Yuxarı

Buna Qiyamətdə də şahidlik edərəm...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyi Azərbaycan Böyük Vətən müharibəsində 2783 hərbi qulluqçumuzun şəhid olması, 100 nəfərdən artıq hərbi qulluqçumuzun isə itkin düşmüş hesab edilməsi, 1245 hərbi qulluqçumuzun hazırda tibb müəssisələrində müalicə alması barədə rəsmi açıqlama verdi.

Əlbəttə, rəsmi açıqlamada ifadə edildiyi kimi, şəhidlərimizin adları, təvəllüdü, rütbəsi, keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaq - xüsusi komissiya bu istiqamətdə çalışır. İtkinlərimizin tapılması üçün də zəruri təbdirlər görülür. Həkimlərimiz yaralı hərbçilərimizə əlləri, ürəkləri və ruhları ilə - əsl fədakarlıqla xidmət göstərir. Günlərlə iki cəbhədə mübarizə aparan həkimlərimizin əməyi, fədakarlığı da hərbçilərimizin fədakarlığı kimi təsirlidir, həyəcanvericidir və böyük hörmətə layiqdir.

Şəhidlərimiz, yaralılarımız, itkin düşənlərimiz - hər biri bizimçün əzizdir, onların hər birinin ailə üzvlərinin, doğmalarının keçirdiyi hiss-həyəcanı bölüşürük. Əcdadımızın "Kədəri bölüş - azalsın, sevinci bölüş - çoxalsın" müdrik buyrğuna, həyat fəsəfəsinə uyğun olaraq, şəhidlərimizin ruhu qarşısında baş əyir, yaralılarımıza tezliklə sağalmalarını diləyir, itkinlərimizin mümkün olan ən qısa zaman içində tapılması üçün Tanrıya dua edirik!

Mənim onlarla şəhid ailəsi ilə görüşmək fürsətim olub, qazilərimizlə, onların doğmaları ilə danışmışam, görüşmüşəm - bu görüşlərdən sonra xalqımızın böyüklüyünə, vətəndaşımızın dik duruşuna, vətəncanlı olmasına bir daha və qəti şəkildə əmin olmuşam. Mən bu barədə Qiyamətdə də qürurla şahidlik edərəm ki, Azərbaycan xalqı müharibənin bütün ağrı-acısına, itkilərinə baxmayaraq, məhz ədalətli qələbə üçün, tarixi zəfər üçün, xilaskarlıq missiyası üçün canı-qanı ilə, doğmasından, əzizindən əbədi ayrılmasına baxmayaraq, “Vətən sağ olsun!” deyərək iştirak edib!

Silahlı Qüvvələrimizin hər bir mənsubu Vətən müharibəsində fədakarcasına, qəhrəmancasına və inamla döyüşərək işğalçı Ermənistan silahlı qüvvələrinə çox böyük zərbələr vurub, hələ uzun illər dirçələ bilməyəcəyi itkilərə məruz qoyub. Nəzərə alsaq ki, Ermənistan havadarlarının ciddi dəstəyi hesabına, işğal altındakı Azərbaycan torpaqlarında mürəkkəb mühəndis-istehkam, bunker sistemləri qurmuşdu, əksər strateji yüksəkliklər, əlverişli döyüş mövqeləri onların əlində idi və bizim əks-hücumumuz vaxtı düşmən güclü müdafiə olunurdu, o zaman qələbəmizin dəyərini birə-beş yüksək qiymətləndirməliyik. Azərbaycan Ordusu Ermənistan hərbi-siyasi rəhbərliyinin mümkünsüz hesab etdiklərini mümkün edərək, işğalçıları darmadağın edib, "keçilməz" müdafiə xətlərini yarıb və torpağımızı azad edib. Bu planda, əziz Şuşamızın azad edilməsi xüsusi yerə sahibdir - yalnız bizim hərb tariximizə deyil, dünya hərb tarixinə qızıl səhifədə yazılacaq!

Ustad Bəxtiyar Vahabzadə deyirdi:

"İnsan insan olur öz hünəriylə,

Millət millət olur xeyri, şəriylə.

Torpağın bağrına cəsədləriylə,

Azadlıq toxumu əkdi şəhidlər".

44 günlük müharibə örnək milli xüsusiyyətlərimizi, xəlqi keyfiyyətlərimizin yüksək əyarını və "qalib" düşmənin miskinliyini bir daha göstərdi.

Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin bugün imzaladığı sərəncamlarla 8 noyabrın Zəfər Günümüz elan olunması, 4 dekabr, saat 12.00-da respublika ərazisində bir dəqiqəlik sükut elan edilməsi, Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması, eləcə də 10 dekabrda Qələbə Paradının keçirilməsi, dövlətçilik irsimizə, əcdadımızın ruhuna, şəhidlərin, qazilərin canı-qanı hesabına qazanılmış Qələbəmizə verilən yüksək dəyərin təcallasıdır.

DÖVLƏTİMİZ VAR OLSUN!

Tarix
2020.12.03 / 23:47
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Güneydə əfsanəyə çevrilən ad

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla