzz qalası Azərbaycanın baş qalası olaraq
ziyarət yeridir.
Musavat.com