Bu ölkədə səhiyyə sisteminin
necə bərbad olduğu haqqında heç nə yazılmasa da, deyilməsə də,
danışılmasa da, ölkənin xaricə çıxış məntəqələrində durub müşahidə
aparmaq yetər: hər gün yüzlərlə, bəlkə də minlərlə insan canındakı
"pünhan mərəz"i də götürüb yurd dışına çıxır.
Bu İran, bu Türkiyə, bu Rusiya, bu İsrail, bu Gürcüstan, bu
Almaniya, bu Ukrayna, bu Belorusiya... Azərbaycanlılar öz sağlıq
problemləri ilə bu ölkələrin şəfa ocaqlarına axışırlar. Hətta
Qazaxıstana gedənlər də var. Kimin bir az artıq maddi imkanı və
qıraqda dostu-tanışı var, ora gedir. Təki öz həkimlərimizin əlinə
düşməsin.
Əslində, yerli həkimlərin ümidinə qalanların xərci-xəsarəti də
az çıxmır, hətta daha çox çıxır. Sadəcə, bir çox insanlar
nabələdlikdən xaricdə müalicəyə getmirlər. Gediş-gəliş, yer tapıb
yerləşmək asan olsa, uzun yol gözə durmasa, burda qalan olmaz.
Bunun başlıca səbəbi odur ki, bizim ölkəmizdə tibb işçilərinin
böyük əksəriyyətinin əsas məqsədi insanlara şəfa vermək deyil, pul
qazanmaqdır. Tibb ocaqları əslində biznes obyektləridir. Sadəcə,
adam qəssab olacaqmış, həkim olub, əlində dönər bıçağı
işlədəcəkmiş, skalpel işlədir, təkərə hava vuran vulkanizator
olacaqmış, gəlib anestezioloq olub və sair və ilaxır.
Yaxşı həkimlərimizin haqqını yeməyək. Elələri də var. Amma çox
azdırlar. O qədər azdırlar ki, hamımıza rast gəlmirlər. Yaxşı
həkimin adama rast gəlməsi bəxt işidir, tanış-biliş, düzgün tövsiyə
işidir. Durduq yerdə, təsadüfən, tanımaza-bilməzə qapısını açıb
içəri girərək, yaxşı, vicdanlı həkimə rast gələ bilməzsən.
Dünyanın ən etinasız həkimləri bizdədir. Doğrudur, həkim
soyuqqanlı olar, emosiyalarını cilovlamağı bacarar, amma bizim
həkimlər o mənada soyuqqanlı deyil, bunların soyuqqanlılığı
gönüqalınlıqdandır. Xəstə yiyəsinin pulu var, yoxdur, onlara dəxli
yoxdur. Neştər əllərində hazır dayanıblar, xəstə yiyələri deyilən
məbləği tapıb düzəldib verməsələr, xəstə ölümə məhkumdur.
Son illər bu ölkədə elə klinikalar, tibb mərkəzləri açıblar ki,
İsrail və Almaniya həkimləri belə gəlib onların içindəki
avadanlıqlara, səliqə-sahmana, təmizliyə həsəd apararlar. Amma bu
tibb marketlərində qəssab, möhtəkir təfəkkürlü personallar oturub.
Onları bu cür olmağa "şəfa ocaqları"nın sahibləri vadar edirlər.
Beş-in nəfər vicdanlı həkim də o cür "tibb maqnatları"nın muzdlu
fəhləsi olaraq vicdan əzabı çəkməkdə, simaları itirmələri üzündən
mənəvi iztirab yaşamaqdadırlar.
Bəli, bu ölkədə xəstələnməmək mümkün deyil - qidalanma, hava,
su, təbii şərait imkan vermir. Bura Lozanna, Cenevrə, Sürix,
Kalqari, Ottava, Stokholm, Karlovı Varı, Lerik deyil ki, havası,
suyu sağlıqlı yaşamağa imkan versin. Burada müxtəlif xəstəliklərə
tutulmaq, yoluxmaq qaçılmazdır. Ancaq daha pisi odur ki, burada
xəstəliklərdən yaxa qurtarmaq çox bahalı layihədir, həm də çox
bahalı.
Bildiyiniz kimi, köşə yazarımız Mahal İsmayıloğlu neçə vaxtdır
sağlıq problemləri ilə üzləşib. Necə deyərlər, dərmanlarla yaşayır.
Dünən zəng eləmişdi, bir az söhbətləşdik. Elə səhiyyə mövzusunda
yazmağı onunla söhbətdən sonra qərara aldım.
Mahal bəy qəbul etdiyi dərmanların bahalığından narazılıq etdi.
Heç demə, həkimlərin ona təyin etdiyi mirsera adlı dərman Bakı
şəhərində 125-138 manata tapılır - yəni ən ucuz aptek dərmanı 125
manata, bahacıllar isə 138 manata təklif edir. Qırxdır, bir əskik
deyil, alırsan, al, at, sağal, almırsan, özün bilərsən.
Jurnalist həmin dərmanı tapmağı Türkiyədəki dostlarından xahiş
edib. Məlum olub ki, bu dərmanın qiyməti Türkiyədə vur-tut, 27
dollardır - bizim pulla 21 manat 50 qəpiyə. İndi siz qiymətlər
arasındakı fərqə baxın.
Bir həmin dərman olsaydı, nə vardı ki. Mahal İsmayıloğluna
yazılmış reseptdəki dərmanların qiymətinin ümumi məbləği 538 manat
edirmiş. Eyni dərmanları ona Türkiyədən alıb göndəriblər - 174
dollara, bizim pulla - 135 manata. Yəni yeddi cür dərman-dava təkcə
mirseranın qiymətinə.
Belə səhiyyə, belə əczaçılıq xidməti hansı ölkədə var? Belə də
soyğunçuluq olarmı? Bunun adı qarət, oğurluq deyil. O ifadələr
yüngül qalır. Bu, gecənin qaranlığında bıçağı boğaza dirəyib
"cibindəkiləri ver" deyən quldur hərəkəti ilə eyni şeydir, hətta
daha da pisdir. Quldur ən azı "bilmirəm, get qohum-əqrəbandan
topla, kredit götür, gətir mənim pulumu ver" demir.
Bu ölkədə həkimin skalpeli quldurun bıçağından daha pisdir.
Musavat.com