Yuxarı

Geniş islahatlar başlayır

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmiz qlobal pandemiya ilə bağlı yeni dönəmə daxil olmaqdadır. Bu sətirlər yazıldığı saatlarda Azərbaycanda koronavirus (COVID-19) statistikası bu şəkildəydi:

- İnfeksiyaya 129 yeni yoluxma faktı qeydə alınıb;

- 421 nəfər müalicə olunaraq sağalıb, evə buraxılıb;

- COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib;

- İndiyədək ölkədə (ümumilikdə) 33.376 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29.696 nəfər müalicə olunaraq sağalıb, 483 nəfər vəfat edib, 3.197 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir;

- Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə bağlı 6.872, ötən müddət ərzində isə (ümumilikdə) 77.3051 test aparılıb.

Əlbəttə, könül istərdi, itkilər daha az olaydı – heç olmayaydı; ancaq dünya üzrə göstəricilərə baxdıqda, ölkəmizdəki önləyici tədbirlərin nə qədər təsirli olduğunu açıq-aydın görə bilərik. Bu, nəyin ifadəsidir?

İlk növbədə, düşünülmüş dövlət siyasətinin, hadisələrin şəxsən ali dövlət rəhbərliyinin diqqətində olması, operativ qərarların qəbulu, müsbət təcrübələrin öyrənilməsi, tətbiqi və ən əsası, belə təcrübələrin özünün yaradılması yolu ilə gərginliyin qarşısı önəmli ölçüdə alınmış, mümkün miqdar sabitlik əldə edilmişdir.

Azərbaycan Prezident cənab İlham Əliyevin koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı 2020-ci il 6 avqustunda videoformatda keçirdiyi müşavirədə görülmüş, görülən və görüləcək işlər ətraflı şəkildə müzakirə edildi; dövlət başçısı həm hesabatları dinlədi, həm də yeni tapşırıqlar, tövsiyələr verdi. Dövlət başçısının verdiyi tapşırıq və tövsiyələr – hamısı bir yerdə küll halında mövcud durum, keçilmiş yol, qarşıdakı ilkin və uzaqmənzilli vəzifələrin də dolğun portretini yaratmış oldu.

Tezislər şəklində, yaxud ardıcıl sıralanma ilə nələri fərqləndirmək, nələrə vurğu etmək olar?

Birincisi, cənab Prezidentin də dediyi kimi, koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur – bu, özlüyündə ən mühüm tutalğac, bugünədək əldə edilmiş önəmli istinadgahdır. İyulun 16-dan bu günədək müşahidə edilən müsbət dinamika nəyə əsas verir? Əsas verir deyək ki, görülmüş tədbirlər bütövlükdə müsbət nəticə verməkdədir. Bu tədbirlər nəticəsində durum nəzarət altında tutula bilib.

“Koronavirus xəstəliyi bundan sonra da nəzarət altında saxlanılacaq. Artıq üç həftədir ki, bu müsbət dinamika müşahidə edilir. İlk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq.

…Həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub”.

Bu qiymətəndirmə cənab Prezidentə aiddir.

Bu məqamda demək istərdim ki, sitat gətirdiyimiz fikirlərin məhz dövlət başçısına aid olması, məhz dövlət başçısının bu fikirləri ifadə etməsi ilə xüsusi dəyərə malikdir. Demək, hadisələr günbəgün cənab Prezidentə məruzə edilir; demək, uyğunprofilli qurum-quruluşlar məhz Prezident qarşısında hesabatlı olduqlarını bilir. Doğrusu, mən əldə olunan müsbət dinamikada bu amilin dəyərini həlledici sayıram. Qlobal pandemiya dövründə davranış qaydaları təcrübəsiz bir sahədir, desək yanlış olmaz; əslində, hansısa məmuru, cavabdeh şəxsi də çox qınamaq fikrindən uzağam; bununla belə dövlət başçısının şəxsi nəzarəti müsbət dinamikanı təmin edir.

Nəzərə alaq ki, infeksiya gözümüzün qabağında – tanıdıqlarımızı, bildiklərimizi ağuşuna alaraq çevrəsini sürətlə böyütməkdə idi – yoluxmuş xəstələrin sayını ifadə edən statistika 600 civarındaydı!

Artıq dövlətin düşünülmüş siyasəti ilə xəstə qəbulu imkanları, istər bununçün maddi-texniki təminat, istərsə peşəkar həkim təminatı sahəsində çox ciddi irəliləyişlərimiz var. Hər birinin açılışı şəxsən dövlət başçısı tərəfindən gerçəkləşən modul tipli yeni xəstəxanaların sayı, tikilmə tezliyi, qəbuletmə imkanı və yerləşmə coğrafiyası çox şeyi ifadə etməkdədir. Artıq 9 modul tipli xəstəxana istismardadır. Üstəlik, iki Olimpiya İdman Kompleksi də xəstəxanaya çevrilməkdədir və qısa müddət ərzində yeni təyinat üzrə fəaliyyətə hazır olacaq.

Əlbəttə, iş yalnız xəstəxana təmir etmək, modul tipli yeni xəstəxanalar tikməklə yekunlaşmır, dövlət kompleks tədbirlər görür – anadolulu qardaşlarımız demiş, “A”dan “Z”-yə hər addım ölçülür-biçilir, ən uyğun addımlar atılır, ən əlverişli variantlar üzərində dayanılır. Dövlətin bütün həyati vacib işləri ilə yanaşı (yaxud o işlərlə iç-içə), koronavirusla bağlı məsələləri şəxsi nəzarətində saxlayan cənab Prezidentin bu mövzu ilə bağlı keçirdiyi videomüşavirələr, etdiyi çxışlar, imzaladığı sənədlər, açılışını etdiyi müəssiələr… – hamısı ilə bağlı materiallar toplansa, bir çox ölkənin 2-3 illik gündəliyini təşkil edəcək qədər həcm alınardı.

“Ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Bu il rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcəkdir. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq;

…Müsbət dinamika karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir”.

Cənab Prezidentin sözləridir. Böyük bir ictimai-siyasi, sosial-iqtisadi tablonu bütün incəlikləri ilə canlandıra bilən sözlər.

Əlbəttə, COVİD-19 hələ yoxa çıxmayıb; infeksiyaya qarşı mübarizə tam gücü ilə aparılır. Ən müxtəlif səviyyələrdə tez-tez işlədilən “ikinci dalğa”ya gəldikdə isə, ümumiləşmiş fikir bundan ibarətdir ki, o, COVİD-19 infeksiyası yoxa çıxdıqdan sonra hansısa yeni bir yoluxma qaynağı ilə təzahür edə bilər. Deməli, arxayınlaşmaq üçün hələ tezdir, məsələ öz ciddiyyətini saxlamaqdadır. Bütün bu məhdudiyyətlər, dövlətin öz üzərinə əlavə sosial-iqtisadi və s. yük götürməsi bir məqsədə xidmət edir: vətəndaşın sağlamlığı!

Bütün digər amillər bundan sonra gəlir, o cümlədən iqtisadi inkişaf, iqtisadiyyatın dayanıqlılığı, biznes dairələrinə göstərilən dövlət dəstəyi, postpandemiya dövrünə hazırlıq və s.

Heç şübhəsiz, ölkənin iqtisadi blokuna məsul dövlət qurumları durum dəyərləndirmələri aparır, dövlət başçısına məruzə edir və alternativlərin ən yaxşısının seçilməsi ilə bağlı addımlar atır, planlar qurur. Məsələn, bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlı planların olduğu artıq sirr deyil; son vaxtlar bu planda aparılan müzakirələr deməyə əsas verir ki, artıq ciddi addımların atılması qaçılmaz xarakterdədir; özəlləşdirmə sahəsində də daha geniş islahatlar aparılması gözləniləndir. Təsəvvür edin: paytaxt Bakıda sovetlərdən qalan, böyük ərazilərə malik xeyli dağılmış müəssisə var; həmin o yararsız haldakı ərazilərdə həm yeni sənaye müəssisələri yaradıla bilər, həm də ekoloji standartlar zəminində şəhərsalma imkanları müzakirə edilə bilər. Cənab Prezident də bu mövzuya xüsusi vurğu etdi; bununçün yatırımçıların cəlb edilməsini məsləhət gördü və heç təsadüfi deyil ki artıq “Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında” Prezident Fərmanı elan olunub. Gözlənilən odur ki yatırımçılar öz puluna (sözügedən) ərazləri abadlaşdıracaq, ictimai zonalar yaradılacaq və yeni binalar tikiləcək. Buna ehtiyac hiss olunduğu öz yerində, bir də işin içində biznesin canlandırılması var – bu canlandırmanın isə sıradan hadisə olmayacağı bəri başdan aydındır.

Yenidən sırf koronavirus mövzusuna qayıtsaq, deməlyik ki, infeksiya ilə mübarizədə dövlətin atacağı addımlar duruma uyğun şəkildə olacaq; heç kəs üçün sirr deyil ki, cəmiyyət fiziki və psixoloji yorğunluq içindədir; əlaqədar qurum-quruluş məsulları, sahə məmurları da 24/7 rejimində çalışır. Bəs nə etməli?

Bilməliyik ki, mümkün olan yumşaldılmalar ediləcək – bu bir; ikincisi, gərək, vətəndaşlar da sadə tələblərə - məsafə, maska, mədəni gigiyena – bunlara əməl edə ki, yoluxma yenidən kəskin artış göstərməsin.

Ümidvaram, dövlət-xalq birliyi ilə daha ciddi nəticələri əldə edə biləcək, ölkəmizin koronavirusla mübarizədə nümunəvi ölkə olması üçün əlimizdən gələni əsirgəməyəcəyik!

Qənirə Paşayeva

MM-in Mədəniyyət Komitəsinin sədri

Tarix
2020.08.07 / 22:53
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Güneydə əfsanəyə çevrilən ad

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla