Yuxarı

Müstəqillik tariximizdə bir ilk yaşandı

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğalçı Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü – dövlət sərhədinin Tovuz istiqamətindəki təxribatları və hərbi müdaxilə cəhdi gündəmin əsas mövzusu olaraq qalmaqdadır və bu çox təbiidir. Tovuz olaylarından, ordumuzun düşmənə layiqli cavabından sonra Azərbaycanda əsl Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyinin olduğu bir daha öz təsdiqini tapdı.

Bu birlik yeni güc, qüvvət qazandı. Siyasi baxışından, yaşından, təhsilindən, statusundan, sosial-mədəni durumundan, məşğuliyyət növündən, cinsindən, harada doğulmasından və s. asılı olmayaraq, bir nəfər kimi hamı Ali Baş Komandana, Silahlı Qüvvələrimizə səmimi dəstək ifadə etdi. Özəlliklə, vətəndaşlarımızın qlobal pandemiyanın törətdiyi çətinlikləri, məhrumiyyətləri unudaraq, səfərbərlik ruhunda toparlanması çox qürurvericidir. Bu toparlanmanın məhz düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi vaxtda üzə çıxması o qürurun dərəcəsini, əyaranı daha da yüksəldir.

Respublika ərazisində fəaliyyət göstərən siyasi partiyaların da bu prosesdən kənarda qalmaması, praktiki olaraq, məsələlərə müxtəlif yanaşma tərzini bir qırağa qoyaraq, eyni Bəyanata imza atması müsbət bir hadisədir. Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq, müxtəlif proqramı, fərqli məram-məqsədi olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını bir kənara qoyaraq, həmrəylik nümayiş etdirdi, Ali Baş Komandanın yanında olduqlarını aydın şəkildə bildirdilər.

Etiraf edək ki, çoxdan arzuladığımız, bir çox ölkənin siyasi mədəniyyət gündəmində (və tarixində) qibtə ilə izlədiyimiz an nəhayət, bizim siyasi mühitdə də özünü göstərməkdədir. Artıq bizdə də dünənin siyasi rəqibləri Vətən təhlükədə olduğu anda rəqabəti unudub, eyni səngərin əsgərləri kimi davranmaqdadır. Bu, gerçək təhlükəni dəf etmək imkanının, bir yumruq kimi birləşmək şansının ifadəsidir. Digər tərəfdən, bu hadisə, cəmiyyətimiz üçün sosial-psixoloji baxımdan müsbət ismarışların verilməsi deməkdir və siyasi istiqrara rəng qatmaqdır. Özəlliklə dəliqanlı gənclərimiz üçün siyasi ayrılıqdan daha üstün milli keyfiyyətin, yaxud xəlqi ehtiyacın mövcudluğunun parlaq göstəricisidir. Siyasi partiyaların mövcud durumu düzgün dəyərləndirməsi, sərhəddəki son hücumların təsadüf olmadığını – Ermənistanın (və onun havadarlarının) təcavüzkarlıq planlarının yalnız Dağlıq Qarabağla məhdudlaşmadığını bildirməsi tarix baxımından, bugünün düzgün analizi baxımından və gələcəyə baxışımızın aydınlaşması baxımından önəmlidir.

“Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik”.

Bu, 43 siyasi partiya sədrinin qoşulduğu Bəyanatda əksini tapıb. Üstəlik, bu Bəyanatdan sonra Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov da ayrıca açıqlamalarla Vətənin düşmən təcavüzünə məruz qaldığı günlərdə Ali Baş Komandana və Ordumuza dəstək olduqlarını bildirdi. Ordumuzun Tovuz istiqamətində düşmən hücumunun qarşısını qətiyyətlə alması, düşmənə canlı qüvvə və texnika itkisi baxımından ağır zərbələr vurması, işğalçının hərbi obyektlərini dağıtması qədirbilən xalqımız tərəfindən coşğunluqla qarşılandı.

Xalq-ordu həmrəyliyi çərçivəsində döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər Xiyabanına gəldi. Bu yüksək qiymətə layiqdir. Dünya gördü ki, Azərbaycan xalqı öz ordusu ilə bir ürək, bir candır; dünya gördü ki, Azərbaycan xalqını yalnız ədalətli sülh qane edə bilər. O tarixi gecəni bugünümzə, tariximizə qazandıranlar və eyni güclə gələcəyimizə yazanlar çox sağ olsun!

Ancaq əfsus ki, onların arasına cəmiyyətin tör-töküntüləri də girərək, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdı. Buna baxmayaraq, heç bir daxili və xarici siyasi güc dövlətimizi, xalq-dövlət birliyini, Ali Baş Komandan-xalq həmrəyliyini sarsıda, şübhəyə sala bilməzdi. Xalqımız hər şeyi görür, düzgün qiymət verir. Əlbəttə, dövlətimiz də xalqımızla birlikdədir, hər bir addımını onunla məsləhətləşir, gələcəyini onunla birlikdə planlaşdırır və həyata keçirir. Gərək, siyasi həyatımızın bütün iştirakçıları da bu planlamada özünəxas töhfələrlə görünsün. Siyasi partiyalar milli həmrəylik nümayiş etdirərək Azərbaycan dövlətinin və Ali Baş Komandanın yanında olduğunu birmənalı şəkildə ifadə etsə də, bəzi siyasi çevrələr bu təlatümlü günlərdə belə olaylara ya münasibət bildirmir, ya da yanlış münasibət bildirir. Bu, özünü ölkə taleyindən, birlikdən qıraqda qoymaq, kənar müşahidəçi statusuna üstünlük verməkdir və qəbul ediləsi hal deyil. Onlar sabah-birisigün yenə adətkar şəkildə hansısa neqativ məqamlar axtarmağa, özlərini fərqli göstərmək üçün tənqid etməyə, mənasız xırdalıqları qabartmağa üstünlük verərsə, buna heç təəccüblənmərik.

Tənqid etmək bu dünyanın ən sadə, ən bəsit işidir, ancaq məsuliyyət daşımaq, məsuliyyət bölüşmək hər adamın işi deyil, hər qurum-quruluş məsuliyyət daşıya bilməz. Necə deyərlər, hər kəs özünə yaraşanı edir; siyasi hikkəsini yenmək hər adama nəsib olmur...

Əlbəttə, xalqımız bu çətin günlərdə kimin kim olduğunu görür, hansı siyasi çevrələrin, marginal qrupların, radikallaşmışların siyasi ambisiyalarını Vətən və dövlətçilikdən üstün tutduğunu görür. Belələrinə ən layiqli cavabın isə növbəti seçkilərdə bir daha veriləcəyinə şübhə yoxdur.

Hər kəs haqq etdiyi müamiləni görməlidir...

Bayrağımız uca, istiqrarımız, həmrəyliyimiz möhkəm olsun!

Salam-sayğılarla, Qənirə Paşayeva

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri

Tarix
2020.07.20 / 12:36
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Güneydə əfsanəyə çevrilən ad

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla