Yuxarı

Onlara “Qəhrəman şəhər” statusu verilsin...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli işğaldan azad edilir, Gəncəyə növbəti dəfə ballistik raket atılır...

Bir tərəfdə Ordumuzun rəşadəti, Qələbə xəbəri, o biri tərəfdə düşmənin xain təxribatı, amansız qətliam...

Mülki insanlarımız, qadınlar, körpələr həlak olur. Baxmayaraq ki, Gəncə döyüşlər gedən bölgələrdən xeyli uzaqdadır. Amma barbar Ermənistan öz faşist xisləti ilə, şizofrenik hiddətlə günahsız körpələrimizi hədəfə alıb.

Hər şeyi bağışlamaq olar, əlbəttə, müharibədə ölüm də, itkilər də, dağıntılar da labüddür. Amma... O körpələrin al-qan içindəki üzlərini, bədənlərini, cansız bədənlərini yəqin ki, heç vaxt unutmayacağıq və bağışlamayacağıq.

Necə ki, Xocalını nə unuda bilirik, nə bağışlaya. Xocalını heç bir yana qoya bilmirik. Od-alovdur Xocalı, əlində tutursan əlini yandırır, bağrına basırsan ürəyini...

Gəncə də bu gün həmin oddur, alovdur. Evində-yuvasında, isti yatağında bütün vəhşiliklərdən, dünyanın bütün pisliklərindən xəbərsiz uyuyan körpələrimizin qəfil partlayışdan yanan ürəyidir Gəncə.

Və Qəhrəmandır. Qəhrəman şəhərdir!

Baxın, 21 günlük müharibə ərzində Gəncə camaatının başına sözün əsl mənasında od ələnir, ballistik raketlər uçuşur, evlər dağılır, insanlar doğmalarını, əzizlərini itirir, ancaq heç kəs tərk etmir şəhəri. Hətta bu fikri yaxına belə buraxmırlar. Hamını yalnız və yalnız müzəffər Ordumuzun azad etdiyi torpaqlar düşündürür. Ruh düşkünlüyü, qorxu, təşviş, narahatlıq yoxdur heç kəsdə.

Bu, həm də fədakarlıqdır, misilsiz, miqyassız fədakarlıq!!!

Məncə, bu qəhrəmanlığın, cəsarətin və fədakarlığın qiyməti verilməlidir. Savaş bitdikdən dərhal sonra, Qarabağımız azad olunandan sonra Gəncəyə “Qəhrəman Şəhər” statusu verilməlidir. Çünki Gəncə və gəncəlilər bu adı, bu fəxarəti haqq edir.

Eynilə Tərtər də Qəhrəman Şəhərdir. Düz 30 ildir ki, düşmənin qabağında rəşadətlə dayanır Tərtər və tərtərlilər. Elə kəndlər var ki, məsələn, Qapanlı kimi, düşmən gülləsi nəfəs qədər yaxınlıqdadır. Qəlblərinə tuşlanmış silahın lüləsini də görürlər.

Amma o sakinlər o kəndləri nəinki tərk ediblər, əksinə, cəngavər kimi dayanıblar düşmənin qabağında.

Birinci Qarabağ savaşında Tərtər uğrunda uzun müddət ağır döyüşlər getdi. Amma Tərtər dözdü, müdafiə olundu, dayandı. Ermənilər işğal edə bilmədi Tərtəri...

Atəşkəs dövründə çox əziyyətləri, məşəqqətləri oldu bu camaatın. Canına, malına susadı xain düşmən. Amma Tərtər çəpər kimi, divar kimi, səngər kimi sipər oldu erməni silahlı birləşmələrinin qarşısında. Burda döyüş xəttini yarmaq, bir addım irəliləmək müyəssər olmadı qarşı tərəfə.

Sentyabrın 27-dən bu yana tərtərlilər yenə cəsurca, mərdi-mərdanə dayanıblar düşmənin qarşısında. Burada da hədəfdə mülki insanlardır, qadınlar, uşaqlardır, mülki infrastrukturdur. Hər gün başlarına mərmi yağır. Ölüsünü belə arın-arxayın dəfn edə bilmir əhali. Ötən gün qəbiristanlığa atılan raket 3 can aldı, 3 nəfər ağır yaralıdır.

Amma heç kəs yerindən tərpənmir, evini tərk etmir. Bu möcüzəvi, mistik bir İnamdır. İnsanlar öz dövlətinə, Ordusuna, Ali Baş Komandanına və Qələbəyə inanır.

Və ən başlıcası, heç kəs ölümdən qorxmur. Ölüm bu torpaqlarda adiləşib. Hədsiz adiləşib. Qarabağın Azadlığı hər kəsə canından, sağlamlığından daha qiymətli, daha dəyərlidir...

Məncə, tərtərlilərin də 30 illik dirənişi və ləyaqətlə, mətanətlə öz torpaqlarının, yüvalarının keşiyini çəkməsi qiymətləndirilməli, gözəl Tərtərə “Qəhrəman Tərtər” statusu verilməlidir.

Mən bu şəhərlərimizi öymürəm, adlı-adsız Gəncə də, Tərtər də ruhumuzun bir parçasıdır. Qəhrəmanlıq burada həyat tərzidir, dözüm – məişətin, gündəlik yaşamın bir parçasıdır.

Onlar fədakarlıq edərkən fədakarlıq etdiklərini ağıllarının ucundan belə keçirmirlər...

Qəhrəmanlığın mükafatı bu gün üçün bəlkə də lazım deyil. Amma tarix üçün, zəfərimizin qiymətləndirilməsi üçün önəmlidir. Qəhrəman Maraş, Şanlı Urfa, Qazi Antep Türkiyə üçün nə deməkdirsə, Qəhrəman Gəncə, Qəhrəman Tərtər də o anlamı, o dəyəri almalıdır.

Siz necə düşünürsünüz?..

Tarix
2020.10.18 / 19:46
Müəllif
Aynur Camalqızı
Şərhlər
Digər xəbərlər

Xankəndidə yaşanan mistika və Əliyevin eyhamı...

Bu gün Xankəndi Paradına Onlar da qatılacaq…

“Xocalı alınsın...” Niyə belə qarğımışdın, Qənirə?

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd artıq bizdədir!

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Mehriban xanımın Laçında dediyi bu söz...

Ad gününü Laçın Gününə qatan Xanım…

Rasim Balayev nəyi “səhv” etdi ki…

Əliyevi əcnəbi jurnalistlərə sevdirən səbəb…

İlham Əliyev bu günü yaddaşımızdan sildi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla