Yuxarı

Tovuz təxribatı və Bakının diplomatik zərbələri...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 12 iyulunda işğalçı Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində hücum cəhdi və növbəti günlərdə davam edən hərbi təxribatı, bölgədə gərginliyin alovlanması, bunun nəticəsində hər iki tərəfdən itkilərin olması yerli ictimaiyyət kimi, beynəlxalq ictimaiyyətin də haqlı narahatlığına səbəb olub. Məhz Ermənistanın Azərbaycan-Ermənistan arasındakı beynəlxalq səviyyədə tanınmış dövlət sərhədi boyunca baş vermiş yeni təcavüz aktı ilə bağlı müxtəlif dövlətlər tərəfindən (ayrılıqda), eləcə də beynəlxalq təşkilatlar tərəfindən (birgə) bəyanatlar verilib, münasibət bildirilib.

Azərbaycanın qurucu üzvü olduğu Türk Şurası, TÜRK PA, GUAM və fəal üzvü olduğumuz İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar tərəfindən Ermənistan hərbi təxribatını, növbəti hücum və işğal cəhdini qətiyyətlə qınayan bəyanatlar verilib, “Kommünike” qəbul edilib.

14 iyul 2020-ci il tarixli açıqlamasında Türk Şurasının Baş katibi, Fövqəladə və səlahiyyətli səfir Bağdat Amreyev Ermənistanın artilleriya qurğularından istifadə etməklə Azərbaycanın mülki əhalisinin sıx yaşadığı ərazilərini atəşə tutmasını qətiyyətlə pislədi və Ermənistanın bu təxribatı nəticəsində dünyasını dəyişən şəhidlərin ailələrinə başsağlığı verdi. Baş katib Türk Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və (beynəlxalq səviyyədə tanınmış) sərhədlərin toxunulmazlığı əsasında həlli ilə bağlı mövqeyini bir daha təsdiq edib.

Yenə 14 iyulda İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi Bəyanatla çıxış edərək Ermənistanın Azərbaycan Respublikasının Tovuz rayonunda hücum cəhdini qətiyyətlə pisləyib. İƏT Baş katibi cənab Yusif bin Əhməd əl-Osaymin şəhid olan Azərbaycan hərbi qulluqçularının ailələrinə başsağlığı verib. Bəyanatda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində tam və qeyd-şərtsiz çıxmasını tələb edən İƏT-in məlum qərar və qətnamələrinə, eləcə də, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edilərək, münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsa-sında həllinin dəstəkləndiyi vurğulanıb.

Qoşulmama Hərəkatının 18 iyul 2020-ci il tarixli “Kommünike”si isə Ermənistanın iki dövlətin beynəlxalq sərhədində son hərbi təxribatı, yeni işğal cəhdi ilə bağlı 120 üzv dövlətin mövqeyini ifadə edib. Ermənistan silahlı qüvvələrinin Azərbaycan silahlı qüvvələrinin mövqelərinə qarşı artilleriya qurğularından istifadə etməklə iki dövlətin beynəlxalq sərhədi boyunca hücumu qətiyyətlə pislənib. Hərəkatın Ermənistan və Azərbaycan arasındakı münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini dəstəklədiyi bir daha təsdiq edilib. Hərəkat üzvləri Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstəyini bildirərək, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə göstərdiyi səylərlə həmrəy olduğunu ifadə edib.

TÜRK PA Baş katibi cənab Altınbek Mamayusupov Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhəd yaşayış mənətəqələrini atəşə tutmasını – mülki əhalinin ölümü ilə nəticələnən hücum cəhdini şiddətlə qınayıb. TÜRK PA-nın Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini dəstəklədiyini bir daha bəyan edib.

GUAM təşkilatı isə sosial şəbəkə hesablarından etdiyi paylaşımlarda Ermənistan silahlı qüvvələrinin Azərbaycan və Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində hücumunu pisləyib və Azərbaycan Xarici İşlər Nazirliyinin Bəyanatını paylaşıb.

Göründüyü kimi, işğalçı, təcavüzkar Ermənistanın son hərbi təxribatı, gücdən istifadə etməklə yeni mövqelər ələ keçirmək və yeni təcavüz törətmək cəhdi beynəlxalq təşkilatların diqqət mərkəzində saxlanılıb. Baş vermiş təxribatla bağlı BMT, Aİ, ATƏT-in fəaliyyətdə olan sədri, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin verdiyi neytral və ümumi sakitləşməyə çağıran açıqlamalarla yanaşı, dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərakatı, eləcə də, İƏT və Türk Şurası kimi beynəlxalq təşkilatlar tərəfindən işğalçı ölkəyə münasibətdə birmənalı və qətiyyətli ismarışlar ünvanlanıb.

Bunlar öz yerində. Bəs düşmən ölkənin beynəlxalq səviyyədə çağırışları, səsləniş və sərzənişləri nəyi ifadə edir? Ermənistan daha çox güvəndiyi KTMT-dən arzuladığı dəstəyi, müsbət cavabı ala bilmədi və əksinə, öz daxili böhranına daha bir “çalar qazandırmış oldu”…

Ermənistanın başqa bir avantürası isə ABŞ Konqresində iflas etdi. Artıq bilindiyi kimi, Azərbaycan əleyhinə düzəliş keçmədi, əvəzində ilk dəfə Ermənistan əleyhinə düzəlişlər qəbul edildi. ABŞ-ın erməni qrupları, ötən il olduğu kimi, bu il də Konqresin bəzi ermənipərəst üzvlərinin dəstəyi ilə gələn il (2021-ci maliyyə ili) üzrə “Milli Müdafiə Maliyyələşmə Qanunu” layihəsinə Azərbaycanın mənafeyi əleyhinə düzəlişlər daxil edilməsinə səy göstərirdi. Bu proses çərçivəsində Azərbaycana dəstək verən bir sıra Konqres üzvləri isə Ermənistanın əleyhinə iki düzəliş irəli sürmüşdü. Amma erməni lobbisinin səylərinə baxmayaraq, Kaliforniya ştatını təmsil edən, qatı ermənipərəstliyi ilə tanınan Konqres üzvü Bred Şerman tərəfindən Azərbaycan əleyhinə irəli sürülən “Mülki aviasiyaya təhdid olmadığı barədə Prezident tərəfindən Konqresə təminat verilənə qədər ABŞ tərəfindən Azərbaycana müdafiə məhsulları və xidmətlərinin qadağan olunması”na dair 66 saylı düzəliş, habelə Kaliforniyanı təmsil edən erməni əsilli Cəki Spiir tərəfindən “333-cü bölmə çərçivəsində xarici təhlükəsizlik qüvvələrinin imkanlarının artırılması proqramı üzrə Azərbaycan və Ermənistan arasında yardımlar üzrə paritet tətbiq edilməsi” barədə 330 saylı düzəlişi qəbul edilməyib. Təbii ki, bu uğursuzluqlar erməni lobbisinin, xüsusilə də “Daşnak” partiyasını təmsil edən ANCA-nı (“Amerika Erməni Milli Komitəsi”) çaşqınlıq və məyusluğa düçar edib.

Digər tərəfdən, Konqres üzvü Stiv Kohen tərəfindən “Rusiyanın hərbi qüvvələrinin yerləşdiyi ölkələrdə sözügedən qüvvələr barədə geniş bilginin ehtiva olunduğu hesabatın Konqresə təqdim olunması” barədə 99 saylı düzəliş, habelə Konqres üzvləri Stiv Şabot və Stiv Kohen tərəfindən “Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması” barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub.

Göründüyü kimi, 99 saylı düzəlişdə məqsəd Ermənistana Konqresdə əlavə təzyiqlərin yaradılmasıdır. 296 saylı düzəlişə gəldikdə isə Konqresin Nümayəndələr Palatası Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna ərazilərinin işğal faktını vurğulamaqla yanaşı, işğal olunmuş ərazilərdən köçkün düşmüş və həlak olmuş əhali barədə məlumatların ABŞ Dövlət və Müdafiə Departamentlərinin birgə hesabatı şəklində Konqresə təqdim olunmasını nəzərdə tutur.

Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Prezidentinin uğurlu xarici siyasət kursu, haqlı mövqeyimiz, uzun illər ərzində qazandığımız etimad artıq öz bəhrələrini geniş surətdə verməkdədir.

Fürsətdən istifadə edib, dünyanın dörd yanında öz haqq səsini ucaladan, müxtəlif aksiyalar təşkil edən soydaşlarımıza, onlara dəstək verən türk diaspora təmsilçilərinə, haqq-ədalətin təntənəsinə çalışan bütün tərəqqipərvər insanlara könül dolusu minnətdarlığımı yetirirəm!

Tarix
2020.07.22 / 16:20
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Güneydə əfsanəyə çevrilən ad

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla