Əlbəttə, hər kəsin yazı
yazmaq, fikir bildirmək, özünü ifadə etmək hüququ var və bu
fundamental hüquqdur, məhdudlaşdırıla bilməz.
Son vaxtlar bu hüquqdan yararlanan şəxslərin sayı birə yüz,
hətta birə min artıb.
Əvvəllər yalnız yazıçılar, şairlər, jurnalistlər, eləcə də dövri
mətbuata çıxışı olan ziyalılar yazı yazmaq, fikir bildirmək
imkanına malik idilərsə, İnternet və Feysbuk əsrində nəzəri olaraq
hər kəsin belə bir imkanı var. Bunun adına sosial media
deyilir.
Düzdür, ölkənin yetkin əhalisinin heç də hamısı bu hüquq və
imkandan yararlanmır, ancaq öz fikrini ictimailəşdirmək
istəyənlərin və bunu edənlərin sayı-hesabı yoxdur.
İndi yüz minlərlə insan eyni zamanda yazır – bir neçə cümləlik
statusdan tutmuş ta babat həcmli esseyə qədər. Evdə, küçədə,
şəhərdə, ölkədə, dünyada baş verən hadisələrə dair rəylər,
fikirlər, yazılar sellənib daşır.
Hər kəsin öz çevrəsi var və hər kəs özünə maraqlı görünən, onu
narahat edən şeydən yazır.
Çox yazarın öz sevimli mövzusu var. Biri həmişə "dost"larını
dinə, imana çağırır, o biri cəhalətə, xurafata qarşı yazır. Bir
başqası eyzən qadın hüquqlarının müdafiəsinə dair qeydlər yazır.
Eləsi də var, yazılarında daima qadın düşmənliyi aparır.
Ayrı-ayrı dövlətlərin fanatları öz aralarında "fan-klub"
yaradıblar və həmişə bu mövzuda yazırlar. Onlara görə, Rusiya
həmişə haqlıdır, türkün türkdən başqa dostu yoxdur, İslam
dünyasının incisi İrandır, ABŞ demokratiyanın beşiyidir və sair və
ilaxır. Bəzən valın o biri üzünü çöndərirlər: rusofillər və
iranpərəsətlər üçün bütün bəlaların baiskarı Amerika və Türkiyədir.
O birilər də əksini yazır.
İqtidar komandasının təəssübkeşləri ayrı bir dəstədir, bir
vəzifə olaraq, daima hakim rejimin qərar və addımlarını tərifləyər,
öyərlər. Onlara qarşı olanlar isə daha artıq səylə hakimiyyətin
qərar və addımlarını pisləyər və söyərlər – vətəndaşlıq borcu
sayaraq.
Öz ehtiras və şövqlərini, bəzən isə maniakal mərəzlərini
çəkinmədən yazan, xislətcə kim olduqlarını el-aləmə bildirən
minlərlə şəxs də hazırda sosial şəbəkələrdə "yazarlıq" edirlər.
Partiya təbliğatı aparanlar daha fəaldır. Onlar sosial şəbəkəyə
mitinq meydanı, disput zalı, bəzənsə döyüş plasdarmı kimi
yanaşırlar. Çoxunda belə bir qənaət hasil olub ki, bu şəbəkədə xor
yaratmaqla, böyük, fəal, aqressiv görünməklə önə çıxmaq, hamını
susdurmaq olar.
Yavaş-yavaş "Feysbuk partiyası"na çevrilənlər var, hər işləri
buradadır – mübarizələri, aksiyaları, xeyir-şər ünsiyyətləri və
s.
Öz partiyadaxili problemlərini sosial şəbəkədə ayırd edənlər də
var – bol-bol və acıqlı-acıqlı siyasi şərhlər yazırlar, özlərinin
haqlı olduqlarını isbat etməyə çalışırlar.
Belə bir xaotik, kirli-paslı, çirkli, eybəcər mühitdə adına
"ictimai rəyin formalaşdırılması" deyilən zəhmətli işlə məşğul
olmaq çətindir.
Artıq peşəkar media ictimai rəy formalaşdırmaq imkanından xeyli
dərəcədə məhrumdur. Onun yerinə ictimai rəyi sosial media yaradır.
Onun isə öz prioritetləri və kriteriyaları var.
Bəzən bir və bir neçə şəxsin sözgəlişi dilə gətirdiyi fikrin min
dəfələrlə tirajlanması, zorla gündəmə oturdulması, günlərlə
müzakirə edilməsi məhz bu ortamda baş verir. Halbuki həmin gün
ölkədə müzakirə olunası daha mühüm hadisə baş verib, daha ciddi,
taleyüklü ifadələr işlədilib. Onlar bir kənarda qalır. Həvəskar
yazarlar ordusu özünə yaxın olan, uzun-uzadı lağlağıya qida verən
ifadələri sövq-təbii bir şəkildə seçib önə çıxarır və hamı (ən azı
əksəriyyət) eyni mövzuda yazmağa başlayır. Ucundan tutub ucuzluğa
getmələr... sözü çeynəyə-çeynəyə çürüyünü çıxarmalar... bir məzəli
ifadənin min dəfə təkrarlanması... Sanki hamı mütləq bu mövzuda
yazmaq, başqalarının fikrini təxminən təkrar etmək zorundadır.
Ən pisi odur ki, bütün bu müzakirələrin sonunda guya ictimai rəy
formalaşır, kimsə "xalq düşməni", "pis adam" elan edilir.
Kütləvi söyüşlərə, yamanlamalara məruz qalan insanların özünü
müdafiə etmək imkanları belə yoxdur. Bu işi yenə axırda peşəkar
media görür.
Daha pisi də var: insanlar sosial şəbəkə müzakirəsinin,
hücumlarının qorxusundan düşündüyünü deməkdən çəkinir, səmimi
olmur, susmağa üstünlük verirlər. Sosial şəbəkə kabusa çevrilib
artıq, ictimai senzor rolunu oynayır. Söz deməli olan adamlar
kütləvi qınanmadan qorxur və susurlar.